Fransa hakimiyyəti müstəqillik uğrunda mübarizə aparan Yeni Kaledoniyada fövqəladə vəziyyət elan edib.
Demokratikmusavat.com xəbər verir ki, Fransa Daxili İşlər Nazirliyi uzun müddət həbsxana koloniyası kimi fəaliyyət göstərən və hazırda Fransa hərbi bazasının yerləşdiyi adaya əlavə polis qüvvələrinin göndərildiyini açıqlayıb. Nazirliyin məlumatına görə, 82 nəfər həbs edilib, 54 polis və jandarm yaralanıb. Hava limanı bağlanıb, onlarla reys təxirə salınıb.
Qeyd edək ki, artıq onilliklər boyudur Yeni Kaledoniyada yerli Kanak əhalisi ilə onun müstəqillik arzusunu boğmağa çalışan müstəmləkəçilərin övladları arasında gərginlik yaşanır. Son günlərdə gərginlik açıq qarşıdurmalara keçib. Fransa DİN arxipelaqda iki günlük komendant saatı və toplantılara qadağa qoyulduğunu elan edib. Müstəqillik tərəfdarı olan Kaledoniya Birliyi partiyasının sədri Daniel Qoa sakitliyə çağırıb, lakin bildirib ki, etirazlar “gənclərimizin daha Fransanın onları idarə etməsinə icazə verməmək əzmini göstərir”.
Qoa həmçinin “bizi rüsvay edən və heç bir halda işimizə və mübarizəmizə xidmət etməyən” talanları pisləyib.(Musavat.com)