“DÖVLƏT 33 İL ƏVVƏL, BU GÜN VƏ 33 İL SONRA” - Təşəbbüs vətəndaş platforması

 

Kitabdan hissələr-3

Brejnev mərhələsi- 1964-cü ildən başladı. Xruşşovu saray çevirilişi ilə taxtdan salan Leonid İliç Brejnev SSRİ-nin başına keçdi. Stalin və Xruşşovdan fərqli olaraq Brejnev ali təhsilli idi. Pis-yaxşı institut diplomuna sahib idi. Stalin və Xruşşovdan yarımamış zəhmətkeş Sovet xalqı Brejnevə böyük ümidlə baxırdı. Sovet xalq firavan yaşamaq istəyirdi, əmin-amanlıq istəyirdi və o buna gerçəkdən haqq edirdi. SSRİ-ni quran bu xalq idi. Faşizm üzərində qələbə çalan da bu xalq idi. Dünyanın heç bir toplumu Sovet xalqı qədər mübariz və zəhmətsevər deyildi. Bu xalq səfalət içində yaşadı, məşəqqətlər, sürgünlər, repressiyalar gördü. Buna baxmayaraq, SSRİ-ni dünyanın iki ən qüdrətli dövlətindən birinə çevirməyi bacardı. Sovet xalqı sosializmə inanırdı.
Brejnev SSRİ-nin başına keçəndə orta məktəbin birinci sinifini bitirmişdim. Brejnev dünyasını dəyişəndə bir il idi ki, həkim işləyirdim. Yəni, Brejnev dövrünü uşaqlıqdan ta gənclik illərinin çiçəklənməsi dövrünə qədər yaşadım. 18 il sovet xalqı Brejnevlə yaşadı. 18 il sovet xalqı Brejnevi dinlədi. O, demək olar ki, hər gün qəzetlərin manşetində idi. Hər gün radio-televiziya Brejnevdən danışırdı.
Brejnev mərhələsininin özünü iki hissəyə ayırmaqla onun fəaliyyətinə daha aydın və obyektiv qiymət vermək olar. Birinci hissə 1964-1976-cı il. İkinci hissə 1976-1982-ci illər.
Tarixçilər və politoloqlar 1964-cü ildən 1976-cı ilədək Brejnevin SSRİ-nin qüdrətini artırmaq üçün intensiv çalışdığını qeyd edir. Bu illərdə gerçəkdən sovet vətəndaşlarının həyatında pozitiv dəyişiklər baş verdi. Məhz bu illərdə sovet iqtisadiyyatının inkişaf tempi yüksəldi. Leonid İliç vəzifəyə başlayan kimi fəhlələrin maaşını 90 rubldan 112 rubla qaldırdı. Fəhlələrə Xruşşovun dönəmində səmərəli işinə görə bir qayda olaraq fəxri fərman və fəxri adlar verilirdi. Pul mükafatı isə sadəcə, 5 rubl idi. Brejnev bütün fəhlələrə 13-cü maaş verilməsini qərarlaşdırdı. Müəssisələrə qazancının bir hissəsisni mənzil tikintisinə ayırmaq səlahiyyəti verildi. Mebel, soyuducu, televizor, paltar və digər sənaye-toxuculuq mallarının istehsalı 3 dəfədən çox artdı. Adamlar Xruşşov dönəmində illərlə soyuducu, mebel növbəsinə dayanırdı. Brejnev bu növbələri ləğv etdi. Ən əsası 150 milyondan çox Sovet vətəndaşı pulsuz mənzil aldı.
1965-1970-ci illərdə ideya müəllifi SSRİ Nazirlər Sovetinin Sədri Aleksey Kosıgin olan böyük iqtisadi islahatlara start verildi. Bu beşillikdə sənayedə sıçrayış oldu. 1900 böyük müəssisə, o cümlədən, Tolyattidə avtomobil zavodu tikildi (Jiquli avtomobili). Qiymət siyasəti dəyişdirildi və bir çox başqa ideyalar həyata keçirildi. Uzunluğu 4324 kilometr olan Baykal Amur Magistralının inşasına başlanıldı. Bütövlükdə sənaye istehsalı 50 faiz, kənd təsərrüfatı məhsulları istehsalı isə 21 faiz artdı. Sovet tarixçiləri bu islahat dövrünü haqlı olaraq VIII “qızıl beşillik” adlandırdı. Yeknəsək həyat tərzinə adaptasiyaya məruz qoydu Brejnev sovet xalqını. Radio-televiziyada hər gün səhər və günorta konsertləri, retro kinofilmlər, su qiymətinə olan araq-çaxır sovet adamlarını feyziyyab edirdi.
