"Zəngəzur dəhlizinə görə artıq ermənilərin bəhanələrinə yer qalmır"

 

"44 günlük müharibədə qazanılan qələbədən sonra məhz son imzalanan sənəd - Üçtərəfli Bəyanatın doqquzuncu maddəsinə uyğun olaraq, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək dəhlizin qurulması vacib idi. Bu dəhliz Zəngəzur dəhlizidir. Onun tək Azərbaycan deyil, həm də region, eyni zamanda, dünya üçün beynəlxalq səviyyədə logistika daşımaları, iqtisadi, siyasi, hərbi, eyni zamanda digər istiqamətlərdə çox mühüm əhəmiyyət kəsb etdiyi artıq hər kəsə gün kimi aydındır".

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev Zəngəzur dəhlizinin strateji əhəmiyyəti, eləcə də bu dəhlizin açılması məsələsindən dolayı Azərbaycanı diqqət mərkəzinə alan dövlətlər və bu dəhlizin ölkəmizin gələcəyi üçün yaratdığı perspektivlər barədə danışarkən deyib.

Deputatın sözlərinə görə, kommunikasiyaların, Zəngəzur dəhlizinin açılması, eyni zamanda, türk dünyası ölkələrini birləşdirən Orta Dəhlizin Çindən Avropaya qədər uzanan marşrutunun təmin olunmasıdır:

"Son vaxtlar Qırmızı dənizdə husilərin yükdaşımalara, ümumilikdə gəmiçiliyə problem yaratmaları, Yaxın Şərqdə vəziyyətin gərginləşməsi bu dəhlizin nə qədər önəmli olduğunu bir daha qabardır.

Azərbaycanın məhz Vətən müharibəsində qələbəsindən sonra Türkiyəyə Naxçıvan üzərindən Orta Asiya və Sakit okeana uzanan strateji bir dəhliz açmaq imkanı yaranıb.

Bu marşrut logistika qiymətlərini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq. Məsələn, 1996-cı ildə imzalanmış "Şahdəniz" qaz sazişi müqaviləsinə görə Türkiyə İrana hər 1 000 kubmetrə 490 dollar ödəyir. Əgər qaz Türkiyəyə birbaşa Azərbaycandan tədarük edilərsə, təbii ki, bunun qiyməti düşür 335 dollara. Həmçinin, dəhlizin açılmasından sonra Azərbaycanın Naxçıvana qaz göndərmək üçün İrana ödədiyi 15 faiz komissiya haqqı da ortadan qalxa bilər. Yəni artıq orada tək dəmiryolu deyil, eyni zamanda avtomobil yolu və boru kəmərləri də inşa olunar, tək Cənubi Qafqazdakı dövlətlər deyil, beynəlxalq tərəfdaşlar da qazanarlar".

Ekspert qeyd edir ki, Türkmənistan qazının Türkiyəyə nəqli və oradan da Avropa bazarlarına çıxması uzun illərdir planlaşdırılsa da, maliyyə çatışmazlığı səbəbindən bu layihənin reallaşdırılması uzanır, bu sahədə də Azərbaycan öz xidmətini təklif edə bilər:

"Eyni zamanda, tez-tez İrəvandan qeyd edirlər ki, İran və Ermənistan arasında da boru kəməri var. Təbii ki, bundan sonra o da öz əhəmiyyətini itirə bilər. Türkmənistan qazı Azərbaycan ərazisindən ötürülməklə təyinat nöqtəsinə çata bilər. Üç milyardlıq əhaliyə sahib olan böyük bir bazar yenidən canlanmış olar".

"Zəngəzur dəhlizinin əhəmiyyəti bir neçə gün davam edən, 130-dan çox dövlətin nümayəndələrinin iştirak etdiyi Sankt-Peterburq İqtisadi Forumunda da xüsusi vurğulandı. Rusiya Prezidenti Vladimir Putin qeyd etdi ki, bu gün məhz Azərbaycan çox vacib strateji partnyora çevrilib. Onun sözlərinə görə, məhz Zəngəzur dəhlizinin açılması Rusiya üçün də, digər dövlətlər üçün də çox mühüm əhəmiyyət kəsb edir.

Yəni əgər dövlət başçıları səviyyəsində Zəngəzur dəhlizi bu cür qiymət alırsa, onun gətirəcəyi faydalar dəyərləndirilirsə, o zaman ermənilərin təhlükəsizlik sayıqlamaları kimi müxtəlif bəhanələrinə yer qalmır. Zəngəzur dəhlizi beynəlxalq əhəmiyyətli layihədir və onun açılması labüddür.

 

0.14981818199158