UEFA "Qarabağ"a ciddi xəbərdarlıq edib.
Ölkə.az qol.az-a istinadən xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Braqa" cavab oyununda azərbaycanlı bloggerlərin qaydalara zidd şəkildə stadiondan çəkilişlər aparması və ümumi çəkiliş qaydalarını pozması UEFA-nın Ağdam təmsilçisinə ciddi xəbərdarlıq etməsinə səbəb olub.
Bu barədə məlumatı "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev də təsdiq edib.
O, bəzi blogerlərin fotoqraf akkreditasiyası alaraq videoçəkilişlər etməsinə görə belə hal yaşandığını söyləyib:
"UEFA-nın sırf meydankənarı, yəni, qapıarxası çəkiliş standartları var. O ərazi yalnız fotoqraflar üçün nəzərdə tutulub. Son oyunlarda belə hal müşahidə etdik ki, bizdən fotoqraf akkreditasiyası alırlar, telefon çəkilişləri, videoçəkilişlər edirlər. UEFA-nın sırf media hüquqlarına sahib şirkətlərlə bağlı çox ciddi yanaşması var. Çəkiliş hüququ sadəcə media hüquqlarına sahib şirkətlərə məxsusdur. Kənar hər hansı bir şəxs, televiziya və ya şirkət oyundan görüntülər çəkib onu yayımlamaq hüququna sahib deyil. Hətta klubun özü belə, 24 saat ərzində sosial şəbəkə hesabında. saytında, televiziyasında belə görüntülər yayımlaya bilməz".
A.Hacıyev söyləyib ki, UEFA məsələ ilə əlaqədar "Qarabağ"a ciddi xəbərdarlıq edib, lakin klub cərimələnməyib:
"Bəzi xəbərdarlıqlar oldu. Bu məsələ var. Digər tərəfdən də fəaliyyətin göstərilməsi ilə də bağlı bəzi problemlər var. Çəkilişlər aparan şəxslər müəyyən ərazidən kənara çıxmamalıdırlar. Onların konkret fəaliyyət ərazisi var. Sırf son matçda onların tez-tez bu ərazini tərk etməkləri, hətta qol anında meydana daxil olmaqları UEFA tərəfindən ciddi qayda pozuntusu kimi qeydə alınıb, bizə bu barədə xəbərdarlıq olunub. İnşallah, cərimələnmərik, UEFA hansısa bir halı nəzərə alar, cərimə etməz. Lakin sırf UEFA tərəfindən "Qarabağ" - "Braqa" oyununa təyin olunmuş nümayəndələr matçdan sonra bizə ciddi xəbərdarlıq etdilər. Bu halın təkrarlanmaması ilə əlaqədar ciddi xəbərdarlıqlar oldu".
A.Hacıyev qeyd edib ki, Avroliqanın 1/8 final mərhələsində "Bayer"ə qarşı keçirəcəkləri ev oyunu üçün akkreditasiya məsələlərinə daha diqqətli və ciddi yanaşacaqlar:
"Budəfəki akkreditasiya dövründə bu məsələləri nəzərə alacağıq. Yalnız işini ciddi görən, sırf iş prosesimizə mane olmayan media nümayəndələrinə akkreditasiya verəcəyik".
Qeyd edək ki, "Qarabağ" "Braqa"nı iki oyunun cəmində məğlub edərək (ilk matç - 4:2, cavab oyunu - 2:3) Avropa Liqasının 1/8 final mərhələsinə adlayıb. Komanda bu mərhələdə "Bayer"lə qarşılaşacaq. Ağdam təmsilçisi ilk görüşünü martın 7-də Bakıda, cavab oyununu isə martın 14-də Leverkuzendə keçirəcək.