Lakin belə yüksəliş uzun müddət davam edə bilmədi. Sibirdə zəngin neft yataqlarının kəşfi və istismara verilməsi, eyni zamanda dünyanı bürüyən böyük “enerji böhranı” nəticəsində neftin qiymətindəki kəskin artıma rəğmən ölkə rəhbərliyi islahatlara olan marağnı itirdi. Və bununla da Brejnev hakimiyyətinin ikinci dövrü-durğunluq dövrü start götürdü. 1976-1982-ci illərdə Brejnevin “yorğunluğu” özünü göstərməyə başladı. Xruşşov dönəmində toxumu səpilmiş “rüşvət və saxtakarlıq” çiçəklənməyə başladı. Leonid İliçin iqtisadi islahatlardan üz çevirməsi ölkədə istehsalın azalmasına yol açdı. Bu azalma paralel olaraq saxtakarlıqla-pripiska ilə özünü biruzə verirdi. Kağız üzərindəki qələbə raportları epidemiya şəklində SSRİ-də yayıldı. Eynən xələfi Xruşşov kimi Brejnev də ABŞ-la rəqabət oyununa cəlb olundu. ABŞ-ı ötmək eşqinə silahlanmaya astronomik miqdarda pul xərclənirdi. Texnoloji gerilik onsuz da ABŞ-dan önə keçməyə imkan vermirdi. SSRİ-rəhbərlərinin “birinci olmaq xəstəliyi” Sovet xalqına ağır bədəllər yaşatdı. Elmi əsaslara söykənməyən, yalnız inzibati metodlarla mərkəzdən yönləndirilən iqtisadiyyat tənəzzülə məhkum idi. Artıq 70-ci illərin sonunda SSRİ-nin idarəedilməz vəziyyətə düşdüyü açıq-aşkar görünməyə başladı. Adamlar Kommunist Partiyasının dövləti idarə etməkdə zorlandığını görürdü. Rüşvət ildırım sürəti ilə yayılırdı. Və rüşvət əməliyyatlarının Kommunist Partiyasını rəhbər orqanlarında çalışanlar tərəfindən həyata keçirilməsi nəinki partiyaya, hətta, sosializm sisteminə olan inamı azalması ilə müşaiyət olunmaqdaydı.
Qapalı bir cəmiyyətdə rüşvətin və saxtakarlığın səviyyəsinin zirvəyə qalxması sistemin çürüməsinin əlaməti idi. Məhz o illərdə Sovet İttifaqında dissidentlər və hüquq müdafiəçiləri hərəkatı meydana çıxdı. Sosializm sisteminə və Kommunist partiyasına inamsızlıqğın yaranmasında bu hərəkatlar mühüm rol oynadı.
Leonid İliç Brejnevin xarici siyasətdəki səhvləri SSRİ-nin çöküşündə baçlıca rol oynadı. Brejnev doktrinasının dövriyyəyə girməsi bu səhvlərin ən önəmlisi idi. Bu doktrina “sosializm sisteminə təhlükənin qarşısını almaq” məqsədi ilə SSRİ-yə Varşava Müqaviləsinə daxil olan dövlətlərin daxili işlərinə qarışmaq imkanı verirdi. 1968-ci ildə SSRİ-nin Çexoslavakiyaya qoşun yeritməsi Varşava Müqaviləsində cəm olan sosialist sistemi yolunu seçmiş dövlətlər tərəfindən ciddi narazılıqla qarşılandı. 1975-ci ildə Brejnevin Sovet qoşunlarını Əfqanıstana yeritməsi isə SSRİ-nin və Kommunist partiyasının tam bir faciəsi oldu. Əfqanıstan əməliyyatında SSRİ heç bir qazanc əldə etmədi. Əvəzində SSRİ büdcəsinə çox ciddi zərbə vuruldu. Bundan daha önəmlisi 15 min sovet əsgərinin Əfqanıstanda həlak olması idi. Əfqanıstan nəinki, Leonid İliç Brejnev mərhələsinin, hətta, Sovet ittifaqının sonunun başlanğıcı idi.
M. S. Qorbaçovun siyasi arxivləri açma qəraından sonra bəlli oldu ki, 70-ci illərin sonlarında Brejnevə saxta hesabatlar təqdim olunurdu. O da saxta rəqəmlərə isnad edərək, televiziya ekranlarından xalqa “firavan və xoşbəxt” həyat barədə danışırdı.
L. İ. Brejnev məhz 70-ci illərin sonlarında SSRİ-yə rəhbərlik nəzarətini itrdi. O daha çox təltiflərə və ziyafətlərə meyllənirdi. Kitablar yazırdı. “ Xam torpaq” , “Dirçəliş” və “Kiçik torpaq” trilogiyasına görə Brejnev özünü 1980-ci ilin aprel ayında Ədəbiyyat üzrə Lenin mükafatına layiq gördü. SSRİ-nin başında dayandığı dövrdə Brejnev 4 dəfə Sovet İttifaqı Qəhramanı və 1 dəfə Sosialist Əməyi Qəhrəmanı oldu. Özünü SSRİ-nin ən yüksək ordeni sayılan “Qələbə” ordeni ilə təltif etdi. Yaxsaına 8 ədəd Lenin ordeni sancıldı. Brejnev Çexoslavakiyanın, Bolqarıstanın, və Almaniya Demokratik Respublikasının üçqat qəhrəmanı idi. Ona həm də Vyetnamın, Kubanın, Monqolustanın qəhrəmanı adı verilmişdi. Ümumiyyətlə, Brejnevin yaxasında toplam 114 orden-medal vardı. Bunların 34-ü SSRİ-nin, qalanları xarici dövlətlərinkiydi.
