Peşəkar tibb alimi haqqında söhbət - Biblioqrafiya

 

Tapdıq Abbas
"Paralel qəzeti" MMC Holdinqin təsisçisi, Qarabağ müharibəsi veteranı, "Əməkdar mədəniyyət işçisi", Pedaqogika üzrə Fəlsəfə doktoru, Qarabağ Komitəsi İdarə Heyətinin üzvü, "Azad Jurnalistlər Təşkilatı" İctimai Birliyinin sədri

Söhbət Azərbaycan Respublikasının "Əməkdar həkim"i, tibb elmləri namizədi, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü Məmmədov Əyyub Şəmil oğlundan gedir
 
“Həkimlik sənəti qəhrəmanlıqdır, hünər deməkdir. Bu peşə adamdan fədakarlıq, pak niyyət tələb edir. Hər kəs buna qadir ola bilməz. Bunun üçün həkimin fikiri aydın, qəlbi təmiz olmalıdır”.

Məşhur rus yazıçısı, həkim Anton Pavloviç Çexovun bu yazısını oxuyarkən, ilk növbədə Azərbaycan Respublikasının Əməkdar həkimi, tibbi elmləri namizədi Əyyub Məmmədov xatırlanır .

O da öz işilə həkimlik sənətinin qəhrəmanlıq olduğunu sübut edib. Bütün həyatını tibb elminə həsr edərək, tibb tarixində yer tutub. Bakıdan çox uzaqda yaşamasına baxmayaraq, Əyyub həkim elmə böyük maraq göstərib, qarşıya qoyduğu məqsədə çatmaq üçün çətin, lakin şərəfli yol keçib.
 
Zəngin tərcümeyi-hala malik olan Əyyub Şamil oğlu Məmmədov Füzuli rayonunun Böyük Bəhmənli kəndinin orta məktəbini əla qiymətlərlə bitirdikdən sonra, 1953-cü ildə Nərimanov adına Azərbaycan Dövlət Tibb Unuversitetinin müalicə-profilaktika fakültəsinə daxil olub.

Hələ tələbəlik illərində elmi yaradıcılığa meyil edib, müxtəlif elmi dərnəklərdə iştirak edib, ardıcıl olaraq, tibb elminin sirrinə bələd olmağa çalışıb. Bu xüsusiyyətinə görə, 1956-cı ildə Bakı Ali məktəbləri arasında keçirilən elmi işlərin müdafiəsində “Botkin xəstəliyinin klinikası, epidemioloğiyası və müalicəsi” mövzusunda elmi işi üçüncü yer, 1957-ci ildə Zaqafqaziya ali məktəblər arasında keçirilən tədbirdə isə “Yanıqların parafin aplikasiyası ilə müalicəsi” adlı işi ikinci yeri tutub.

Ali məktəbi uğurla başa vurduqdan dərhal sonra doğma rayonuna təyinat alan gənc həkim əmək fəaliyyətinə başlayıb.

Həkim Əyyub Şamil oğlu Məmmədovun əmək fəaliyyəti zəndindir. O, 1959-cu ildən 1964-cü ilədək Xocavənd rayonu Mərkəzi Rayon Xəstəxanasında Cərrahiyyə şöbəsinin müdiri, 1964-cü ildən təqaüdə çıxanadək Beyləqan Mərkəzi Rayon Xəstəxanasında Cərrahiyyə şöbəsinin müdiri, Mərkəzi Rayon Xəstəxanasının baş həkimi vəzifələrdə çalışıb.

1970-ci ildə Bakı Emi-Tədqiqat Travmatologiya və Ortapediya İnstitutunda dünya şöhrətli alim, tibb elmləri doktoru, professsor Mark Abramoviç Roqovoyun rəhbərliyi ilə “ Müasir aspektdə riyazi analizlə kənd təsərrüfatı travmaları və onun profilaktiki yolları” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib, tibb elmləri namizədi alimlik elmi dərəcəsi alıb.

Əyyub Məmmədovun müdafiə etdiyi elmi tədqiqat işi o dövr üçün böyük rezonans doğurub. Krım Tibb İnstitutunun Travmatologiya və Ortopediya kafedrasının professoru, tibb elmləri doktoru, Əməkdar elm xadimi Aleksey Petroviç Skoblin Ə. Məmmədovun elmi tədqiqatı barədə belə deyib: “Əyyub Məmmədovun namizədlik dissertasiyası müasir travmatologiyanın ən aktual mövzusuna həsr edilmişdir. İndi kənd təsərrüfatının hər bir sahəsində mürəkkəb texnikadan geniş istifadə edilir. Burada baş vermiş travmaların qarşısını almaq və yeni profilaktika yolları axtarmaq çox vacibdir. Əyyub Məmmədov bu işin öhdəsindən asanlıqla gəlmişdir. Onun təklif etdiyi metodları ölkənin bütün kənd təsəttüfatı işlərində tətbiq etmək olar”.

