Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov Türkiyədə yenidən əməliyyat olunacaq.
"Ölkə.az" xəbər verir ki, bu barədə Oxu.Az-a PFL-in media və marketinq direktoru Sənan Abdullayev açıqlamasında bildirib.
S.Abdullayev bildirib ki, əməliyyatın yanvarın 8-də olacağını söyləyib: “Deyilənə görə, durumu yaxşılaşır. Sabah ayağından yenidən əməliyyat ediləcək. Daha sonra bərpa-reabilitasiya prosesləri davam etdiriləcək”.
S.Abdullayev vitse-prezident Aslan Şahgəldiyevin vəziyyəti haqqında da danışıb:
“Aslan müəllim fizioterapiyaya başlanılıb, tikişləri sökülüb. Eyni zamanda müayinələr davam edir. Amma ayağa qalxması üçün zaman gərəklidir, bədəni zəifləyib. Asta-asta fizioterapiya icra olunur. Ayağa qalxmaq üçün tam risk edilmir. Çünki uzun müddət yataqdan durmadığı üçün bədəni zəifdir. Ümumi tikişləri sökülüb, çox ehtiyatla bərpası gedir”.
O, qəzada xəsarət alan digər əməkdaşlar - icraçı direktor Zaur Hacı-Məhərrəmov, texniki-idman direktoru Elgiz Abbasov, sürücü Rasim Qafarlı və özünün müalicəsinin ev şəraitində davam etdiyini deyib:
“Sabah Elgizlə mən son yoxlamalar üçün xəstəxanaya yollanmalıyıq. Rentgen olunacağıq. Sabah sağ ayağımın daban nahiyyəsindəki tikişlər söküləcək. Həkim bizə əsaların köməyi ilə yerimək olar, yoxsa yox məlumat verəcək”.
Xatırladaq ki, hadisə dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb.
Qeyd edək ki, PFL prezidenti Elxan Səmədov üçüncü dəfə əməliyyat olunacaq. O, bir dəfə Bakıda, daha sonra Türkiyədə cərrahi müdaxiləyə ehtiyac duyub.