Paşinyan həmin xəritəni parlamentdə göstərdi

 

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası prosesinin həyata keçirildiyi xəritəni göstərib.

“Qafqazinfo”  “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, o, bu haqda parlamentdə hökumət saatı zamanı danışıb.

Paşinyan bildirib ki, o, Tavuşda güzəştlər barədə ittihamları qəbuledilməz və məntiqsiz hesab edir, çünki mövcud dövlət sərhədi de-yure bərpa olunur:

“Mən bunu uğur hesab edərdim, çünki Ermənistan tarixində ilk dəfə danışıqlar yolu ilə sərhədi yaradır, suverenliyin, dövlətçiliyin və gələcək inkişafın əsasını qoyur”.

Onun sözlərinə görə, Ermənistan 1991-ci ildə Alma-Ata Bəyannaməsinə qoşulmaqla Sovet Ermənistanının sərhədləri daxilində müstəqil ölkəyə çevrildiyini bir daha təsdiqləyib:

“1991-ci ildə Ermənistan və Azərbaycan SSR arasında de-yure sərhədlər var idi və biz de-yure bu sərhədin bütün əsaslarını qaldırdıq, yoxladıq və yer üzündə “sərhəd keçdiyi yerdən keçir” prinsipi ilə bərpa etdik”.

“Ermənistanın suveren ərazisi delimitasiya olunmuş ərazilərdədir”, - Paşinyan əlavə edib.

0.24476408958435