Xarkov Travmatologiya və Ortopediya İnstitutunun direktoru, akademik A. A. Korj da Əyyub Məmmədovun elmi dissertasiyasını bəyənib və deyib: “Dissertasiya çox maraqlıdır. Rayon həkiminin belə bir çətin işin öhdəsindən gəlməsi və yeni təkliflər irəli sürməsi diqqətəlayiqdir. Əyyub Məmmədovun elmi işinin monoqrafiya kimi kütləvi tirajla çap olunması məqsədəuyğundur”

Ə. Məmmədovun elmi rəhbəri, SSRİ Səhiyyə Nazirliyinin Mərkəzi Travmatologiya və Ortopediya İnstitutunun şöbə müdiri, tibb elmləri doktoru, professsor Mark Abramoviç Roqovoy yazır: “Ə. Məmmədov 280 səhifəlik elmi işinin hər cümləsi yenidir. Dissertasiya yazılarkən 348 ədəbiyyatdan istifadə edilib, bunun 56-sı xarici ölkələrdə çap olunmuş ədəbiyyatdır. İki yeni ixtira və 10-a qədər təklif irəli sürüb”.

Hazırda cəmiyyətin hər bir üzvünün sağlamlığının mühafizəsi yüksəkixtisaslı tibbi kadrlarla, müasir avadanlıq və cihazlarla təmin olunmuş xəstəxanaların geniş şəbəkəsi əhaliyə xidmət edir. Tibbi xidmət ölkəmizin nəinki şəhərlərində, hətta kənlərində də müasir tələblərə cavab verməkdədir. İnsan sağlamlığının qorunması ilə bağlı problemlər aradan qaldırılır. İcbari Tibbi Sığortanın Azərbaycan səhiyyəsində tətbiq olunması maddi imkanı zəif insanların sağlamlığının təmin olunmasında əvəzsiz rol oynayır.

Respublikamızın səhiyyə işçiləri “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının həyata keçirilməsində fəal iştirak edirlər. Bu prosesə əvvəldən qoşulan Əyyub Məmmədov tibb elminin inkişafında çox fəal iştirak edir. Əyyub həkimin təcrübəli mütəxəssis kimi, tibb elminin müxtəlif sahələrində xeyli sayda səmərələşdirici təklifləri var və bu təkliflər hazırkı dövr üçün çox faydalıdır.

Eyni zamanda həkim kənd təsərrüfatı mikrotravmalarında praktiki məqsəd üçün aparat da yaradaıb. Lakin həkim etiraf edir ki, onun yaratdığı aparat Paykinin metodunun modifikasiyasıdır.

Qeyd edək ki, Əyyub Məmmədov 87 elmi işin, 1 monoqrafiyanın müəllifidir, 2 ixtirası və 3 səmərəli təklifi var. 91 elmi işinin 23-ü xarici ölkələrdə elmi jurnallarda çap olunub.

Sonrakı dövrlərdə - 1980- cı ildən 1992- ci ilə kimi Beyləqan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində işləyəndə də, o, fəaliyyətinin böyük bir hissəsini elmi axtarışlara həsr edib. Məhz bu fəaliyyətinə görə, 1992-ci ildə "Bilik cəmiyyətinin təsis etdiyi Yusif Məmmədəliyev adına mükafata layiq görülüb, dəfələrlə Respublika Səhiyyə Nazirliyinin Fəxrifərmanları ilə təltif olunub.

Hazırda "Ahıl və qoca yaşlarda qarın boşluğunun kəskin cərrahi xəstəliklərdə müasir taktika" mövzusunda doktorluq dissertasiyası üzərində işləyərək, Kiyev Elmi -Tədqiqat Heriantologiya İnstitutunun elmi şurasına təqdim edib. Doktorluq dissertasiyasında iki yaddaqalan səmərəli təklif verərək ahıl və qoca yaşlarda cərrahiyyə əməliyyatından
sonra toxumalarda tez qidalanma tam olmadıqda yaralarda tez aralanma baş verir ki, bu da pis nəticə verir. Həkim elmi əsərdə sübut edir ki, təkrar cərrahiyyə əməliyyatına ehtiyac yaranır. Ə. Məmmədovun təkrar cərrahiyyə əməliyyatında tikişlərin, eyni zamanda qarın boşluğunda drenaboruların qoyulması barədə verdiyi səmərəli təkliflər də müsbət nəticələr verir. Bundan əlavə, Əyyub Məmmədovun yanıqların müalicəsində parafin aplikasiyası ilə lokal müalicə aparılması təklif olunur.

