Ermənistan Parlamentinin spikeri Alen Simonyan Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin ölkəsi barədə fikirlərini təhdid adlandırıb.
APA-nın Ermənistan mediasına istinadən xəbərinə görə, o bildirib ki, rəsmi Moskva əvvəlcə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının əhatə dairəsi, eləcə də öhdəlikləri ilə bağlı məsələlərə aydınlıq gətirməlidir.
“Əvvəla, xahiş edirəm ki, bizə qarşı təhdidləri dayandırın. KTMT barədə danışdığınız yetər. Bu təşkilat barədə danışmazdan əvvəl qoy gəlib onun sərhədlərinin hansı ərazilərdən keçdiyini, eləcə də öhdəliklərinin nədən ibarət olduğunu da desinlər. Aydınlıq gətirsinlər ki, Rusiyanın həm KTMT-nin tərəfdaşı, həm də Ermənistan-Rusiya müqaviləsinin tərəfi kimi öhdəlikləri nədən ibarətdir. Suveren ərazilərimiz barədə bəyanatları dayandırın”, - Simonyan vurğulayıb.
Qeyd edək ki, bir qədər əvvəl Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin rəsmi İrəvanın düşünülməmiş addımlarının ölkəsi də daxil olmaqla, KTMT-yə üzv dövlətlərlə vahid müdafiə zonasının yaradılmasını mümkünsüz edə biləcəyini qeyd edib.