Dos. İlham Əhmədov: "Bizim geri qalmağa ixtiyarımız yoxdur"

 

20-ci əsrin əvvəllərində şərqdə ilk demokratik Respublika quran Azərbaycan xalqı 21-ci əsrdə də şərqin öncül ölkələri sırasında olmalıdır.
Dünya biliklərə əsaslanan iqtisadiyyat qurduğu bir mərhələdə elm və təhsil hər bir ölkə üçün prioritet istiqamət olmalıdır. Keçən əsrin 50-70-ci illərində respublikamız elm və təhsil sahəsində bir çox islam ölkələrində öndə olsa da, indi bu sahələrdə bizdən xeyli irəlidə olan ölkələr var.
“Elə sahələr var ki, bizim geri qalmağımıza ixtiyarımız yoxdur”.
(Prezident İlham Əliyev).
Reallıqda bir sıra sahələrdə hələ də qlobal inkişafdan xeyli geridəyik. İnkişaf etmiş ölkələrdən geriliyimiz elm və təhsil sahəsində daha çoxdur.
2000-ci illərin əvvəllərində bizim universitetlər bir sıra ciddi səbəblərdən Avropa universitetlərindən 20 il geridə idi. Son 20 ildə onların inkişaf tempi ilə bizim universitetlərin inkişaf tempini, maliyyələşmə səviyyəsini müqayisə etsək inkişafda olan fərqin 20 ildə nə qədər dəyişməsini təsəvvür edə bilərik. Ona görə də düşünürük ki, “onlar çox sürətlə inkişaf etdikləri üçün biz onlara çata bilmirik”. Əslində onlar sürətlə yox, normal templə- müasir dünyanın inkişaf tempi ilə ayaqlaşaraq inkişaf edirlər. Biz isə hələ dünya universitetlərinin inkişaf tempini düzgün təsəvvür edə bilmirik. Bu səbəbdən də geriliyimiz aybay artır. Ona görə də universitetlərin qlobal reytinqlərində bütün parametrlər üzrə yox, hansısa bir parametr üzrə özümüzü digərləri ilə müqayisə edirik. Amma yenə də geridə qaldığımız məlum olur.
Digər məsələ kadrların, xüsusən də menecerlərin peşəkarlığı ilə əlaqədardır. Kadr kazırlığı nəzəriyyələrində belə bir fikir var ki, hər hansı sahədə kadrın peşəkar olması üçün onun buy sahədə 10000 saat təlim alması gərəkdir (formal və ya qeyri formal olaraq). Bizdə elm və təhsil sahəsində son illər rəhbər vəzifələrə təyin edilən bəzi kadrların zəruri peşə təhsili səviyyələri nəinki 10000 saat, heç 100 saat da deyil. Belə qeyri peşəkar menecerlərlə biz Avropa universitetlərində 30 illik geriliyimizi aradan qaldıra bilərikmi?
Mətbuatda təhsil problemləri daha çox müzakirə obyekti olur. Çünki, bu sahədəki problemlər hər bir vətəndaşı narahat edir. Bu ərəfədə Millət vəkili, Etibar Əliyev “Universitet müəllimləri köhnə dərsliklərlə tədrisi yola verirlər” sərlövhəli məqaləsi dərc edilmişdi. Məqalədə universitetlərin dərsliklərlə təminatı problemlərinə toxunulmuşdu.
Ali təhsil sistemimiz bütün parametrlər üzrə "axsayır". Xüsusən də tədris-metodik təminat məsələlərində bu daha çox hiss edilir. Son 30 ildə görəsən TN ali məktəblərin tədris -metodik təminat problemlərinin həllinə, xüsusən də ali məktəblər üçün dərsliklərin hazırlanıb çap edilməsinə diqqət yetiribmi? Bu iş zəruri təlabatın neçə faizini əhatə edib? Büdcədən bu işlərə ildə nə qədər pul xərclənir? Bilən varmı? Niyə orta məktəblər üçün bu məsələnin həlli ETN-nin diqqətindədir (hərçənd məktəb dərsliklərinin də keyfiyyəti çox bərbaddır), ali məktəblər üçün isə bu məsələ başlı başına buraxılıb?