Qeyd edək ki, Əyyub Məmmədov Moskva, Kiyev, Alma-Ata, Daşkənd, Tbilisi, Kutaisi, Sankt- Peterburq, Budapeşt,  Paris və London şəhərlərində keçirilən qurultaylarda, beynəlxalq konfranslarda, simpoziumlarda elmi məruzə ilə çıxış edib. Onun dövri mətbuatda və elmi-praktik jurnallarda 500-dən çox elmi - praktik məqaləsi çap olunub.

Əyyub Məmmədov həm də, böyük elm xadimidir. O, 2006-cı ildə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilib. Respublika Alimlər Ittifaqının, Ziyalılar Cəmiyyətinin, Jurnalistlər Birliyinin üzvüdür.

Əyyub Məmmədovun əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə o, 2007-ci ildə ona ən yüksək ada - Azərbaycan Respublikasının  "Əməkdar həkim" fəxri adına layiq görülüb. Əyyub Məmmədov Azərbaycan Cərrahlar Assosiasiyasının və Rusiya Cərrahlar Cəmiyyətinin üzvüdür. Ali dərəcəli cərrahdır. 2003-cü ildə "Vektor" Beynəlxalq elmi mərkəzinin qalibi və diplomatdır.

Əyyub Məmmədov dünyanın bir çox ölkələrinin elm adamları ilə sıx əlaqə saxlayır,  müntəzəm olaraq onlarla fikir mübadiləsi aparır. Parisdə, Nyu-Yorkda,  Alma-Atada, Londonda çalışan elm adamları ilə əlaqə daim saxlamaqla, onların əldə etdiyi yeni tibbi tədqiqatları öyrənməyə üstünlük verir, Kiyevdə onun çox sayda alim dostları vardır.

Əyyub həkim haqqında yaxşı mənada çox söz danışmaq olar. Cərrahın qızıl əlləri, iti görən gözləri bütün sənət adamlarına nisbətən daha yaxşı olmalıdır. Dünya başdan ayağa heyrətlə doludur. Bu heyrət də adilikdən qaynaqlanır, dünyanın kəsir işlərini tamamlayan, bütövləşdirən, cilalayan cənət də, məhz cərrahlıq sənətidir.

Heç şübhə yoxdir ki, dünya insan təfəkkürünün, əqlinin, əlinin və gözünün sayəsində daha da mükəmməllik qazanır. Tanrı gözəlliyi çox sevir, bəndələrinə fərq qoymadan iki əl, iki göz bəxş edib. Əyyub həkimin əlləri də adi əllərdən deyil, onun əlləri gözlərini tamamlayır. Onun əlinin və gözünün yaratdığı möcüzələr Tanrı vergisidir. Buna şübhə etmirəm. O, möcüzə dünyasının adamıdır. Əməliyyat vaxtı onun əlləri bədəndə xəstə nöqtələri axtarır və tapır. Əyyub həkimin əlləri və gözləri əsl cərraha məxsus olan orqanlardır.

Qeyd edim ki, Əyyub həkimin uşaqlıq illəri çox çətin keçib. Həyatda nə əldə edibsə, hamısını öz zəhmətilə qazanıb. Aldığı tibbi təhsilin, elmi araşdırmaların arxasında onun gərgin zəhməti dayanır. Onun üçün Vətən, Millət, ailə, sənət, insan sevgisi hər şeydən üstündür.

Dövlətini, millətini sevən həkim, həm də bir Qarabağlı kimi daim 27 il təcavüzkar Ermənistanın işğal altında qalan Qarabağın Müzəffər Ali Baş Komandan və qəhrəman Ordumuz tərəfindən azad olunması, ölkəmizin süverenliyinə tam qovuşması bu il 90 yaşını qeyd edən Əyyub həkimə də böyük sevinc və fərəh bəxş edib. İşğal illəri ərzində dəflərlə Xocavənd və Füzuli rayonlarının döyüş bölgələrində hərbçilərin yanında olan, onlarla süfrə başında oturan, onlara maddi, mənəvi və tibbi yardım göstərib, dayaq olan
Əyyub Məmmədov hansı vəzifədə çalışmasından asılı olmayaraq, həmişə insanların sağlamlığı üçün əlindən gələn köməyi əsirgəməyib.

Peşəkar, görkəmli cərrah, tibb elminin sirrini dərindən bilən, səmimi insan, qayğıkeş ata, gözəl baba və ləyaqətli dost olmağı bacaran Əyyub Şamil oğlu Məmmədova bundan sonra da sağlamlıq, uzun ömür, elmi axtarışlarda uğur arzu edirəm!...                                    
 

0.21751713752747