Azərbaycanın MMA döyüşçüsü Mirəli Hüseynov ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində keçirilən "Lights Out Xtreme Fighting" yarışında kəmər qazanıb.
"Ölkə.az" "Report"a istinadla xəbər verir ki, 29 yaşlı idmançı yarışda 75 kiloda rəqibi tanınmış MMA döyüşçüsü, yerli idmançı Tommy Aarona qalib gəlib. O, qələbəsini arenada Azərbaycanın üç rəngli bayrağına bürünərək qeyd edib.
Həmyerlimiz “Report”a açıqlamasında deyib ki, qələbəsini Azərbaycanın bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizə həsr edib: "Uşaqlıqda güləşlə məşğul olmuşam. Azərbaycanda bir çox çempionluqlarım var. MMA-da dəfələrlə Azərbaycan çempionu olmuşam və beynəlxalq yarışlarda ölkəmizi laqincə təmsil etmişəm.
İki ildir, Kaliforniyada "America Kickboxing Academy (AKA)"-da yarışlara hazırlaşıram. Daha əvvəl də bir necə qələbə qazandım və bundan sonra da uğurların ardı gələcək. Ölkəmdən uzaqda olsam da bütün uğurlarımı Azərbaycana həsr edirəm. Bu qələbəmi Azərbaycanın bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizə həsr edirəm".
M.Hüseynov vurğulayıb ki, hədəfi yaxın gələcəkdə UFC-də ("Ultimate Fighting Championship" (UFC)) iştirak etməkdir.