Ölkədə heç vaxt nə normal ali təhsil siyasəti, nə də ali təhsilə dair dərslik siyasəti olmayıb. Nəticə də ortalıqdadır. Bu problem müəllimlərin özfəaliyyəti kimi yox, sistemli təhsil siyasətinin nəticəsi kimi formalaşmalıdır.
15 il əvvəl TN yeni tədris edilən bir fənnə dair mənə dərslik yazmağı təklif etdi. Dərslik hazır olandan sonra bildirdim ki, kitab hazırdır, hansı nəşriyyata təqdim etməliyəm? Dedilər Siz kitabı öz hesabınıza dərc edin, sonra tələbələrə satıb pulunuzu çıxardın. Dedim ki, mən kitab satıcısı deyiləm, TN dərslik lazımdırsa, özü nəşr etsin və ATM-nə paylasın, lazım deyilsə, onda qalsın.
Bax budur təhsil siyasətimiz. Hər iş zəriru xərclərə qənaət etməklə daha çox mənimsəməyə xidmət edir (biliyin yox, büdcənin mənimsənilməsinə).
35 il əvvəl müəlliflərə dərslik yazmağa görə qonorar verirdilər, kitab da dövlət hesabına nəşr edilirdi, müəllif yalnız kitab yazırdı, tədqiqat aparırdı.
İndi ən zəruri məsələləri belə həll etmək, buna maliyyə xərcələmək istəmirik. Sonra da soruşuruq: necə edək ki, təhsilimiz rəqabətədavamlı olsun?
Millət vəkili Etibar Əliyev daha sonra məqalədə qeyd edir: "... dəyirmi masalar keçirilməlidir, aidiyyəti şəxslər dinlənilməlidir. Problem dərinləşmədən önününü kəsməliyik. "
Bəli. Universitetlərdə təhsilin müasir problemlərinə dair daimi fəaliyyət göstərən elmi seminrlar fəaliyyət göstərməlidir. Heç olmasa ayda bir dəfə bu seminarlarda dünya təhsilinin müasir inkişaf tendensiyalarına dair yerli və xarici təhsil ekspertlərinin məruzələri dinlənilməli, təhlil edilməli, nəticələr çıxarılmalıdır. Bu seminarlara ETN-nin məsul şəxsləri də dəvət edilməli, aparılan diskussiyalarda iştirak etməli, 30 illik geriliyin səbəblərini imkanları daxilində ictimaiyyətə izah etməli, dalandan çıxış yollarını xalqa göstərməlidirlər. Təhsil sahəsində az təcrübəyə sahib məmurların (10000 saat nəzəriyyəsi) belə elmi seminarlarda iştirakı həm də onların real təhsil problemlərə tədricən nüfuz etməsinə, ii öyrənməsinə kömək edə bilər.
ETN təhsilin inkişafı naminə hamı ilə (yerli və əcnəbi ekspertlərlə), hər cür əməkdaşlığa (elmi müstəvidə, praktik fəaliyyətdə, innovasiyaların yaradılması, təhlili, müzakirəsi, sınağı v.s.) hazır olmalı, qüvvələri birləşdirərək problemləri həll etməyə çalışmalıdır. Menecerlərin səriştəsizliyi bir yana, mənasız höcətlik etməklə geridə olan təhsilimizi daha da geri atırlar.
Son 2 ildə gedən proseslər göstərir ki, TN-in ETN-ə transfer edilməsi çox ləng gedir (yeni nazirliyin nizamnaməsinin hazırlanmasına 1 il vaxt getdi), yeni qurum da mövcud problemləri həll edə bilmir. Təhsil menecerlərimiz bizim universitetlərin dünya universitetlərindən 20-30 il geridə qalması faktini aydın dərk etməli, buna uyğun da yol xəritəsi hazırlamalıdırlar.
Çünki, “Elə sahələr var ki, bizim geri qalmağımıza ixtiyarımız yoxdur”.
(Prezident İlham Əliyev).
Bu sahələr isə elm və təhsildir.

Demokratikmusavat.com 

0.14697289466858