İran mediası Azərbaycanı hədələdi: Növbə sizindir!

 

İran rəhbəri Əli Xameneinin ofisinin mətbu orqanı sayılan “Keyhan” qəzeti Qəzza məsələsi ilə bağlı dərc etdiyi məqalədə Azərbaycan Respublikasına qarşı təhdidamiz ifadələr işlədib. 

Axar.az xəbər verir ki, məqalə “Əgər etinasızlıq etsəniz, İsraildən sonra növbə sizdədir!" başlığı ilə dərc olunub.

Qəzetin əməkdaşı və yazının müəllifi Məsud Əkbəri məqalənin bir neçə yerində İsrail-Azərbaycan münasibətlərinə toxunub, İsrailin enerji ehtiyacının yarıdan çoxunun Azərbaycan nefti hesabına təmin olunduğunu vurğulayıb.

Bildirilib ki, Asiyadan Hind okeanı-Ədən körfəzi-Bab əl-Məndəb boğazı və Qırmızı dəniz marşrutu vasitəsilə İsrailin Eylat limanına mal daşınmalarının qarşısı husilər tərəfindən alınır:

“Qeyd etdiyimiz başqa bir strateji marşrut var, o isə Bakı-Tiflis-Ceyhan kəməridir. Bu dəhlizin pozulması sionist rejimin bütün iqtisadiyyatında böhrana səbəb ola bilər”

Xaricdə fəaliyyət göstərən İran hökumətinə müxalif ekspertlər “Keyhan” qəzetinin bu ifadəsini kəmərə qarşı təxribat çağırışı kimi dəyərləndiriblər.

Qeyd edək ki, “Keyhan”ın baş redaktoru radikal mövqeyi ilə tanınan Hüseyn Şəriətmədari birbaşa Əli Xameneinin göstərişi ilə bu vəzifəyə təyin olunub. Burada gedən yazılar İranın rəhbəri Əli Xameneinin başçılıq etdiyi mühafizəkar qanadın - SEPAH və ETTELAAT-ın mövqeyini əks etdirir.

 

0.75015807151794