“Qarabağ” Andrey Lunyova yeni müqavilə təklif edib.
"Ölkə.az" xəbər verir ki, bunu 32 yaşlı qapıçının meneceri Anton Smirnov “RB Sport”a açıqlayıb.
O bildirib ki, sözləşmə müddətinin uzadılması təklifi “Qarabağ”dan gəlib: “Şərtlər müzakirə olunur. Andrey Lunyov hələlik cavab verməyib”.
Rusiyalı ötən ilin ayında “Bayer”dən bura gəlib. Azad agent statusu ilə müqavilə bağlayan kiper bu mövsüm “Qarabağ”ın heyətində 22 oyun keçirib. Onun sözləşməsi cari mövsümün sonunda başa çatacaq.
Azərbaycan çempionunun Lunyovla yola davam etməsi barədə ilk xəbər saytımıza məxsusdur. Bir neçə həftə öncə oxucularımızı bu barədə məlumatlandırmışıq.
Danışıqların gedişi hələlik normaldır. Rus “əlcək sahibi”nə bir neçə təklif var. Əsasən də ölkəsindən. Andreyin vətənindən aldığı dəvətlər maddi cəhətdən daha cəlbedicidir. Sadəcə, Rusiya klublarının avrokuboklara buraxılmaması onu narahat edir. Bu səbəbdən “Qarabağ”da qalmağa meyllidir.
“Köhlən atlılar” onunla kontraktın müddətini daha 2 il uzatmağa maraqlıdır. Əsas maliyyə şərtləridir. Ağdam təmsilçisi bu yöndə də Lunyova anlayış göstərməyə hazırdır. “Okey” versə, illik qazancı indiki ilə müqayisədə təqribən iki dəfə artacaq. (sportinfo.az)