Keçmiş basketbolçu paylaşımına görə vəzifəsindən uzaqlaşdırıldı

 

İsraili tənqid edən keçmiş fransalı basketbolçu Emilie Qomiş 2024-cü ildə keçiriləcək Olimpiya Oyunlarının Atletlər Komissiyasından uzaqlaşdırılıb.

Qaynarinfo-nun məlumatına görə, bu il Parisdə keçiriləcək yarışın Atletlər Komissiyasının internet saytında onun üzvlər siyahısından çıxarılıdığı bildirilib. Buna səbəb idmançının İsrailin müstəmləkəçilik siyasətini tənqid etməsi olub. Qomişin 2024-cü il Paris Olimpiadasının səfiri vəzifəsindən uzaqlaşdırılıb-uzaqlaşdırılmayacağına isə yaxın günlərdə qərar veriləcək. Keçmiş basketbolçu, eyni zamanda Paris Olimpiya Oyunlarının İdarə Heyətinin də üzvüdür. Fransa mətbuatı Qomişin Olimpiada çərçivəsində digər vəzifələrindən də uzaqlaşdırılacağını yazıb.

İdmançı ötən ilin oktyabrında "İnstaqram" hesabında İsrailin müstəmləkə siyasətini tənqid edən paylaşımla diqqət çəkmişdi.  Sözügedən yazıda Fransa ərazisinin üç fərqli tarixə - 1947, 1967 və 2023-ə aid xəritəsi də yer almışdı. Paylaşılan xəritələrdə İsrail bayrağının zamanla Fransa bayrağını əvəz etdiyi görünürdü. Qomiş öz paylaşımında "Bu vəziyyətdə nə edərdiniz?" -  ifadələrinə yer vermişdi. Keçmiş basketbolçu postu yazdıqdan bir gün sonra silib və antisemit olması ilə bağlı ittihamları rədd edib.

Ölkə mətbuatı Fransa Olimpiya Komitəsinin Etika Komitəsinin tövsiyəsi ilə Qomişin 2024-cü il Olimpiya Oyunlarının Atletlər Komissiyasından kənarlaşdırılacağını bildirib. İdarə Heyəti üzvlərin qərəzsiz olmasını tələb edib və basketbolçunun İsrailin siyasəti ilə bağlı yazısının etik prinsipləri pozması kimi qiymətləndirib.

0.21311902999878