Siyasi uzaqgörənlik iqtidarında olmadığı üçün Leonid İliç Brejnevin eynən Nikita Xruşşov kimi xarici siyasətdə etdiyi gedişlər dolayısı yolla SSRİ-nin zəifləmisində ciddi rol oynadı. Qərb dövlətləri ilə münasibətlərdə SSRİ tamamilə əsassız güzəştlərə getdi. 1 iyul 1968-ci ildə Kreml İngiltərə ilə, sonra isə ABŞ və digər ölkələrlə nüvə silahının yayılmaması haqqında müqavilə imzaladı. Müqaviləni 100 ölkə imzaladı. Bu ölkələrin bəziləri silah satmayacağına, digərləri isə onu istehsal etməyəcəklərinə söz verdilər. Nüvə gücləri olan Fransa və Çin, eləcə də Pakistan, İsrail, Cənubi Afrika və Hindistan kimi ölkələr müqaviləni imzalamadı. SSRİ-nin bu müqaviləyə ehtiyacı yox idi. Müqavilə nüvə silahı olan ölkələrin Amerikanın diktəsindən çıxacağından qorxan ABŞ-a lazım idi. ABŞ-da Sovet İttifaqının tədricən zəiflədilməsi üçün xüsusi plan hazırlanmışdı. Əsas məqsəd, nüvə müharibəsi təhlükəsini neytrallaşdırmaq idi. Buna çatmaq üçün Qərbin ideoliji maşını və Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) başda olmaqla ABŞ müttəfiqlərinin kəşfiyyat orqanlarına külli miqdarda vəsait ayrılırdı. ABŞ-ın analitik mərkəzləri və MKİ SSRİ-nin hərbi sənaye kompleksinin arsenalında olan xüsusi təhlükəli silahların kapitalist sistem üçün böyük təhlükə olduğu barədə hesabatları Vaşinqtona təqdim etmişdi. Moskva ilə birbaşa dialoq ortaya qoyulurdu. Məhz bu hesabata uyğun olaraq Ağ Ev Kreml ilə dialoq siyasətini qəbul etmişdi. Xruşşovla başlanan dialoq Brejnev dönəmində də plana uyğun şəkildə davam edirdi.
1971-ci il sentyabrın 30-da SSRİ ilə ABŞ arasında nüvə müharibəsi riskinin azaldılması tədbirləri haqqında saziş imzalandı. Müqavilədə nüvə silahlarının qorunması üçün bir sıra tədbirlərin həyata keçirilməsini, o cümlədən, SSRİ və ABŞ liderləri arasında birbaşa əlaqə xəttinin təkmilləşdirilməsini nəzərdə tuturdu.
Bundan əvvəl, 1966-cı ilin martında Fransa NATO-dan çıxdı və onun prezidenti Şarl de Qoll SSRİ-yə səfəri zamanı Kremldə xüsusi mehribanlıqla qarşılandı. SSRİ Nazirlər Sovetinin sədri Aleksey Kosıgin Fransaya cavab səfəri etdi. “Düşmınimin düşməni dostumdur!” xətti ilə hərəkət edən SSRİ rəhbərləri yanıldığının fərqində deyildi. Brejnev Fransanı özünə tərəf çəkdiyini zənn edərək, Paris ilə münasibətlərin üst səviyyədə olduğunu dünyaya göstərmək üçün 1971-ci ildə De Qolu əvəz edən prezident J. Pompidu ilə əməkdaşlıq müqaviləsi imzaladı.
De Qollun və Fransanın layihəsi “Avropa Brestdən Urala qədər” idi. Hərbi ekspertlər bu layihənin SSRİ-nin milli maraqlarına zidd olduğunu vurğulayırdı. Ancaq hər zaman olduğu kimi SSRİ-nin Baş Katibləri özlərini daha ağıllı və uzaqgörən sayırdı.
Əslində “Avropa Brestdən Urala qədər” layihəsi Fransa və Şarl De Qollun deyil, 1930-ların sonunda Adolf Hitlerin ortaya qoyduğu layihə idi. Hitler bu layihəninn həyata keçirilməsi üçün 1941-ci ildə Almaniya, Macarıstan, Rumıniya, İtaliya və Finlandiyadan 5,5 milyon ağır silahlı əsgər və zabitin SSRİ sərhədini keçməsinə əmr verdi. Sovet rəhbərləri nədənsə, bunu unutmuşdu.
Sonradan aydın olacaq ki, Fransanın NATO-nu tərk etməsi, Kreml ilə yaxınlaşma gedişləri 15-20 il sonra SSRİ-nin dağılmasına hesablanmış gedişlər olub.
Fransanın bu addımları şübhəsiz ki, ABŞ-ın icazəsi olmadan gerçəkləşə bilməzdi. ABŞ müttəfiqləri ilə birgə SSRİ-nin dağılma planını hissə-hissə həyata keçirirdi. ABŞ və Qərb üçün hərbi gücü zəif olan SSRİ lazım idi. Onlar yalnız iqtisadi parametrlərə görə SSRİ-ni dağıtmağı yetərli saymırdı. Kapitalizmin flaqmanları üçün ən birinci məqsəd SSRİ-nin əlində olan strateji silahları zərərsizləşdirmək idi və ABŞ və müttəfiqləri Baş Katiblərin “yardımı” ilə buna nail oldu...
Sıksəninci illərin əvvəlində artıq dövlət işləri Brejnev üçün arxa plana keçmişdi. Brejnev dəbdəbəli ziyafətlərin azarkeşiydi. Və özünü itirənə qədər araq içirdi. Brejnev dövründə Kremlin aşpazı işləmiş Aleksandr Qluxov belə xatırlayır: “Kremldəki “qızıl ziyafətlərdə” adətən, 2500 adam iştirak edirdi. 13 növ araq çay kimi axırdı. Brejnev özü “Zubrovka” içirdi. Bir qayda olaraq, Brejnev ziyafətin rəsmi hissəsindəki çıxışından sonra bunu deyirdi: Həyat gözəl və heyrətamizdir, əgər əvvəlcə onu (arağı) içsən!” Böyük ziyafətlər arasındakı günlərdə Brejnev Kremldəki yaxınlarını süfrə arxasına toplayırdı. Demək olar ki, hər bir hadisə “ziyafətlə” qeyd olunurdu. Ad günləri, qələbə raportları, uğurlu ov, parad. Hətta, havanın yaxşı olması belə yeyib-içmək üçün bir səbəb idi.
1975-ci ildə keçirdiyi ikinci infarkta rəğmən Kreml həkimləri Brejnevə araq içməyi məsləhət görmürdü. Brejnev isə təyin olunmuş dərmanları belə araqla içirdi və bunu belə izah edirdi ki, araq dərmanın mədədə sorulmasını sürətləndirir.
