Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat Turnirinin yarımfinalında azərbaycanlı Turan Bayramova məğlub olması ilə bağlı etirazı barədə qərar qəbul edib.
"Ölkə.az" xəbər verir ki, bu görüşün hakimi və nümayəndələrinin 2-8 ay müddətinə diskvalifikasiya edilməsi qərara alınıb.
Bunlar Roman Pavlov, Əli Sayvan, Aleksey Bazulin, Kamel Buaziz, İbrahim Çiçioğlu və Keysi Qesledir.
T.Bayramov isə görüşün qalibi olaraq qalıb. Çünki UWW-nin 53-cü maddəsinə əsasən, qalib döşəkdə elan edildikdən sonra görüşün nəticəsi dəyişdirilə bilməz.
Xatırladaq ki, Turan həmin qarşılaşmada (8:8) qalib gələrək Paris olimpiadasına lisenziya qazanıb.
Bundan sonra İtaliya Güləş Federasiyası hakim səhvləri ilə bağlı şikayət edib.
UWW komissiyaları şikayəti araşdırıb, hakimlər və nümayəndələrlə söhbətlər aparıb, sonra qərar qəbul edib.
İntizam Komitəsi həmçinin UWW-dən mayın 9-da İstanbulda başlayacaq dünya Olimpiya Təsnifat Turnirində Frank Çamizonu iştirakçılar arasında birinci yerə qoymağı xahiş edib.