Makronun avantürası: Fransızlar Ukraynaya ordu göndərilməsinə qarşıdırlar

 

Keçmiş müstəmləkələrdən qovulma, Cənubi Qafqaz, Ukrayna və sairə bölgələrdə uğursuzluqları Emmanuel Makronun prezidentliyinin əsas "nailiyyətləri" adlandırmaq olar. Həqiqətən də, Fransa yeddi ildir ki, onun naşı idarəçiliyinin fəsadlarını yaşayır. Hər bir lider fəaliyyəti dövründə dövlətin möhkəmlənməsinə çalışmalı olduğu halda, Makron hər vəchlə onun nüfuzdan düşməsinə, gözdən salınmasına çalışıb. Bu kürsüyə əyləşən gündən bəri lobbi qruplarının maraqlarını ifadə edən Fransa Prezidenti əlindən gələni edir ki, ölkəsinin imicini aşağı salsın. O, baş verənlərdən nəticə çıxarmaq əvəzinə Fransanı yeni-yeni avantüralara cəlb etməkdədir. Növbəti avantürası isə fransızlara baha başa gələ bilər. Söhbət Fransanın Ukraynada yaşanan müharibəyə cəlb edilməsindən gedir.

Fransanın Vətənpərvərlər Partiyasının lideri Floriana Filippo növbəti ittihamlarla çıxış edib, Makronu xalqdan gizlin avantürist plan hazırlamaqda günahlandırıb. Onun sözlərinə görə, fransız ordusu xalqdan gizli şəkildə yaxın günlərdə Ukraynaya yerləşdirilə bilər. Fransız siyasətçi "X" sosial şəbəkəsində yazdığı statusunda Rusiya ilə mümkün müharibənin başlayacağı tarixi də açıqlayıb. Onun sözlərinə görə, bu tarix iyunun 6-sı ola bilər. Əksəriyyətin qənaətincə, bu, əslində, üçüncü dünya müharibəsinin başlanmasının anonsu kimi də qiymətləndirilə bilər. Fransalı siyasətçi hesab edib ki, Makron uğursuzluqlardan başını itirib. Ölkəsinin hərbi əməliyyatlara cəlb olunmamasının zəruri olduğuna çağırış edən "Vətənpərvər"lərin lideri" gəlin, bu qırğını dayandıraq, parlamentarilər, digər siyasi partiya və digər Avropa partiyaları yatır! Biabırçılıqdır", - deyib.

Bütün bunların fonunda Fransanın Ukraynada hərbi əməliyyatlara qoşulmasına qarşı etirazlar da durmadan artır. Bazar günü Eyfel qülləsi yaxınlığına bayraqlı tabutlar qoyulub. Polis üzərində "Ukraynada öldürülən fransız əsgərləri" yazılmış və Fransa bayrağına bükülmüş beş boş tabut aşkarlayıb. Məlumata görə, faktla bağlı 3 nəfər saxlanılıb. Onlar bolqar, ukraynalı və almanəsilli şəxslər olublar.

Beləliklə, qeyri-rəsmi şəkildə Ukrayna münaqişəsində iştirak edən Fransa hərbi heyət göndərməklə bu iştirakını genişləndirə bilər. Təbii ki, Rusiyanın Ukraynada başlatdığı müharibə ədalətsiz, işğalçı müharibədir və ona son qoyulmalıdır. Fransanın Kiyevə dəstəyi də beynəlxalq hüquq baxımından düzgündür. Lakin Yelisey sarayı bu siyasətində səmimidirmi? Təbii ki yox. Atdığı bütün addımlar da bunu təsdiqləyir. Bunu sübut edən faktlar da kifayət qədərdir.

Məsələn, Rusiyanın Ukraynaya hücumu başlayanda Fransa onu dəstəkləməyə çalışsa da, sonra mövqeyini tam şəkildə dəyişdi. Buna cavab olaraq da Rusiya Fransanın Afrikadakı dayaqlarını sıxmağa başladı. Bir neçə fransayönümlü Afrika ölkəsində hərbi çevriliş baş verdi və Fransaya yaxın hakimiyyətlər devrildi. Bunların arxasında Rusiyanın olduğuna dair iddialar var. Ona görə də tərəflər arasındakı münasibətlər gərginləşib. Fransanın keçmiş müstəmləkələrində keçirilən etirazlarda Rusiya bayraqlarının qaldırılması da təsadüfi deyil. Məhz bu hallardan sonra Fransa prezidenti Emmanuel Makron Ukraynaya açıq dəstək nümayiş etdirməyə, hətta qoşunların göndərilə biləcəyinə dair bəyanatlar səsləndirməyə başladı.

Rusiya ilə Fransa arasındakı mübarizəni Cənubi Qafqazda da görmək mümkün olub. Rusiya ermənipərəst Fransadan fərqli olaraq, get-gedə Azərbaycan-Ermənistan arasındakı məsələlərdə daha neytral mövqe tutmağa çalışır. Hazırda regionda Rusiya ilə Fransanın maraqları toqquşur.

Fransanın Rusiyaya qarşı cavab tədbirləri tək qeyd olunan məsələlərlə bağlı deyil. Məsələn, götürək elə Kremlə qarşı tətbiq edilən sanksiyaları. İndiyə qədər Avropa İttifaqı və digər siyasi, iqtisadi strukturlar tərəfindən Rusiyaya qarşı 10-dan artıq sanksiya qəbul edilib. Fransa bu qurumlarda söz sahibidir, bu səbəbdən də qadağaların qəbulunda əvəzsiz rol oynayır.

Paralel olaraq, Rusiyada "Crocus City Hall"da baş verən dəhşətli terror aktı ilə bağlı Fransanın adı hallanıb. Belə ki, Rusiya Təhlükəsizlik Şurasının baş katibinin müavini, eks-prezident Dmitri Medvedevin baş verənlərdə Makronu ittiham etməsi təsadüfi sayılmamalıdır. Güman ki, Rusiyanın aidiyyəti strukturlarının terror barədə daha dərin məlumatları var və bu mövzuda araşdırmalar davam edir.

Yeni Kaledoniyada yaşananları götürək. Fransa iddia edib ki, baş verən etirazlarda Rusiya və Azərbaycanın əli var. Halbuki baş verənlər Fransa prezidentinin xaricdəki ərazilərin öz müqəddəratını təyinetmə prosesini pozmağa yönəlmiş qeyri-bərabər siyasi manevrlərinin nəticəsidir. Adada baş verən iğtişaşlara görə birbaşa Fransa hakimiyyəti məsuliyyət daşıyır. Belə ki, Fransa Milli Assambleyasında müzakirəyə çıxarılan seçki islahatları ilə bağlı qanun layihəsi iki həftə əvvəl paytaxt Numeada iğtişaşlara səbəb olub. Baş verənlərdən narahat olan Makron tələm-tələsik adaya səfər edib, müəyyən güzəştlər olacağını vəd edib. Bu vədlərin effektiv olacağını isə zaman göstərəcək.

Bəs Makronun Ukraynaya ordu göndərmək avantürası necə başa çatacaq? Ehtimal etmək olar ki, bu, sadəcə iddia olaraq qalacaq. Çox güman ki, bu iddialar qarşıdan gələn Avropa parlamentinə seçkilərlə bağlı ortaya atılıb. Sadəcə, hazırkı fransız iqtidarı bu kampaniyadan qalib çıxmağa çalışır. Lakin son sorğular və daxili ictimai rəy nəticələrin Makronun partiyası üçün uğursuz olacağından xəbər verir.

"Report" İnformasiya Agentliyi

 

0.17889595031738