Məmməd Talıblı: Ölkəmizdəki insanların 
təbiəti 

 

Ölkəmizdə insanların davranış və düşüncələrini mən əsasən 2 qrupa ayırardım.
Birinci qrup insanlar sovet davranışı olan və ya o streotipin təsirindən hələ də çıxa bilməyən insanlardır. Bu qrup insanlar hazırda əsasən düşüncə və davranış tərzlərinin eyniləşdirilməyə çalışıldığı totalitar sistemdə darıxmırlar. Onlar zəngin ailənin övladlarının cəmiyyətdə əbədi söz sahibi olmasına normal yanaşırlar. Onlar aristokratiyanı (köklülər), meritokratiyanı (ləyaqətli olanları), demokratiyanı (xalqın), etnokratiyanı (etnik qrupun), teokratiyanın(dindarların) deyil, məhz timokratiyanın (zəngin və varlı olanların) mövcudluqlarını qəbul edirlər.
Formal seçkilərin olmasına təəcüblənmirlər. Kolxozçuların və sovxozçuların deputat təyin edilməsinə təəcüblənmədikləri kimi siyavuşların, fəzaillərin də yenidən adlarının siyahıya yenidən yazdırmasına laqeyd yanaşırlar. Onlara elə gəlir ki, belə bir bomboz həyatı yaşamaq böyük nemətdir. Halbuki bu cür sürünmək, bioloji mövcudluq halıdır. Sürünmək, günü-günə calayaraq illəri uzadıb ömür adlı həyat filmi quraşdırmaqdır.
Onlar yay tətillərini heç bir ölkə də keçirə bilmədiklərinə görə narahat olmurlar. İşsiz qalmalarına, yoxsul yaşamalarına bir alın yazısı kimi baxırlar. Onlar düşdükləri duruma və haqq etməyərək yaşadıqları həyata idarəetmənin toxunmaqdıqların dərk etmirlər. Onlara çatmalı olduqları paylarının oğurlanmasına görə etiraz bildirmək “dikbaşlığını” üzüyola ipək kimi insan olmaqla əvəzləşdiriblər.
Çünki arzuları kasıbdır. Və heç vaxt xoşbəxt olmanın dadın bilməyiblər. Ona görə də xoşbəxt olmağa çalışmırlar, onun resepti haqqında da düşünmürlər və ya düşünə bilmirlər. Belə düşüncəyə malik insanların təşkil etdikləri toplumu idarəetmək çox asandır. Çünki onlar tox və düşüncəli toplumun tələbi ilə yaşamırlar.
“Az aşım, ağrımaz başım” düşüncəsi ilə Azərbaycan adlı yerdə var-gəl edirlər.

İkinci qrup insanlar isə totalitar sistem əlamətlərinə görə bu məmləkətdə çox darıxırlar. Aşılanmış kütləvi siyasi zövqü (apolitik cəmiyyət illuziyası, eyni ideoloji qəlibə özünü uyğunlaşdırmaq) özlərinə yaxın bilmirlər. Demokratiya və azadlıqların dünyəvi bir dəyər olaraq nə olduğunun anlayırlar. Bu dəyərlərin olmadığı cəmiyyətdə bu nəsil daxilən sıxıntı və üzüntü içərisindədirlər.
Hər keçən yalançı parlament seçkilərinin nəticələrinə görə dərin köks ötürərək “bu beş il də xalqın taleyindən beləcə oğrulandı” deyə bilirlər. Allah-təala onlara özünə hörmət, ictimai mənafeyə vicdanlı yanaşma nemətini bəxş etdikləri üçün onlar daxilən optimizm ovqatından ayrıla bilmirlər. Bu qrup insanlar bio-fizioloji varlıq olaraq yox, sosial varlıq olaraq mövcuddurlar. Məhz o cür ideoloji dəyərlərə görə vardırlar və mücadilə verməkdən bir addım belə çəkinmirlər. Bu yola və yolda həyatlarını “uf” demədən xərcləyirlər. Onlar çox qiymətlidirlər.
Bu qrup insanlar ölkənin demokratik və azad görmək düşüncəsinə sahibdirlər. Gözəl yaşanacaq ölkənin nə olduğunu bilirlər. Sosial rifah dövlətinin necə qurulacağını dərk edirlər.
Hüquqi dövlətdə yaşamağın necə böyük bir nemət olduğunu anlayırlar. Onlar bazar iqtisadiyyatının olmadığı bir cəmiyyəti sosializmin tör-töküntüsündən başqa heç nə olmadığının fərqində olduqları üçün bazar iqtisadiyyatını bazardan da fərqli bir anlayış olduğunu dərk edirlər.
Bu qrup insanların ölkənin gələcəyi üçün düşünmə və bu prosesdə rol almaq missiyasından ayrıla bilmirlər. Çünki azadlıq sevdalısıdırlar, demokratiya yolçularıdır. Bizim cəmiyyətin qiymətli insanları laqeyd çoxluq deyil, idealist azlıqdır. Dünya ta qədimdən bu cür aristokratik azalığın çiyinləri üzərindən bu günümüzə gəlib çatıb.
Cəmiyyətimizin bu qrup insanlarına salam olsun.

(29. 08. 2024)

Demokratikmusavat.com 

0.15449619293213