70-ci illərin məşhur dissiden şairi və müğənnisi Vladimir Vısotskinin arvadı Marina Vlad xatirələrində yazır. “Parisdə sovet səfirliyində “Fransa-SSRİ” dostluq cəmiyyətinin fəalları ilə görüşdən sonra verilən ziyafətdə Brejnev bizim stola yaxınlaşdı. Biz şampan içirdik. Brejnev araq içməyi təklif etdi. Və dedi ki, araq içməyin qaydasını sizə öyrədim. Əvvəl 50 qrqm, sonra 100 qram. Daha sonra 150 qram içmək lazımdır ki, kefin yüksək olsun. O görüşdən xatirə olaraq mənə elektrik samovarı hədiyyə etdi Brejnev. Yanında da iki şüşə “Starka” arağı qoymuşdular...”
Diqqət edin, spirtli içki qəbulunun “qızıl” qaydasını təbliğ edən sıradan bir sovet vətəndaşı deyildi. SSRİ kimi nəhəng dövləti idarə edən Leonid İliç Brejnev idi...
Xruşşov dönəmi ilə müqayisədə 1970-ci illərin ikinci yarısında Qərbin ideoloji maşını tam gücü ilə işləyirdi. Sovet vətəndaşları yeknəsək həyatdan bezməyə başlamışdı. Radio-televiziyada hər gün səhər və günorta konsertləri, retro kinofilmlər, su qiymətinə olan araq-çaxır sovet adamlarını daha feyziyyab etmirdi. Onlar “sosializm maşının yararsız olduğunu və ciddi təmirə ehtiyac duyulduğunu” artıq dərk etməyə başlamışdı.
Adamlar SSRİ-nin gerçəkliklərini qulaqları ilə eşitməkdən yana ABŞ-ın “Azadlıq” radiosunu dinləyirdi. Bu iş texniki baxımdan zor olsa da gecə saatlarında “Azadlıq” radiosunun dalğaları əlçatan idi. “Azadlıq” radiosundan SSRİ haqqında, Brejnevin anormal hərəkətləri haqqında eşidilən hər hansı bir xəbər sürətlə xalq arasında yayılırdı. 50 ildən artıq qapalı həyat tərzində yaşan sovet vətəndaşları obyektiv, dürüst xəbərlərin “acı” idi. Bu xəbərlər “sosializm yuxusundan” adamları oyadırdı. Bu “oyanma” məsaəcə Qərbə daha yaxın olduğundan Baltikyanı müttəfiq respublikalarda daha sürətlə gedirdi. Riqadakı radiozavodun “VEF-202” markalı radiosunun oyanma prosesində olan “xidmətini” də qeyd etmək gərəkdir. Digər radio markalarından fərqli olaraq, “VEF-202” model radioqəbuledicidə “Azadlıq” radiosunun dalğaları daha asan tutulurdu.
Leonud İliç Brejnev mərhələsinin ikinci hissəsində artıq Kommunist Partiyası, Sosializm sistemi və Baş Katiblər barədə siyasi lətifələr sürətlə yayılmağa başladı.
O lətifələrdən biri də belə idi.
Şəhərlərin birində KQB sədrinə məruzə edirlər ki, filankəs divarlara antisovet vərəqlər yapışdırır. “Dərhal tutun” əmrini verir KQB. sədri. Gətirirlər adamı. Sədr əlində çanta olan adamdan soruşur ki, sən antisovet təbliğatı aparırsan. Adam cavab verir ki, bəli mən sovet hakimiyyəti əleyhinə təbliğat aparıram. Sədr qayıdır ki, çıxar vərəqləri qoy stolun üstünə. Adam çantasından bir xeyli vərəq çıxarıb stolun üstünə düzür. Sədr qalxıb vərəqlərə bir-bir baxır. Heç bir yazı-filan yoxdur. Sədr təəccüblə adamın gözlərinin içinə baxaraq, bu vərəqlərdə bir şey yazılmayıb, sən boş vərəqləri divarlara nədən yapışdırırsan. Adam da qayıdır ki, bu ölkədə hamı hər şeyi bilir. Mənim nəsə yazmağıma artıq ehtiyac yoxdur...
70-ci illərin sonu, 80-ci illərin başında gerçəkdən Sovet İttifaqında adamların hər şeydən xəbəri vardı. Sovet xalqı dövlətin partiya funksionerləri tərəfindən talan edildiyini, saxtakarlığın zirvəyə dırmandığını, raykom katiblərinin, kolxiz sədrlərinin, sovxoz direktorlarının, müəssisə rəhbərlərinin hansı yolla varlandığını görürdü.
Kommunist Partiyasının yüksək vəzifə sahibi olan vəzifəliləri SSRİ-ni dağıtmaqla məşğul idi. 15 müttəfiq respublikanın böyük əksəriyyətində vəziyyət eyni idi. Hesabatlar saxtalaşdırılırdı, iqtisadiyyat kağız üzərində manipulyasiyalara məruz qalırdı. Kommunist Partiyası bu cinayətlərin flaqmanı rolunda idi.
Brejnevin dövləti idarə edə bilməməsi göz önündəydi. Adam çoxsaylı xəstəliklərinə rəğmən öz orqanizmini idarə etmək iqtidarında deyildi. Nitqi yerində deyildi, çənəsi əsirdi, hərəkət tarazlığı pozulmuşdu, amneziyası günbəgün şiddətlənirdi. Buna baxmayaraq bu xəstəxal, yarımcan Baş Katibi geyindirib-keçindirib müxtəlif məkanlarda təltif tədbirlərinə aparırdılar. Belə bir tədbir üçün siyahıda Bakı da vardı. Leonid İliç Brejnevin Bakı səfərində yaddaqalan detallardan biri də ona həsr edilən şeir idi. O vaxt Azərbaycan SSR Ali Sovetinin sədr vəzifəsində olan, Sosialist Əməyi Qəhrəmanı Süleyman Rüstəm “Alqış!” şeirində L.İ.Brejnevin Bakıya gəlişini belə vəsf edirdi:

Ey qardaşımız, dostumuz, hörmətli Brejnev,
Sülh cəbhəsinin carçısı, qüdrətli Brejnev!
