Gürcüstan Baş naziri İrakli Kobaxidze ABŞ Prezidenti Co Baydenin rəsmi qəbuluna dəvət edilənlərin siyahısından çıxarılmasına münasibət bildirib.
Demokratikmusavat.com APA-ya istinadən xəbər verir ki, hökumət başçısı jurnalistlərə açıqlamasında ABŞ administrasiyasının bu addımının qeyri-ciddi olduğunu və müxalifəti dəstəkləmək məqsədi daşıdığını qeyd edib.
"Mən bu barədə xüsusi şərh verə bilmirəm. Bu qeyri-ciddidir, onlar üç gün əvvəl dəvət göndərdilər və daha sonra bunu ləğv etdilər. Bu bir növ müxalifətin xeyrinə atılmış humanitar addımdır, baxmayaraq ki, bunun müxalifət üçün də praktiki effekti olmayacaq. Bu mövzuda əlavə şərh vermək mənim üçün çətin olacaq", - Kobaxidze deyib.
Qeyd edək ki, İrakli Kobaxidze ABŞ Prezidentinin BMT Baş Assambleyasında iştirak edən dünya liderləri üçün təşkil etdiyi ənənəvi qəbula dəvət edilib, lakin dəvət daha sonra Ağ Ev tərəfindən ləğv edilib.
"Amerikanın Səsi"nin məlumatına görə ABŞ Prezidentinin administrasiyası eyni zamanda Gürcüstan nümayəndə heyəti ilə nəzərdə tutulmuş bütün görüşləri də ləğv edib. Nəşr Ağ Evin bu qərarını Gürcüstanda "xarici agentlər" qanununun qəbul edilməsi, həmçinin QHT-lərə münasibət, Qərb əleyhinə ritorika ilə əlaqələndirib.