Amerikalı nüfuzlu strateq və ideoloq vaxtilə Henri Kissincer ABŞ-ın Rusiya və Çini tədricən zəiflədəcəyini, sonra isə qəflətən zərbə endirib, darmadağın edəcəyini vurğulamışdı... İndi isə NATO baş katibi Yens Stoltenberq nüvə silahının döyüşə hazır vəziyyətə gətirilməsinə çağırır, Serbiya prezidenti Aleksandar Vuçiç isə 3-4 ay sonra başlayacaq dünya müharibəsinin artıq qarşısıalınmaz olduğunu iddia edir...
Ukrayna savaşının yeni qlobal müharibəyə çevrilməsi artıq reallığa çox yaxın ehtimaldır. Çünki ABŞ və Qərbin atdığı son addımlar dünyanı sürətlə qlobal savaşa doğru sürükləyir. Hər halda, Qərbin beynəlxalq rəqib-düşmənlərə qarşı mövqeyi belə düşünməyə tamamilə əsas verir. Və bütün dünyanı qlobal kataklizmlərə məruz qoya biləcək situasiyanın yetişməkdə olduğu müşahidə edilir.
Onu da qeyd etmək lazımdır ki, indiki vəziyyətin yaranması təsadüfi sayıla bilməz. Bəzi əlamətlər onu göstərir ki, ABŞ və Qərb qlobal savaşa münbit şərait yarada biləcək geopolitik ssenariləri elə əvvəlcədən hazırlayıb. Və böyük ehtimalla Ukrayna savaşı qlobal savaş planlarının yalnız başlanğıc mərhələsi də hesab oluna bilər.
Məsələ ondadır ki, bəzi məlumatlara görə, ABŞ və Qərb indiki situasiyanı hətta keçmiş SSRI-nin dağılmağa başladığı dönəmlərdə ssenariləşdirməyə çalışıb. Təkqütblü dünya sisteminin yaradılması üzərində fəaliyyət hələ 30-40 il əvvəllərdən başlayıb. Əsas məqsəd isə ABŞ-ın təkbaşına dünya hegemonluğu qarşısında əsas əngəl olan keçmiş SSRI-dən sonra onun hərbi-siyasi və ideoloji düşərgə sisteminin tamamilə yox edilməsinə hesablanıb. Və Ukrayna savaşı bu ssenarinin sadəcə, tərkib hissələrindən biri hesab olunur.
Maraqlıdır ki, ABŞ və Qərbin dünya hegemonluğu uğrunda mübarizədə yaxın, orta və uzaq perspektivə hesablanmış konkret planlara malik olduğunu sübuta yetirən önəmli məqamlar da mövcuddur. Belə ki, ABŞ-ın dünya hegemonluğunu təmin edəcək ssenarilərin ideya müəlliflərindən biri, nüfuzlu amerikalı siyasi avtoritet Henri Kissincerin bu mövzuda bir çox üstüörtülü mesajları mövcuddur. Və həmin mesajlardan ABŞ-ın gizli hədəfləri barədə kifayət qədər ciddi ipucları tapmaq mümkündür.
Məsələ ondadır ki, vaxtilə bu nüfuzlu amerikalı strateq və ideoloq ABŞ-ın öz beynəlxalq rəqib-düşmənlərinə "tikdiyi torba"nı arqumentləşdirməklə də xüsusi diqqət çəkirdi. Belə ki, Henri Kissincer Rusiya, Çin və İranın gələcək taleyini onilliklər öncədən gündəmə gətirmişdi. O, bildirmişdi ki, ABŞ Çin və Rusiyanı maksimum həddə qədər zəiflədərək, bu ölkələri kiçik dövlətlər sırasına qatacaq: "Əlbəttə ki, bu iki nəhəngin "tabut"unda İsrailin əsas hədəfində yer alan İran sonuncu "mismar" olacaq".
Amerikalı ideoloq ABŞ-ın Çin və Rusiya ətrafında necə strateji oyunlar qurduğunu da gündəmə gətirmişdi: "Biz Çinə öz hərbi gücünü artırmağa imkan verdik. Rusiyaya vaxt verdik ki, bu ölkə sovetləşmə dövründən uzaqlaşa bilsin. Rusların aldadıcı üstünlük hissinə qapılmasını da təmin etdik. Ancaq bütün bunlar onların məhv olmasını daha da tezləşdirəcək. Biz səriştəsiz nişançı kimi silah seçiminə ehtiyac duymuruq. Onlar cəhd etmək niyyətinə düşəndə biz dərhal onların işini bitəcəyik".
Göründüyü kimi, ABŞ Rusiya və Çinə qarşı həmişə strateji planlar əsasında hərəkət edir. Hətta ssenari müəllifləri hansı beynəlxalq manevin sonda necə nəticə verəcəyini də əvvəlcədən tam dəqiqliyi ilə bilirlər. Ona görə də, Ukrayna savaşı ABŞ üçün daha uzaqgedən hədəflər üzrə sadəcə, bir mərhələdir. Ağ Ev Ukrayna savaşı sayəsində Rusiyanın hərbi qüdrətini ciddi şəkildə zəiflətməyə nail olub. Və indi böyük ehtimalla növbəti mərhələyə keçid hazırlığı artıq ön planda yer alır.