Bir böylə cəlal görməmişik öz yaşımızdan,
Hey zirvələr aşmaq sözü çıxmır başımızdan,
İlham alırıq səndən, əziz qardaşımızdan,
Gəl, gəl ki, səni vəcdə gəlib, gözləyir ellər,
Saysız qızıl əllərdə yenə tər-təzə güllər!

Gəl, yurduma şöhrət gətirirsən gəlişinlə,
Qəlbində məhəbbət gətirirsən gəlişinlə,
Hər qəlbə hərarət gətirirsən gəlişinlə,
Gəl, gəl ki, əziz yoldaşımız, doğma Brejnev,
Yurdumda açıqdır üzünə hər qapı, hər ev!
Qızı Qalinaya isə Brejnev ümumiyyətlə, nəzarət edə bilmirdi. Leonid İliç Brejnev Moldaviya Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işlərkən, 23 yaşlı Qalina Kişinyov sirkinin akrobatı Yevgeni Milayevə qoşulub evdən qaçdı. 10 il çəkdi bu evlilik. Qalinanın ikinci əri də sirkdə işləyirdi. 18 yaşlı İqor Kioya vuruldu 33 yaşlı Qalina və onunla evdən xəbərsiz qaçıb Soçidə yaşamağa başladı. Leonid İliç onları zorla Moskvaya gətirib Qalinanı işə düzəltdi. İqor Kionun pasportunu dəyişdirdilər. Təzə pasportda kəbin barədə qeyd yazılmadı. Kəbin ləğv olunsa belə Qalina 3 ilə yaxın ikinci əri ilə gizli yaşadı.
Qalina 41 yaşında olarkən bir restoranda Yuri Çurbanovla tanış oldu. Bir həftə sonra Qalina təzə sevgilisini evlərinə dəvət etdi. Leonid İliç qızının eşq macəralarından təngə gəlmişdi və dərhal onların evlənməyinə razılıq verdi. Podpolkovnik Çurbanov bu evlilik sayəsində Daxili işlər nazirinin birinci müavini vəzifəsinə qədər yüksəldi. General-polkovnik rütbəsi verildi ona. Qalinanın bir müddət sonra Çurbanovdan zəhləsi getməyə başladı. Deyirdi ki, bir kişi olaraq onun mahiyyəti familyası ilə tam üst-üstə düşür.
Və şahzadə Qalina məşuq axtarışına çıxdı. İlk məşuqu “Romen” qaraçı teatrının aktyoru Boris Buryatsa oldu. İkinci məşuqu balet artisti Moris Liepa idi. Qalina Sonra eyni vaxtda “Novosti” agentliyinin jurnalistləri-Boris Şirokov və Aleksandr Avdeyevlə eşq macəraları yaşadı. Sonuncu məşuqların adları Brejnevin nəvəsi Viktoriyanın mətbuata verdiyi müsahibədən sonra bəlli olmuşdu.
70-ci illərin sonunda Qalinanın hərəkətləri nəinki SSRİ-də, hətta Qərbdə belə təəccüb doğururdu. SSRİ tarixinin Brejnev dönəmində kiminsə Brejnevə birbaşa və ya dolayısı yolla rüşvət verməsi barədə fakt yoxdur. Qızı Qalinaya isə vəzifə sahibləri çox asan yol tapır, onun brilyant vurğunu olduğunu bilir və öz işlərini Qalina vasitəsi ilə aşırırdılar. SSRİ-nin ən zəngin brilyant kolleksiyasına sahib olanlardan biri idi Qalina Brejneva. Faktiki olaraq SSRİ-nin birtinci xanımı statusunda olan Qalina barəsində DTK-da ciddi kompramatlar toplanmışdı. Nə idi onlar? 1980-ci ilin dekabr ayında yazıçı Aleksey Tolstoyun evinə soyğunçular girdi. Ona məxsus unikal brilyantlar oğurlandı. Az sonra məşhur kino aktrisası Zoya Fyodorovanı evində qətlə yetirib çox miqdarda daş-qaşını apardılar. Cinayətin izləri Qalinaya qədər uzanırdı. Belə ki, onun taxdığı brilyantların bəziləri məhz Tolstoyun arvadının evindən oğurlananların eynisi idi. DTK Aleksey Tolstoyun dul arvadının evindən Fransız kraliçası Mariya Antuanettaya məxsus olduğu iddia edilən brilyantların və aktrisa Zoya Fyodorovanın zinyət əşyalarının qarət edilməsi əmrinin Qalina Brejneva tərəfində verildiyi qənaətinə gəlmişdi...
Ömrünün sonlarında günlərlə Kremlə addım qoymayan Brejnevin ölümünü gözləyirdi Sovet xalqı. Xalq Kommunist Partiyasına və sosializmə sadiq birinin ölkənin başına keçəcəyi ümidi ilə yaşayırdı. Kremldə tam bir tragikomik vəziyyət hakim idi. Nəhayət, Leonid İliç Brejnev öldü. Və onun yerinə DTK Sədri Yuri Vladimiroviç Andropov keçdi.

