İyul-avqust aylarında ətin qiyməti artacaq - PROQNOZ

 

Gürcüstandan xırdabuynuzlu heyvanların idxalı ilə bağlı qoyulan məhdudiyyət və Türkiyənin xaricə quş əti idxalını dayandırması ölkəmizdə ət və ət məhsullarının qiymətinin qalxacağı ilə bağlı iddialara səbəbə olub. Cəmiyyətdə xüsusən qırmızı ətin bahalaşacağı ilə bağlı narahatlıq var. 

Bəs yaxın vaxtlarda ət məhsullarında ciddi bahalaşma gözlənilirmi? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, Azərbaycan istər xırdabuynuzlu heyvanlar, istərsə də quş əti ilə bağlı tələbatın böyük qismini yerli istehsalla təmin olunur: 
“Azərbaycanda qoyun əti ilə özünütəminat səviyyəsi 97-98, quş ətində isə 78 faiz təşkil edir.

Xırdabuynuzlu heyvanlarla bağlı ölkəmizə başlıca idxal Gürcüstandandır. Lakin bu ümumi statistikada olduqca az yer tutur. Düzdü, bu idxal bazar qiymətinin formalaşmasına təsir göstərir, ancaq olduqca əhəmiyyətli deyil.

Quş əti ilə bağlı isə Türkiyə daxili tələbatla bağlı xaricə ixracı məhdudlaşdırıb. Biz isə təkcə Türkiyədən deyil, Rusiya, Belarus, Ukraynadan da quş əti idxal edirdik. Quş ətinin qiymətinin dəyişməsi yerli sahibkarların bazara çıxaracağı məhsulun həcmindən asılıdır”. 

Ekspert iyul-avqust aylarında ət və ət məhsullarında dövri qiymət artımının ola biləcəyini qeyd edib: 
“May-iyun ayında ət və ət məhsullarında ciddi qiymət artımı gözləmirəm. İyul-avqustda isə Qurban bayramının da təsiri ilə müəyyən artım ola bilər. Düşünürəm ki, bu il ümumilikdə ərzaq infiliyasiyası zəif olacaq. Nəzərə alaq ki, ilin əvvəlindən qida məhsullarının qiymətində eniş var. Ət və ət məhsullarında isə qiymət artımı dövri ola bilər, amma ümumi şəkildə ciddi artım gözlənilmir. Dediyim kimi, Qurban bayramı ərəfəsində və sonrasında hər il özünü göstərən artım ola bilər, ancaq bu qisamüddətlidir. Qiymətlərin stabil artımı gözlənilən deyil”. 

 

0.15014791488647