İyunun 28-də keçirilcək prezident seçkiləri dünya mediasının gündəmində olan əsas məsələdir. Hamını İranın növbəti prezident kürsüsü uğrunda mübarizə aparacaq 6 şəxsdən hansının daha şanslı olduğu maraqlandırır. Namizədlər siyahısına nəzər salsaq, görərik ki, Məsud Pezeşkiandan başqa digər 5 namizəd müxtəlif vaxtlarda İranda keçirilən prezident seçkilərində şanslarını yoxlayıblar. Bir çoxu isə seçkidə 2 və ya 3-cü yeri qazanıb. Seçkidə mübarizə əsasən radikal, loyal (liberal baxışlı) mühafizəkarlar və islahatçılar arasında gedəcək. Adla ifadə etsək, seçki əsasən Məhəmməd Bağır Qalibaf, Səid Cəlili, Məsud Pezeşkian və Mustafa Purməhəmməd favoritdir. Amma İranda keçirilən seçki təcrübəsi və iyerarxik idarəetmə sistemi onu deməyə əsas verir ki, seçki prosesinin gedişində müəyyən sürprizlər ola bilər və bu, istisna deyil. Çünki bundan öncəki seçkilərdə öncədən verilən proqnozlar, gözləntilər özünü doğrultmayıb və seçki qutusundan hamının gözlədiyi ən şanslı namizəd deyil, sürpriz namizəd çıxıb. Ona görə də indidən hansı namizədin qalib gələcəyini demək çox çətindir. Amma bununla belə hər bir seçkinin favoriti olduğu kimi İranda keçiriləcək növbəti seçkinin də əsas favoriti Qalibafın olacağını desək yanılmarıq.
Qalibafın İranın növbəti prezidenti olma ehtimalını İbrahim Rəsinin ölümündən dərhal sonra beynəlxalq ekspertlər də qeyd ediblər. Buna səbəb isə Qalibafın həm siyasi elitada nüfuz sahib olması, həm hazırda parlament spikeri olması, həm uzun müddət Tehranın bələdiyyə sədri olması, həm də gənclik illərində İraq-İran müharibəsində iştirak etməsi və bu gün İranı pərdə arxasında idarə edən SEPAH-ın komandanı olması və bu qurumla sıx əlaqəsi göstərilir.
O eyni zamanda qanunverici orqanın rəhbəri olsa da, hökumətin yürütdüyü siyasətlə tam razılaşmayan şəxslərdən biri olaraq tənqid etməkdən çəkinməyən biri kimi tanınır. Qalibaf çıxışında İran hökumətinin yürütdüyü siyasəti tənqid edərək idaretmənin effektiv olmadığını, bürokratik əngəlliklər nəticəsində hakimiyyətin insanlara əlçatan olmadığını bildirib. O həmçinin ölkədə insanların korrupsiyadan əziyyət çəkdiyini qeyd edib.
Qalibafın çatışmayan cəhəti isə bu müddət ərzində özünü siyasi ideoloq kimi deyil, texnokrat kimi təqdim etməsidir.
Sürpriz namizədə gəldikdə isə bu, Səid Cəlili ola bilər. İranın vitse-prezidenti Möhsün Mənsuri Səid Cəlilinin seçki qərargahının rəhbəri olması bunu deməyə əsas verir. O həm də Ali rəhbər Seyid Əli Xameneyinin ən etibarlı namizədləri siyahısındadır.
Ali rəhbərin etibarlı adamlar siyahısında Əmirhüseyn Qazizadə Haşiminin də adı var. Amma onun şansı Səid Cəlili qədər deyil.
Bu seçkidə islahatçıları isə azərbaycanlı namizəd Məsud Pezeşkian olacaq. İxtisasca həkim olan Pezeşkianı artıq İrandakı həkimlər və Moderasiya və İnkişaf Partiyası da dəstək verdiklərini açıqlayıb. Pezeşkian İranda bütün sahələrdə ciddi islahatların həyata keçirilməsinin tərəfdarı kimi çıxış edir. Onun azərbaycanlı olması da, ona əlavə dividentlər qazandıra bilər. Bu və digər amillər onun seçkinin favoritlərindən olacağını deməyə əsas verir.
Növbəri əsas favoritlərdən biri də Mustafa Purməhəmməddir. Mustafa Purməhəmməd daha çox kəşfiyyat nazirinin müavini olduğu müddətdə 1988-ci ildə Ayətullah Xomeyninin və digər siyasətçilərin göstərişi ilə iranlı məhbusların qətliamında əli olan şəxs kimi "ad çıxarıb".
Purməhəmməd qəribə bioqrafiyaya malik şəxsdir. O demək olar ki, İrana rəhbərlik edən bütün şəxslərin komandasında olub. O, Haşimi Rəfsəncani dövründən kəşfiyyat nazirinin müavini, 2003-cü ildə Ali Rəhbər Xameneyi ofisinin siyasi və ictimai şöbəsinin rəhbəri, 2005-ci ildə Əhmədinejadın dövründə daxili işlər naziri olub. 2013-cü il prezidentliyə namizəd olan Purməhəmməd namizədliyini Mənuçehr Möttəki lehinə geri götürür. Bunun əvəzində isə seçkidə qalib gələn islahatçı prezident Həsən Ruhaninin komandasında ədliyyə naziri vəzifəsini tutur.
Tehran meri Əlirza Zakaninin şansı isə digərlərindən daha az hesab edilir. Onun seçkinin gedişində hansısa namizədi dəstəkləyəcəyi də istisna deyil. Ümumiyyətlə seçki prosesində hər hansı bir namizədin digərinin xeyrinə geri çəkilməsi də istisna edilmir. Bu əsasən seçki prosesinin gedişindən və hakimiyyətdaxili rəqabətdən asılı olacaq. Hakimiyyətdaxili qruplaşmalar öz namizədinin qalib gəlməsi üçün seçki prosesində müxtəlif taktiki addımlar atması qaçılmazdır.
Mürtəza
Ölkə.Az