Andropov mərhələsi
Andropov SSRİ-nin bütün ağrılı nöqtələrini bilirdi. Buna səbəb onun 15 il SSRİ-də Dövlət Təhlükəsizlik Komitəsinə (DTK-KQB) rəhbərlik etməsi idi. Onun ən birinci hədəfi dövləti onu dağıdanlardan xilas etmək oldu. Andropov Kommunist Partiyasının rəhbər strukturlarında “təmizlik” əməliyyatına start verdi. Qısa zaman kəsimində Andropov hökumətin 18 nazirini, 35 vilayətin partiya komitəsinin birinci katibini işdən azad etdi. Kadrların əvəzlənməsindən başqa onun heç bir islahat planı yox idi. Əmək intizamı gücləndirildi. Milisonerlər şəhərdə adamlaı saxlayıb iş yerləri ilə maraqlanırdı. Lakin bunu islahat saymaq olmazdı. Andropov yeganə Baş Katib idi ki, içki içmirdi. Həkimlər ona səhhətindəki ciddi probleml olduğu üçün ona qadağan etmişdi. O, sovet vətəndaşlarının, ələxsüs rusların, belorusların, və ukraynalıların spirtli içkiləri “su kimi” qəbul etdiyinin fərqində idi. Kreml Andropova qədər də alkoqolizmə qarşı mübarizə üçün xüsusi qərarlar qəbul edilsə də, bu qərarlar səmərəsiz qalmışdı. Əvvalaspirtli içki istehsalını saxlamaq olmazdı, bundan dövlət büdcəsi ciddi zərər görəcəkdi. Digər tərəfdən xalq kütləvi şəkildə çıxış yolu kimi “samaqona” keçəcəkdi. Andropov mağazalarda qiyməti 5 rubl 30 qəpik olan arağı 4 rubl 70 qəpiyə endirdi. (O vaxt xalq arasında bu yeni araq “Andropov” arağı adlanırdı.) Eyni zamanda ideoloji mübarizənin intensivliyi artırıldı. İdeoloji mübarizənin səmərə verəcəyinə bel bağladı Andropov. SSRİ-nin bütün əmək kollektivlərində alkoqolizmə qarşı “müharibə” başlandı. Doğrudur, bu mübarizə ilk vaxtlarda səmərə verdi, belə ki, ictimai yerlərdə əyyaşlar gözə dəymirdi, iş yerlərində “keflilər” yox idi və sair. Bu o demək deyildi ki, Sovet xalqı artıq sağlam həyat tərzinə keçmişdi. Spirtli içki vurğunları yenə əvvəlki qaydada içirdi, sadəcə, bunu gizlində edirdilər. Məhz buna görə də alkoqolizmə qarşı mübarizə digər liderrlərin dönəmində olduğu kimi Andropov Baş Katibliyində də gözlənilən nəticəni vermədi...
Andropov inandığı kadrları vəzifə başına gətirməklə SSRİ-ni xilas edəcəyini düşünürdü. Dövlətin kimlər tərəfindən və hansı üsullarla talan edildiyini Andropov çox gözəl bilirdi. Böyük bir yırtıcı ordusu Sovet İttifaqını dağıdırdı. Əksər vəzifə sahibləri oğruya çevrilmişdi. Kadrları inandığı adamlarla əvəzləməklə Andropov vəziyyətin düzələcəyinə ümid edirdi. O, DTK-nın başında dayanarkən, SSRİ-də yüksək vəzifə sahiblərinin iqtisadi cinayətkarlığından tam xəbərdər idi. Onun əlinin altında SSRİ-nin Baş Katib də daxil bütün yüksək vəzifə sahiblərinin kompramat qovluğu vardı. Yerlərdəki DTK şöbələri hər ay Andropova müfəssəl hesabatlar göndərirdi. Onlardan ən mühüm olanını DTK Sədri şəxsən Leonid İliç Brejnevə məruzə edirdi. Baş Katib 80-ci illərin başında əvvəlki illərdən fərqli olaraq dövlətin təhlükəsizliyi üçün fövqəladə əhəmiyyət kəsb edən informasiyaları qulaqardına vurur, istintaq araşdırmalarının aparılmasına icazə vermirdi. O cinayətlərdən bir neçəsi barədə qısa xatırlatma yerinə düşər.
1. “Soçi-Krasnodar işi” və ya “Medunov işi”. 80-ci ilin başında SSRİ hüquq mühafizə orqanları Soçi və Krasnodarda korrupsiyaya və rüşvətlə ilgili cinayət işi başladıldı. Andropov DTK sədr kimi Krasnodar vilayət partiya komitəsinin birinci katibi Sergey Medunovun cinayət əməlləri haqqında Brejnevə məruzə edir. Brejnev Medunovla dost olduğu üçün onun həbsinə qarşı çıxır. Səbəbini isə belə izah etdi ki, Sergey Medunov vilayətdə böyük işlər görüb və onun həbsi Kommunist Partiyasının nüfuzuna zərbə vura bilər. Təsəvvür edin, bu cinayət işi ilə əlaqəli 2000-ə yaxın adam həbs olundu, 5000 nəfər partiyadan qovuldu, vilayət partiya komitəsinin ikinci katibi Lefertova həbsxanasında insultdan öldü, Gelincik şəhərinin partiya komitəsinin birinci katibi izsiz-tozsuz yoxa çıxdı, ictimai iaşə şöbəsinin müdiri güllələndi, Medunova isə töhmət belə verilmədi. Brejnev onu Moskvaya gətirib nazir müavini təyin etdi.
Müttəfiq respublikalarda və vilayətlərdə sosialist əmlakını dağıdanları, rüşvətxorları, korrupsionerləri, saxtakarları Kremldə himayə edən çox ciddi qüvvələr mövcud idi. Nazirlərin və birinci katiblərin əksəriyyəti “ye və yedirt” prinsipi ilə işləyirdi.
