“Sədərək” gömrük postunun əməkdaşlarına cinayət işi açıldı

 

Rüşvət müqabilində gömrük sərhəddindən malların keçirilməsinə şərait yaradan vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb edilib.

"Qafqazinfo” xəbər verir ki, "Sədərək” gömrük postundan müxtəlif adda dərman vasitələrinin Türkiyə Respublikasından ölkə ərazisinə nəzarətsiz keçirilməsi faktı ilə bağlı Muxtar Respublika Prokurorluğunda istintaq olunan cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İstintaqla Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin "Sədərək” gömrük postunun əməkdaşları Saday Paşayev və Nihad Məmmədovun rüşvət müqabilində qabaqcadan əlbir olduqları Seymur Ağayev, Yalçın Teymurov və Fərəc Fərəcovla birgə dövlət qeydiyyatı tələb olunmasına baxmayaraq, qanunla nəzərdə tutulmuş qaydada qeydiyyatdan keçirilməyən ümumilikdə 12 min manatdan artıq dəyəri olan 25 adda dərman vasitələrini müxtəlif vaxtlarda satış məqsədilə ölkə ərazisinə idxal etmələrinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə Saday Paşayev və Nihad Məmmədov Cinayət Məcəlləsinin 200-1.2.1, 200-1.2.2, 200-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi), 311.3.1, 311.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar rüşvət alma) maddələri ilə, Seymur Ağayev həmin Məcəllənin 200-1.2.1, 200-1.2.2, 200-1.2.3, 32.5, 311.3.1 və 32.5, 311.3.2-ci (rüşvət almada köməkçi) maddələri ilə, Yalçın Teymurov və Fərəc Fərəcov isə həmin Məcəllənin 200-1.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq olunaraq baxılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

0.17535185813904