Müəllimlər minimum balı yığa bilmədi, rəqəmlər şok effekti yaratdı: "Rüsvayçılıqdır"

 

Bu il iyunun 8-də təhsilverənlər üçün təkrar sertifikatlaşdırma imtahanında iştirak edən 7 296 müəllimdən 3909-u (3 424 ibtidai sinif, 485 Azərbaycan dili və ədəbiyyat müəllimi) keçid balını toplaya bilməyib.

Bu da cəmiyyətdə müzakirələrə səbəb olub.

Təhsil ekspertləri və sosial şəbəkə istifdəçiləri bu vəziyyəti "biabırçılıq" adlandırırlar.

Mövzu ilə bağlı Ölkə.Az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri belə nəticənin gözlənilməz olduğunu söyləyib:

"Müəllimlərin təkrar sertifikasiya müsabiqəsinin nəticələri ötən gün açıqlandı. Çox təəssüf ki, ən pessimist insanın, vətəndaşın, təhsil işçisinin belə proqnozlaşdıra bilməyəcəyi bir nəticə ilə üz-üzə qaldıq. Nə yalan deyim, sertifikasiya ilə bağlı biz də öz sərt mövqeyimizi irəli sürsək də, etiraf edim ki, bu cür nəticə də gözləmirdik. 

Çünki təkrar sertifikasiyanın birinci ilində cəmi 743 müəllim kəsilmiş və onların işinə xitam verilmişdi. Düşünürdüm ki, bu dəfə rəqəm 1000-1500 civarında olar. Amma kəsilənlərin sayının 3909 olması bütün təhsil ictimaiyyətində, cəmiyyətdə şok effekti yaratdı. Rüşvayçılıqdır. Bu, sadəcə olaraq, böyük həyəcan təbilidir. 

Çünki 3909 müəllim illərlə övladlarımıza dərs deyiblər. Aralarında elələri olub ki, uşaq onun yanına hazırlığa getməyəndə valideyni düşmən çıxarıb, uşağı gözümçıxdıya salıblar. İllərlə tədris adına məktəbə ayaq döyüblər, şagirdləri guya formalaşdırmağa cəhd ediblər. Bu azmış kimi, sertifikasiyaya 1 il hazırlaşıblar. Nəticədə isə ikinci dəfə kəsiliblər".

Fotoda Elmin Nuri

E.Nuri hesab edir ki, nəticənin bu cür olmasına təsir edən əsas amil Elm və Təhsil Nazirliyinin sertifikasiya prosesində ifrat dərəcədə humanist yanaşması olub:

"Bu da azmış kimi, Elm və Təhsil Nazirliyi onlara şərait yaratdı ki, gələn ilin bu vaxtı təkrar sertifikasiyadan keçə bilərsiniz. Bununla da kifayətlənmədilər. Həmin müəllimlərə pulsuz kurslar da təklif edildi. Bütün bunlardan sonra 3909 müəllim minimal balı yığa bilmədi. Onlara, sadəcə, 60 sual verilirdi ki, bunun da 50-si ixtisasla bağlıdır. Yəni hər 2 sualdan birinə düzgün cavab verməklə həm işini qoruya, həm də maaşının 10% artmasına nail ola bilərdilər.

Bu gün müəllimlər üçün Elm və Təhsil Nazirliyi tərəfindən atılan addımlar az deyil. Mən burada hansısa dövlət qurumunun tərəfini tutmaq istəmirəm. Amma gəlin etiraf edək ki, nazirlik sertifikasiyada ifrat humanizmə getdi. Bugünkü göstəricilərin səbəbi də məhz budur. 

Çünki arxayın oldular. Birinci il təkrar sertifikasiyadan 2 dəfə ardıcıl kəsilən 743 müəllimin bir çoxu müəllim olmasa da, texniki və təşkilati işlərlə təmin olundu. Onlar da düşündülər ki, uzaqbaşı kəsilsək də, işimiz olacaq. 

Müəllim də öz-özünə düşünməlidir ki, mən bu göstərici ilə nəsə verə bilmirəmsə, məktəbdən uzaqlaşıb daha yaxşı bacarıqlı olan insanlara şərait yaratmalıyam. Çünki onların vurduğu zərəri təbii ki, aradan qaldırmaq mümkün deyil, qatar artıq gedib. Sertifikasiyadan keçməyən müəllimlərin şagirdləri bəlkə də məktəbi bitirib, uğursuz təhsil həyatı ilə barışıblar. Heç olmasa, bundan sonra bu cür aqibət yaşanmasın deyə həmin müəllimlər məktəbdən mütləq uzaqlaşdırılmalıdır".

Billurə Yunus

 

0.20331406593323