Andropovu DTK sədri olarkən dəhşətə gətirən ikinci cinayət Özbəkistanda gerçəkləşən “pambıq cinayəti” idi.
2. “Özbəkistan işi”- SSRİ tarixində ən genişmiqyası cinayət işi idi və bu cinayət L. İ. Brejnev dönəmindən- 1975-ci ildən başlandı. DTK sədri olaraq Andropov bu cinayətlə bağlı bütün detallardan xəbərdar idi. Sadəcə, Kreml hüquq-mühafizə orqanlarına bu cinayət işini araşdırmağa imkan vermirdi. Andropov Brejnevlə görüşüb bu dəhşətli cinayətin çözülməsini təklif etdi. Brejnev razılıq vermədi. Özbəkistanın “sahibi” Şərəf Rəşidovla Leonid İliçin dostluq telləri çox güclü idi. Şərəf Rəşidovun DTK sədri Andropovla isə münasibətlərində gərginliyi Kremldə hər kəs bilirdi. Gərginliyə səbəb ikili söhbətlərdə Andropovun Özbəkistanda pambıq saxtakarlığını Rəşidovun gözünün içinə deməsi idi. Durumu təsəvvür edirsinizmi? Nəhəng bir dövlətin başında dayanan adam müttəfiq respublikanın başında dayanan saxtakarı himayə edirdi. Nə Daxili işlər nazirliyi, nə də, Dövlət Təhlükəsizlik Komitəsi bu cinayət şəbəkəsinə “yaxın durmağa” cəsarət etmirdi. DTK müəyyən etmişdi ki, 1978-ci ildə 1982-ci ilə qədər pambıq istehsalına dair Özbəkistanın hesabatlarında göstərilən rəqəmin 4,5 milyon tonu saxtadır. Yəni, ortalama hər il Özbəkistanda 1,5 milyon ton kağız üzərində pambıq “pripiskası” gerçəkləşirdi. Andropov Brejnevin razılıq vermədiyi işə girişməyin anlamsız olduğunu bildiyi üçün, “Özbəkistan işi”ni seyfə qoymaq qərarına gəldi.
3. “Brilyant işi”. 1950-ci ilin ortalarında Yakutiyada almaz yataqları aşkar olundu. SSRİ Nazirlər Soveti buna rəğmən Smolrnskdə brilyant istehsal edən “Kristal” zavodunu işə saldı. 70-ci illərin sonlarında DTK-ya daxil olan məlumatlarda Smolenskdə “brilyant mafiyasının” mövcudluğu barədə məlumatlar yer alırdı. 1980-ci ildə yazıçı Aleksey Tolstoyun arvadının evinin qarət olunmasından və kino artisti Zoya Fyodorovanın evində qətl edilərək zinyət əşyalarının aparılmasından sonra açılan cinayət işini əvvəlcə SSRİ daxili işlər nazirliyi aparırdı. Cinayətlər tanınmış isimlərlə bağlı olduğundan DTK kənarda qala bilməzdi və Andropov əməkdaşlarını bu işə cəlb edərək istintaqın gedişinə şəxsən özü nəzarət etməyə paşladı. Lakin Daxili işlər naziri Nikolay Şelokov bu cinayət işlərinin araşdırılmasında DTK iştirakını əsla istəmirdi. Andropov Brejnevlə bu cinayətlə bağlı görüşdü və Baş Katibə bildirdi ki, cinayətin izi həm də, Qalinaya qədər gedib çıxır. Dəhşətə gələn Brejnev işin DTK tərəfindən araşdırılmasına razılıq verdi və yaxın münasibətdə olduğu DTK sədrinin müavini Sviqunun araşdırma prosesinə cəlb olunmasını tələb etdi. Sonra DTK istintaqı çox ilginc faktlar aşkarladı. Daxili işlər nazirinin arvadı və Brejnevin qızının bu işlə əlaqəsi olduğu ortaya çıxd...
Bu üç cinayət işinin üçündə də əngəl olan şəxsən Leonid İliç Brejnev idi. Andropov Baş Katib keçdikdən sonra bu cinayətləri təkrar gündəmə gətirdi.
1983-cü ilin əvvəlində Özbəkistana-Şərəf Rəşidova zəng edib pambıqçılıqdakı durumla maraqlandə Andropov.
Şərəf Rəşidov işlərin yolunda getdiyini, qəbul edilən ödəliyin (5.5 milyon ton pambıq) müvəffəqiyyətlə yerinə yetiriləcəyini dedi. O zaman Andropov soruşdu ki, bu 5,5 milyon ton pambığın nə qədəri saxta olacaq. Rəşidov susdu. Və aradan az keçmiş onun pambıq tarlasında ürək tutmasından vəfat etdiyi xəbəri yayıldı. Əslində, Şərəf Rəşidovun intihar etdiyini deyirdilər. Həbs olunacağı təqdirdə Şərəf Rəşidov güllələcəyini gözəl bilirdi. O, özünü vurmaqla Andropova “şans buraxmadı.”
