Qan xəstəsi olan uşaqların valideynlərindən alınan bir milyon manatı kim “yeyib”?

 

Sabah, iyulun 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova ilə Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.
Musavat.com xəbər verir ki, hakim qarşısına çıxarılan müttəhimlər talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış vəsaitləri dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunurlar.
Proses hakim Azad Məcidovun sədrliyi ilə keçirilir.
Ötən prosesdə Aysel Məmmədovanın ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub. A.Məmmədovanın ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmədəki ifadəsi arasında kəskin ziddiyyətlər olub.
Aysel Məmmədova ilk ifadəsində bildirib ki, zərərçəkmiş Zeynəb Qasımovdan 25 min manatı gözəllik salonunda alıb və “Çinar Plaza”da Nuridə Seyidovaya verib:
“Həmin vaxt Nuridə də pulun üstünə 5 min manat qoyub və 30 min manatı mənə verdi ki, Mərkəzi Klinik Mərkəzə köçürüm. Mən də həmin pulu xəstənin əməliyyat olunması üçün mərkəzə köçürdüm”.
Aysel Məmmədovanın sözlərinə görə, zərərçəkmiş Nərgiz Mahmudova ilə Şəbnəm adlı şəxs vasitəsilə tanış olub və Nərgiz Mahmudovadan 9 min manat alaraq Toğrula verib:
“Toğrul da pulu saydı, düz olduğunu dedi. Bundan sonra Nuridə dedi ki, həmin 9 min manatdan 1000 manatı Şəbnəmə verək. Mən də 1000 manatı Şəbnəmə verdim. Qalan pul Nuridənin siyirtməsində qaldı”.
Məhkəmədə Aysel Məmmədova bu ifadəsini təsdiqləməyib. Bildirib ki, ona ifadəsini imzalamaq tapşırılıb, o da imzalayıb. Hakim niyə görə ifadəsini imzaladığını soruşub. Aysel Məmmədova deyib ki, ona işdə şahid qismində qalacağına dair söz veriblər, buna görə də belə bir ifadəsinə imza edib.
Daha sonra Aysel Məmmədovanın digər ifadəsi elan edilib. O, həmin ifadəsini də təsdiqləməyib. Hakim Nuridə Seyidovaya sərbəst ifadə verməyi təklif edib. Nuridə Seyidova hazırda səhhəti ilə bağlı ifadə verə bilməyəcəyini deyib. Bildirib ki, özünü yaxşı hiss etmir. O, xəstə olduğunu deyib.
Hakimin təqsirləndirilən şəxsin sərbəst ifadə vermək istəməməsinə münasibəti belə olub:
“Pulları alıb sayanda xəstəliyiniz yadınıza düşmürdü. İndi burada deyirsiz ki, xəstəsiz. Yüz minlərlə pulları camaatdan alanda, sayanda özünüzü xəstə bilmirdiniz. Bəs indi nə oldu?”
Nuridə Seyidova növbəti prosesdə ifadə verəcəyini bildirib. Hakim Nuridə Seyidovanın ifadə verməyəcəyi təqdirdə onun istintaqdakı ifadələrinin məhkəmədə elan olunacağını deyib.
Təqsirləndirilən Aynur Bayramovanın vəkili deyib ki, müdafiə etdiyi şəxsin səhhəti ağırdır:
“Bu işə vicdanla münasibət bildirin. Aynur Bayramova ölümə tərk edilib”.
Zərərçəkən Sahid Mövsümov məhkəmənin diqqətinə çatdırıb ki, təqsirləndirilən şəxslərin pullarını aldıqları uşaqlardan üçü artıq vəfat edib:
“Talassemiya xəstəsi olan Vilayətin valideynindən 25 min dollar almışdılar. O uşaq da vəfat etdi. Həmin uşağın atası da öldü. İndi bunlar özlərini burada xəstəliyə vurublar. Allaha and olsun bu adamlar məndən pul alanda sap-sağlam idilər. İndi özlərini artistliyə vurublar”.
İttihama görə, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra ötən ilin fevralında cinayət işi başlanılıb.
Müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib. Qeyd olunub ki, övladı qan xəstəliyindən əziyyət çəkən bir neçə valideyn Nuridə Seyidovaya ümumulikdə 67 min dollar veriblər. Nuridə Seyidova valideynlərə söz verib ki, sənədlər hazırlanandan sonra azyaşlı xəstələri Türkiyənin Antalya şəhərindəki “Antalya Medical Park” hospitala yollayacaq. Pulu alsa da, vədinə əməl etməyib. Bundan başqa, Nuridə Seyidova yalandan bildirib ki, Şəkinin Cumakənd kənd sakini Vüqar İsayevin talassemiyadan əziyyət çəkən qızı Gülbər İsayevanın ilik transplantasiyası üçün tələb olunan laborator müayinələr, donor xərci, cərrahi əməliyyat və digər xərcləri qarşılamaq üçün tələb olunan pulu sponsorlar ödəyəcəkdilər. Guya əməliyyata 70 min dollar tələb olunub, onun da 20 min dollarını “Çinar Plaza”da ofisdə Nuridə Seyidova ondan alıb, qalan məbləği isə yardım olaraq xaricdəki donor təşkilatların ödəyəcəyinə vəd edib. Sonra zərərçəkmişə məlum olub ki, ortada nə donor var, nə bir şey.
Digər zərərçəkmiş Tural Nəsmiyev iki azyaşlı övladının müalicəsi üçün 2022-ci ilin mayında Nuridə Seyidovaya 35 min dollar verib. Nuridə Seyidova onun övladlarının Türkiyənin Samsun şəhərində müalicə olunacağını bildirib. Həmin ilin oktyabrında Türkiyəyə gedib xəstəxanada gözləməyi tapşırıb. Tural Nəsmiyev 3 aydan çox həmin xəstəxanada qalsa da, nə donor, nə də əməliyyat olub. Hər dəfə Nuridə Seyidovayla əlaqə saxlayanda sonuncu ona səbrli olmağı məsləhət görüb.Nəhayət, aldadıldığını başa düşən Tural Nəsmiyev Türkiyədə aylar ərzində xərclədiyi 8 min manat ziyanla geri dönüb.
İttiham aktında göstərilib ki, Nuridə Seyidova vətəndaşlardan pulları əsasən “Çinar Plaza”dakı ofisdə alıb. İstintaq zərərçəkən kimi 36 nəfəri müəyyən edib. Bunlar azyaşlı övladları talassemiyadan əziyyət çəkənlərdir. Dəstə üzvləri zərərçəkmişlər Ceyran Musayeva və Elman Nuriyevdən 20 min 400 manat, Məsumə Hacıyeva, Ömər Məmmədov və Sahid Mövsümovdan 17 min, Mənsur Qarayev, Natiq Qubatov və Elnur İsbəndiyarovdan 25 min 500 manat, Kəmalə Muliyeva, Nüşabə Məmmədova, Taleh Hacıməmmədov, Şahbacı İsayeva, Xəyal İlmanovdan 34 min manat məbləğində vəsait alaraq dələduzluq ediblər.
Nuridə Seyidova öz qulluq mövqeyindən istifadə etməklə Elxan Əliyevdən 12 min 745 manat və Rasim Cavadovdan 25 min 500 manat alaraq onların övladlarının Türkiyədə əməliyyat olunmasına köməklik göstərəcəyi ilə bağlı yalan vəd verib. Daha sonra Nuridə Seyidova digər təqsirləndirilən Aysel Məmmədova ilə qabaqcadan əlbir olub, Tural Nəsmiyevdən 59 min 500 manat, Zeynəb Cəlilovadan 25 min manat, Kamil Əhmədovdan 23 min manat, Ramin Dadaşovdan 51 min manat, Xəyal İsayevdən 51 min manat, Lamiyə Hüseynovadan 20 min 50 manat, Nərgiz Mahmudovadan 9 min manat, Elnarə Xanmirzəyevadan 25 min manat, Sevinc Səmədovadan 22 min 500 manat, Elvin Fətəliyevdən 25 min manat alıb.
O da müəyyən edilib ki, Nuridə Seyidova tanışı Aysel Bayramova ilə əlbir olaraq, Aynur Orucova, Solmaz Eyvazova və Vüqar Eminovdan 25 min 500, Laura Həsənovadan 51 min, Günay Ağayevadan 25 min, Aytəkin İsayevadan 19 min, Elnaz Hacıyevadan 5 min, Faiq Nəcəfovdan 5 min 100 manat məbləğində pul alıb. Övadları xəstəlikdən əziyyət çəkən zərərçəkmişlər – Sevinc Səmədova, Faiq Nəcəfov, Elnur İsbəndiyarov, Xəyal İlmanov, Kəmalə Muliyeva, Elman Nuriyev, Taleh Hacıməmmədov, Elvin Fətəliyev, Ceyran Musayeva, Mənsumə Hacıyeva, Solmaz Eyvazova, Nüşabə Məmmədova, Mənsur Qarayev, Lamiyə Hüseynova, Sahid Mövsümov, Aysel Abdullayeva, Tural Nəsmiyev, Vüqar İsayev, Elnarə Xanmirzəyeva, Kamil Əhmədov, Elnaz Hacıyeva, Vüqar Eminov, Aytəkin İsayeva, Ramin Dadaşov, Aynur Orucova, Zeynəb Cəlilova, Günay Ağayeva, Ömər Məmmədov, Xəyal İsayev, Laura Həsənova, Rasim Cavadov, Nərgiz Mahmudova, Natiq Qubatov, Şahbacı İsayeva, Ramin İsmayılov və Elxan Əliyevdir.

0.15891194343567