Avropa çempionatında 9 medal qazanan gənc güləşçilər vətənə qayıdıblar

 

Serbiyada keçirilmiş U-17 Avropa çempionatının birincisi olan Azərbaycanın yunan-Roma güləşi millisi Bakıya qayıdıb.

"Report"un məlumatına görə, yığmanı Heydər Əliyev Beynəlxalq Aeroportunda ictimaiyyət nümayəndələri, idman azarkeşləri, mətbuat təmsilçiləri qarşılayıblar.

Xatırladaq ki, Azərbaycanın yunan-Roma güləşi millisi Serbiyanın Novi Sad şəhərində keçirilən Avropa çempionatının qalibi olub.

Böyük məşqçi Taleh İsrafilov və məşqçilər Rasim Ağayevlə Elbrus Məmmədovun rəhbərliyi altında yarışa qatılan komandamızın 10 üzvündən 9-u medal (3 qızıl, 2 gümüş, 4 bürünc) qazanıb.

Azərbaycan 183 xalla komanda hesabında Avropa çempionluğunu qazanıb. Millimiz 2-ci pillədə yer alan Ermənistanı 51 xal qabaqlayıb. Ukrayna 121 xalla üçüncü yeri tutub.

Beləliklə, U-17 yunan-Roma güləşi yığmamız 3-cü dəfə (2021, 2022, 2024) Avropanın ən güclü komandası olub.
Bu yarışda millimiz medalların sayına və toplanan xallara görə də yeni rekorda imza atıb.

Qeyd edək ki, millinin heyətində Turan Daşdəmirov (51 kq), Ayxan Cavadov (60 kq) və Səid Paşayev Avropa çempionu olub.

Əmrah Əmrahovla (48 kq) Yusif Əhmədli (71 kq) gümüş, Nicat İsgəndərli (45 kq), Əli Nəzərov (55 kq), Orxan Hacıyev (80 kq) və Mikayıl İsmayılov bürünc medal qazanıb.

0.16967701911926