Daxili işlər naziri Nikolay Şelokov və arvadı Svetlana Şelokova da cinayət əməllərinə görə çox ciddi cəza alacaqlarını bilirdi. Andropov Baş Katib olduqdan bir ay sonra N. Şelokovu vəzifəsindən azad etdi. Kompleks yoxlamalar nəticəsində Şelokovun cinayət əməlləri ortaya çıxdı. Onun evindən külli miqdarda antikvar, daş-qaş, unikal rəsm əsərləri tapıldı. Bir neçə bahalı xarici avtomobilinin olduğu aşkarlandı. Nikolay Şelokovun ilk cəzası 15 iyin 1983-cü ildə verildi. O, Kommunist Partiyası Mərkəzi Komitənin üzvlüyündən xaric edildi. Arvadı Svetlana brilyant işindən qurtara bilməyəcəyini anladı və 1983-cü ilin fevralında özünü tapança ilə vurub öldürdü. Nikolay Şelokov Çernenkonun Baş Katibliyində ( 6 dekabr 1984) Kommunist partiyası sıralarından qovuldu. 12 dekabr 1984-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Nikolay Şelokov ordu generalı hərbi rütbəsindən məhrum edildi və dövlət təltifləri əlindən alındı. Bu qərardan bir gün sonra keçmiş daxili işlər naziri tapançanı gicgahına dayayıb tətiyi çəkdi.
Andropov Brejnevin qızı Qalinaya toxunmadı. Qalina tam deqrodasiyaya məruz qalmış və artıq əyyaşa çevrilmişdi. Qalinanın əri olmuş Çurbanova da ağır cəza vermədi Andropov. Sadəcə, onun “pambıq işi”ndə cinayəti isbatlandıqdan sonra paqonlarını söküb, təltiflərini geri alıb həbsxanaya göndərdilər...
Əmək intizamı, alkoqolizmə qarşı ideoloji savaş elanı və sosialist əmlakına dağıdanlara qarşı mübarizə ilə SSRİ-nin xilas olmayacağını anlayırdı Andropov. Nədən ki, dövlətin təməlini söküb-dağıdan “yırtıcı canavarlar” ordusu formalaşmışdı ölkədə.
Sərt inzibati tədbirlər, həbsxanalar, hətta ölüm hökmü belə saxtakarlığın, rüşvətin və korrupsiyanın qarşısını ala bilmirdi. Və ala bilməzdi də. Çünki, dövləti xalq yox, dövlətin başında dayananlar məhvə aparırdı. Bütün cinayətlərin- korrupsiyanın, rüşvətin və saxtakarlığın başında dayanan sıravi sovet vətəndaşları deyildi, nazirlər idi, müttəfiq respublikaların başında dayananlar idi, katiblər idi, rəislər idi, sədrlər idi, prokurorlar, bir sözlə, dövləti idarə edənlər idi. Məhz bu yırtıcı ordusuna rəğmən iqtisadiyyatı dirçəltmək mümkün deyildi. Ölkədə “kölgə iqtisadiyyatı” günbəgün çiçəklənirdi. Ayrı-ayrı partiya bosslarına məxsus gizlin sexlər, zavodlar və fabriklər fəaliyyət göstərirdi. Bir tərəfdən səmərəsiz iqtisadiyyat, digər tərəfdən ABŞ və Qərblə soyuq savaşa, sosialist düşərgəsinin üzvü olan dövlətlərə və kommunist ideologiyası naminə inkişaf etməkdə olan onlarla dövlətə ayrılan “kommunist” yardımı sosial siyasəti arxa plana keçirmişdi. Dövlət büdcəsinin haradasa dörddə biri bu istiqamətlərə sərf olunurdu.
Andropov SSRİ-ni xilas etməyin çox zor bir iş olduğunu anlayırdı. O. Əfqanıstandan sovet quşunlarını geri çəkmək, Şərqi Avropadakı sosialist ölkələrində Kremlin yerləşdirdiyi raketləri götürmək fikrində idi. Sosialist ölkələrinə yardımı azaltmağı düşünürdü. Bütün bunlara sərf olunan vəsaiti iqtisadiyyatın inkişafına sosial sferaya yönəltmək istəyirdi. Bütün bunlar bir arzu olaraq 15 aylıq Baş Katibliyinin 6 ayını xəstəxanada keçirən Andropovun ( onu Kreml xəstəxanasında süni böyrək cihazına qoşmuşdular. Xəstəxana palatasında işləmək üçün şərait yaradılmışdı. Və o dövləti palatadan idarə edirdi) gözündə qaldı. 1980-Cİ İLLƏRİN ƏVVƏLİNDƏ ARTIQ SSRİ-DƏ DAĞILMA PROSESİ BAŞLANMIŞDI. Sovet xalqı eynən Stalin, Xruşşov və Brejnev dövründə olduğu kimi iqtisadi problemlərdən əziyyət çəkirdi. Adamlar xəstə Andropovdan dövlətin xilasını gözləyirdi.
Bu cinayət orrdusuna qarşı müharibə etmək gərək idi. Bu müharibəni on illərlə qapalı rejimdə yaşayan xalq etmək gücündə deyildi. Xalq bu müharibəni Baş Katibin edəcəyinə ümid edirdi. Andropovun bəlkə də bu “müharibəni” edəcəkdi. Ancaq bir insan olaraq gücü çatmırdı. O sağalmaz xəstə idi. Xəstəxanadan da SSRİ kimi bir dövləti idarə etmək qeyri-mümkün idi. 1984-cü ilin fevral ayının 9-da SSRİ-nin Andropov dönəmi bitdi. Yerinə isə ondan da betər xəstə olan Konstantin Ustinoviç Çernenko keçdi.
Qorbaçov mərhələsi- Mixail Qorbaçov Yuri Andropovun yerinə keçməliydi. Cümlə sovet vətəndaşları bunu gözləyirdi. Ancaq Konstantin Çernenko buna əngəl oldu. K. Çernenkonun ilk çıxışını televizordan izləyənlər onun hakimiyyətinin çox davam etməyəcəyini deyirdi. K. Çernenkonun SSRİ çapında bir dövlətin başına keçməsi həm ölkə daxilində, həm də xaricdə ironiya ilə qarşılandı...

Demokratikmusavat.com

0.20530200004578