Maraqlıdır ki, Ukrayna savaşından sonrakı mərhələnin məhz qlobal müharibə olduğu da iddia edilir. İndi bunun daha inandırıcı olduğunu təsdiqləyən kifayət qədər ciddi məqamlar mövcuddur. Üstəlik, bəzi hallarda, ABŞ-ın nəzarətində olan hərbi-siyasi dairələr öz növbəti hədəflərini açıq mətnlə gündəmə gətirməkdən də qətiyyən çəkinmirlər. Və bu baxımdan, NATO-nun baş katibi Yens Stoltenberqin son açıqlaması diqqəti çəkir.
Məsələ ondadır ki, Yens Stoltenberq NATO-nun nüvə arsenalının döyüşə hazır vəziyyətə gətirilməsinin vacibliyini vurğulayıb. NATO baş katibi hesab edir ki, rəqib düşərgə - Rusiya və Çin nüvə silahının təzyiq gücünü mütləq hiss etməlidir. Və bu, onların radikal davranmaq cəsarətlərini bloklayacaq əsas hərbi-siyasi faktoru çevrilməlidir.
Göründüyü kimi, yalnız Ağ Ev deyil, eyni zamanda, ABŞ-ın nəzarətində olan NATO da Ukrayna savaşına, eləcə də Rusiya və əks qütbün digər təmsilçilərinə qarşı mövqeyini tədricən dəyişir. Üstəlik, ABŞ və Qərbin mövqeyi getdikcə daha aqressiv məzmun alması ilə diqqəti çəkir. Böyük ehtimalla bu, Qərbdə daha çox dövlətin iştirak etdiyi və rəqib qütbü hədəf alacaq savaş barədə artıq qərar vermək üzrədirlər. Və bu, o deməkdir ki, dünya hegemonluğu ilə bağlı bütün suallara birmənalı cavabların tapılmasına hədəfli qlobal savaş hazırlığı artıq son mərhələdədir.
Onu da qeyd etmək lazımdır ki, bəzi Qərb siyasi dairələri yaxın vaxtlarda qlobal savaşın qaçılmaz olacağını açıq mətnlə vurğulamağa başlayıblar. Xüsusilə də, dünyanın yeni fəlakətlərə düçar ola biləcəyindən narahatlıq keçirən Qərb liderləri xəbərdarlıq mesajları yayırlar. Serbiya prezidenti Aleksandar Vuçiç İsveçrənin ""Die Weltwoche" nəşrinə açıqlamasında yaxın 3-4 ərzində yeni dünya müharibəsinin başlayacağını bəyan edib. Onun fikrincə, bu savaşın baş verməsini artıq əngəlləmək mümkün deyil. Ona görə də, Seriya ölkədə ərzaq ehtiyatı toplamağa başlayıb: "Qərb ölkələrinin liderləri bu təhlükədən xəbərdardırlar. Ancaq onlar öz ölkələrinin vətəndaşlarını gözlənilən fəlakətlər barədə məlumatlandırmağa nədənsə, tələsmirlər. Halbuki, vaxt çox az qalıb".
Prezident Aleksandar Vuçiç hesab edir ki, Qərbdə Rusiyaya qalib gəlməyin mümkün olduğuna hələ də inanırlar. Ancaq onun fikrincə, Qərb Rusiya ilə bağlı hesablamalarında ciddi şəkildə səhv edir: "Makronun Ukraynaya NATO qüvvələrini göndərmək ideyası qlobal savaşı daha da tezləşdirə bilər. Biz Ukrayna savaşı ilə bağlı realist qərarlar qəbul etmək və dünyanı daha böyük fəlakətlərdən xilas etmək üçün son şanslarımızı düzgün istifadə etməliyik. Qərb Rusiya prezidenti Vladimir Putinin nüvə təhdidlərinin blef olduğu barədə yanlış təsəvvürlərdən uzaqlaşmalıdir. Yəni, Rusiya ilə olduqca ehtiyatlı davranmaq lazımdır".
Göründüyü kimi, bir çoxları inanmaq istəməsə də, yeni dünya müharibəsi ilə bağlı təhlükə artıq qarşısıalınmaz reallığa çevrilməyə başlayıb. Üstəlik, bu savaşın ABŞ və Qərb tərəfindən məqsədyönlü şəkildə ssenariləşdirildiyini iddia etmək üçün də müəyyən əsaslar olmamış deyil. Və bu, o deməkdir ki, Ağ Ev ABŞ-ın hegemonluğu altında yeni dünya düzəni qurmaq üçün qlobal savaşa ehtiyac duyur.(Yeni Müsavat)