İsveçdə Rəsulzadənin 140 illik yubileyinə həsr olunan konfrans keçirilib

 

İsveçdə Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.

Bu barədə "Ölkə.Az"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, İsveçdəki “Qobustan” Aydınlar ocağının təşkilatçılığı ilə Stokholmda keçirilən konfransda bu ölkədə fəaliyyət göstərən müxtəlif dərnək və icmaların təmsilçiləri ilə yanaşı, Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın İsveçdəki səfirliyinin əməkdaşları, Stokholm ictimaiyyətinin nümayəndələri, M.Ə.Rəsulzadənin ailə üzvü Dr.Nazim Rəhimov, AMEA Şərqşünaslıq İnstitutunun professoru Solmaz Rüstəmova-Tohidi, BDU-nun professoru, jurnalist Qulu Məhərrəmli iştirak ediblər.

“M.Ə.Rəsulzadə irsi Azərbaycanın mədəni və ictimai fikir tarixində” mövzusunda keçirilən konfransı "Qobustan" Azərbaycan Aydınlar Ocağının sədri Səadət Kərimi açdıqdan sonra Azərbaycanın Dövlət Himni səslənib, Vətənimizin bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi yad edilib. Prezident İlham Əliyevin “M.Ə.Rəsulzadənin anadan olmasının 140 illiyinin qeyd olunması haqqında" sərəncamı oxunub.

Azərbaycanın İsveç Krallığındakı səfirliyinin müşaviri Cavanşir Məmmədov Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin əhəmiyyəti və rolu barədə məlumat verib. Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Leyla Həmzəyeva çıxış edərək Prezident İlham Əliyevin M.Ə.Rəsulzadənin anadan olmasının 140 illiyinin qeyd edilməsi haqqında 30 dekabr 2023-cü il tarixli Sərəncamının Azərbaycanda Cümhuriyyətə olan diqqət və dəyərin təcəssümü olduğunu bildirib. 2018-ci ilin Azərbaycanda “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildiyi və prezidentin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli Sərəncamına əsasən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar ölkədə və ölkə xaricində silsilə tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb.

Konfransda AMEA-nın Şərqşünaslıq institutunun əməkdaşı, professor Solmaz Rüstəmova-Tohidi iştirakçıların geniş marağına səbəb olan “Rəsulzadə və Azərbaycan milli dövlətçiliyi” mövzusunda məruzə ilə çıxış edib. Konfransda həmçinin “Rəsulzadənin virtual Ev-Muzeyi” videosu, xalq artisti Alim Qasımovun ifasında “Məhəmməd Əmin” musiqi parçası, həmçinin “Bütöv Azərbaycan” qısa filmi nümayiş etdirilib. Sonda Rəsulzadələr ailəsi adından çıxış edən Dr. Nazim Rəhimov elmi konfransın təşkilatçılarına öz təşəkkürünü bildirib.

0.14211583137512