Qazaxıstanlı milyarder İngiltərə futbol klubunu aldı

 

Qazaxıstanlı milyarder Mixail Lomtadze “Uikom Uonderers” futbol klubunun majoritar sahibi olub.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Lomtadzeyə məxsus “Blue Ocean Partners Ltd” şirkəti “Uikom”un səhmlərinin 90 faizini alıb. Əməliyyatın məbləği açıqlanmır. Əvvəllər klub amerikalı iş adamı Rob Kauhiqə məxsus idi.

Mixail Lomtadze Kaspi.kz texnoloji şirkətinin səhmdarı, direktorlar şurasının üzvü və idarə heyətinin sədridir. 48 yaşlı iş adamının sərvətinin 5,7 milyard dollar olduğu bildirilir. O, Qazaxıstanın ən zəngin iş adamları siyahısında beşinci, “Forbes”in milyarderlər siyahısında isə 581-ci yerdədir.

“Uikom” 1887-ci ildə yaradılıb. Klub bütün tarixi boyu İngiltərənin aşağı divizionlarında çıxış edib. “Uikom”  keçən mövsümü Liqa 1-də (İngiltərə futbolunun üçüncü divizionu) keçirib və mövsümü 10-cu yerdə bitirib.

“Uikom”un tarixindəki əsas uğurlar İngiltərə Kubokunun yarımfinal (2001) və İngiltərə Liqa Kubokunun yarımfinal mərhələsidir (2006). 2019/20 mövsümündə “Uikom” Liqa 1 pley-offunu qazanıb və tarixində ilk dəfə “Çempionşip”ə yüksəlib, lakin orada uğurlu çıxış etməyib və növbəti mövsüm yenidən Liqa 1-ə düşüb.

 

0.14603281021118