"Gələcəyin təhsili" adlı Beynəlxalq konfransda ölkəmiz təmsil olunub

 

ADPU-nun dosenti İlham Əhmədov RF ÇR "Qroznıy Dövlət Neft Texnologiya Universiteti"nin (QDNTU) dəvəti ilə (23.09.2024-29.09.2024) həmin təhsil ocağında ezamiyyədə olub. O, səfər müddətində (28-29 sentyabr tarixlərdə) RF Rusiya Təhsil Akademiyası (RTA) və QDNTU təşkilatçılığı ilə keçirilən "Gələcəyin təhsili" adlı 5-ci Beynəlxalq konfransda iştirak edərək, plenar iclasda geniş  məruzə ilə çıxış edib.
Tədqiqatçı müəllim keçən il də bu universitetə dəvət edilmişdi və "Gələcəyin təhsili" adlı 4-cü Beynəlxalq konfransda da plenar məruzəçi kimi iştirak etmişdi.

Konfransda RF RTA prezidenti O. Vasilyevanın göndərdiyi təbrik məktubu oxu RF RTA-nın həqiqi üzvü, İ.V.Robertin "Gələcəyin təhsilində süni intellektin rolu" adlı məruzəsi dinlənilib. 

Qeyd edək ki, həmyerlimiz plenar iclasda "Gələcəyin təhsilinə təsir edən tendensiyalar" adlı məruzə ilə də çıxış edib. 

Daha sonra konfransın işində iştirak edən ÇR ETN nazir müavini -prof. Sübhacıyev Məhəmmədəli, QDNTU rektoru, prof. Mintsayev Məhəmməd və prorektor, prof. Heyrəbəyov İbrahim məruzəçiyə suallar verərək, məruzə ətrafında geniş müzakirə aparıblar.  Konfransın bölmə iclaslarında Belarusiya, Özbəkstan, Ermənistan və RF -nın müxtəlif universitetlərindən olan alimlərin məruzələri dinlənilib.

Gələcəyin təhsili bu gün aktual tədqiqat mövzusudur. Bu problem çox ölkələrdə tədqiq edilir.

Dosent İlham Əhmədov bildirir ki, son 15 ildə 30 dəfə xaricdə keçirilən konfranslarda plenar məruzəçi kimi iştirak edib və hər dəfə də ezamiyyə pulunu dəvət edən tərəf ödəyib.

"Çox təəssüf ki, bizdə alimlərin xaricə səfərini nə ATM, nə də ETN maliyyələşdirmir. İl ərzində hər dəfə 4-5 dəvət alsa da, 1 və ya 2 dəvətdən faydalana bilir, çünki, digər səfərlərə öz hesabına getmək lazım olur, bunu isə ATM-nin verdiyi cüzi maaşla etmək mümkün olmur. Eyni zamanda, elm və təhlin inkiaşfına faydası olmayan çoxsaylı səfərlərə nazirlik və ATM külli miqdarda maliyyə xərcləyirlər. Bu məsələlərdə bir nizam, qayda-qanun yaratmağın çoxdan vaxtı çatmışdır".

Tədqiqatçı təhsil forsaytı problemləri ilə də 15 ildən artıqdır ki, məşğul olduğunu bildirir.

"Bu müddətdə qlobal təhsilin gələcəyi ilə əlaqəli verdiyimiz bəzi pozitiv proqnozlar, eləcə də milli təhsilimizin "inkişafı" ilə əlaqəli verdiyimiz çoxsaylı neqativ proqnozlar tam doğru olub. Çox istərdik ki, milli təhsilimizə dair də pozitiv proqnozlar verək və onlar da reallaşsın. Amma təhsil məmurlarının qeyri səriştəliyi və illər ərzində etdikləri çoxsaylı səhvlər silsiləsi, yaxşı nə isə gözləməyə ümid vermir. Ən pisi isə verdiyimiz təkliflər də heç onlara çatmır. Heç biri nəzərə alınmır. Sanki, qlobal təhsil də, milli təhsil də öz proqramı üzrə fəaliyyətdədir. Biri tərəqqiyə, işıq gələn tərəfə, biri tənəzzülə, qaranlığa doğru".

Şahnaz Salehqızı

Demokratikmusavat.com 

0.18756604194641