Stalinin Yaltadakı sarayını istəyən Çörçillə cavabı

 

Ən yeni tarix. Maraqlı faktlar.

Stalinin Yaltadakı sarayı istəyən Çörçillə cavabı – düyülmüş yumruq və baş barmaq.

“Hər zarafatda bir həqiqiət var” deyimi siyasətçilər üçün daha uyğun gəlir. Yəqin elə məqamlar olur ki, siyasi liderlər gərginlikdən qaçmaq üçün qarşı tərəfə fikirlərini zarafatyana çatdırırlar.
Dövlət başçılarının fəaliyyəti nə qədər gərgin olsa da, siyasi liderlər sıravi insanlar kimi zarafat etməkdən, yumor hissindən məhrum deyillər. Sadəcə, fərq ondandır ki, siyasətçilərin zarafatlarının arxasında bəzən böyük mətləblər dayanır.
Dünyanın ən çox öyrənilən 100 şəxsi siyahısında yer alan İosif Stalin, Franklin Ruzvelt, Uinston Çörçill arasında da ən gərgin məqamlarda belə, II dünya müharibəsi dövründə görüşlər, danışıqlar zarafatsız ötüşməyib.
Xüsusilə, yüksək intellektə, güclü yumor hissinə malik, hazırcavablığı ilə fərqlənən Çörçill zarafata, siyasi atmacalara daha çox meylli olub. Elə son dərəcə təmkinli olan Ruzvelt də bəzi hallarda gərginlik yaratmamaq üçün hansısa bir məsələyə münasibətini zarafatla bildirib.
Müharibə dövründə müttəfiq olsalar da, siyasi baxışları fərqli olan bu üç nəhəng siyasətçi arasında münasibət balansı ikinin birə qarşı olub. Ruzvelt və Çörçill bir çox məsələlərdə Stalini üstələmək istəyiblər. Amma çəkməçi oğlu Stalin zəngin ailələrdə böyüyən həmkarlarına özünəməxsus tərzdə cavab verməyi bacarıb.
Bu cür hadisələrdən və Stalinin həmkarlarına qeyri-adi cavablarından biri də 1945-ci ilin fevral ayında Yaltada keçirilən konfransda baş verib.
Yalta konfransında Almaniyanın danışıqsız təslim olması, ərazisinin işğal edilməsi, Almaniyanın təzminat ödəməsi, Avropada sərhədlərin yenidən müəyyənləşdirilməsi və digər məsələlər müzakirə olunub.
Yalta konfransı 1945-ci ilin 4-11 fevral tarixlərində Yaltanın Livadiya sarayında keçirilib. Qeyd edək ki, bu saray 1911-ci ildə Rusiya çarı II Nikolay tərəfindən yay evi kimi tikilib.
Zəngin arxitekturası, rahatlığı, göz oxşayan məkanda yerləşməsi ilə Livadiya sarayı Ruzveltin və Çörçillin hədsiz dərəcədə xoşuna gəlib və onlar bu saray haqqında yüksək fikirlərini Stalinə də bildiriblər.
Konfrans zamanı hər üç ölkənin nümayəndə heyəti birgə çalışsalar da, iclaslardan sonra böyük üçlüyün ziyafətləri, istirahətləri ayrı olub. Bu zaman onların yanında yalnız tərcüməçilər iştirak edib.
Ümumiyyətlə, konfrans ərəfəsində hər üç dövlət başçısının siyasi əhvalı yüksək olub, müzakirə edilən məsələlərdə onlar qarşılıqlı güzəştlərlə getməyə çalışıblar və sözsüz ki, nəhəng siyasisətçilərin görüşü zarafatsız da ötüşməyib.
Danışıqlarda iştirak edən Stalinin tərcüməçisi Vladimir Pavlov sonralar öz memuarlarında liderlərin zarafatları haqqında təəssüratlarını aşağıdakı kimi bölüşüb:
“Yalta konfransında görünən o idi ki, dövlət başçılarında gərginlik hiss olunmurdu. Bəlkə də hər bir siyasi liderin daxilində bir gərginlik yaşanırdı, amma hər halda onlar bunu biruzə vermirdilər.
Əksinə, münasibətlərin daha mehriban olması üçün zarafat eməyi də unutmurdular.
Yalta konfransı zamanı axşam ziyafətlərinin birində böyük üçlük bir masanın arxasında əyləşmişdi.
Bu ziyafətdə onlardan başqa yalnız tərcüməçilər iştirak edirdi. Masanın üstünə təamlar yenicə düzülmüşdü ki Çörçill Stalinə müraciət etdi:
- Deyirlər, gürcülərdə belə bir ənənə var, onlar əziz qonaqlarına onun ən çox xoşuna gəldiyi şeyi hədiyyə verirlər.
Stalin başı tərpətməklə Çörçillin fikrini təsdiqlədi. Britaniyalı siyasətçi isə danışmağa davam etdi:
- Mən bu ənənəyə söykənərək sizdən Livadiya sarayını hədiyyə kimi istəyə bilərəm?
Stalin bu dəfə əyləşdiyi kürsüdə yerini rahatlayaraq cavab verdi:
- Əlbəttə, istəyə bilərsiniz. Amma bunu üçün mənim adi bir sualıma cavab verməlisiniz.
- Buyurun, - deyə Çörçill onun sualına cavab verməyə hazır olduğunu bildirdi.
Stalin yumruğunu sıxaraq yalnız üç barmağını, baş, şəhadət və orta barmağını açıq qoydu və soruşdu:
- Bunların arasında ortaq barmaq hansıdır?
Çörçill dərhal orta barmağı göstərdi. Bu barmaq həqiqətəndə əl açıq olduğu halda orta barmaq sayılırdı. Bu məqamda Ruzvelt də söhbətə müdaxilə etdi.
ABŞ prezidenti Stalinin açıq saxladığı üç barmaq arasında ortada yerləşəni, şəhadət barmağını göstərdi. Stalin gülümsəyərək başını yellədi:
- Yox heç biriniz düzgün tapmadınız. Orta barmaq, bax, budur.
O, bu sözləri deyib baş barmağını şəhadət və orta barmağın arasına qoyub Çörçilə göstərdi:
- Baxın, bu da sualın və sizin arzunuzun cavabı...”
Əslində Stalin biədəb sayılan barmaq jestini Çörçilə və Ruzveltə göstərməklə həmkarlarının Avropada arzuladığı ərazi iddialarına cavab verib.
Tarixdə bəzi hadisələr tez-tez təkrarlanır. Əl jestləri dəyişsə də, cavab və məzmun dəyişmir. Necə ki, Azərbaycan “DƏMİR YUMRUQ”la Ermənistanın cavabını verdi...

Demokratikmusavat.com 

0.17390704154968