Təhsildə “Nəyi, necə etməli" problemi

 

"Biz nə etməli olduğumuzu bilirik, lakin necə etməli olduğumuzla bağlı problemlər yaşayırıq." (ETN E. Əmrullayev).

Nazirin bu sözlərini oxuyanda düzü təəccübləndim. Təhsildə nə etmək lazım olduğunu səthi də olsa, adi müəllimlər də bilir, problemlərin çoxu onsuz da göz önündədir. Necə deyərlər "kor-kor, gör-gör". Əsas məsələ bu problemləri necə həll etməyi bilməkdir. Bunu isə ölkənin təhsil siyasətini formalaşdıran və reallaşdıran dövlət qurumu-ETN müəyyən etməlidir. Amma onun real vəziyyəti etiraf etməsini düzgün addım hesab edirəm. Əgər belə bir etiraf varsa, onda vəziyyət düşündüyümüzdən də ağırdır. Amma tək əldən də səs çıxmaz.
Əgər biz 10 ildə “nəyi necə etməli” olduğumuzu hələ də bilmiriksə, onda hələ yaxın illərdə də buna cavab tapılmayacaq, çünki, bu heç də sadə sual deyil. Bu suala cavab tapmaq üçün ciddi araşdırmalara ehtiyac olacaq (hansı ki, son 30 ildə olmayıb). Biz isə bu gün bu təhsildə konkret inkişaf gözləyirik, bu inkişaf hələ tezliklə olayacaq. “20 il+10 il”, bu az müddət deyil. Tarixdə az müddətdə savadsızlar diyarında keyfiyyətli elm və təhsil yaradan dövlətlər olmuşdur. Sovet təcrübəsi, elə qardaş Türkiyənin son 30 illi təcrübəsi buna nümunədir.

“Necə edək ki, reytinqlərimiz yaxşılaşsın?” (E. Əmrullayev).

Bir müddət əvvəl nazir belə bir sualla müraciət etmişdi. Mən nazirin bu kimi problemləri etiraf etməsinə müsbət yanaşıram. Həqiqətən də təhsildə problemlər çoxdur və ölkədə onların həlli yollarını təklif edən xüsusi qurumlar, beyin mərkəzləri, strateji araşdırma mərkəzləri yoxdur, yaradılması haqqında düşünən də yoxdur (hərçənd ETN-nin nəznində bir strateji mərkəz var, amma onun nə işlə məşğul olduğunu bilən yoxdur, çünki, fəaliyyəti yoxdur, heç saytları da yoxdur). Əslində belə məırkəzlərə kəskin ehtiyacın olduğunu da ETN qəbul etmir. Amma belə müəssisələr olmasa, heç vaxt “nəyi necə etməli” sualına cavab tapa bilməyəcəyik.
RF-da “Təhsil Akademiyası” var (sovet vaxtının “Pedaqoji Elmlər Akedemiyası”-PEA), tərkibində də 35-40 elmi tədqiqat insitutu var. Bunlardan əlavə əksər universitetlərin tərkibində təhsil tədqiqatları aparan ETİ-ları da mövcuddur. Ümumən RF-da təhsilin inkişafına xidmət edən yüzlərlə ETİ var. Hər bir institut təhsilin bir istiqaməti və ya tabe olduğu universitetin problemləri üzrə elmi-metodik araşdırmalar aparır, layihələr icra edir, RF ETN-dən qrantlar alır, təkliflər verir, beləliklə “nəyi necə etməli” kimi sualların cavabı vaxtında və elmi cəhətdən əsaslandırılmış formada təklif edirlər.
Sovet vaxtı bizim təhsilin vəziyyəti indikindən xeyli yaxşı idi. Çünki, bütün strateji və taktiki qərarlar belə ETİ-da və PEA-da hazırlanırdı. Sonra ittifaq nazirliyinə, ordan da müttəfiq respublikaların müvafiq nazirliklərinə yollayırdılar. Ona görə də o illərdə təhsildə “nəyi necə etməli” kimi suallar yaranmırdı.
Bu sual ilk dəfə 30 il əvvəl yaranmalı idi. Amma heç kim bu sualı o vaxt vermədi. Çünki, “müstəqil ölkənin elm və təhsilini necə qurmaq olar?” kimi sual ortalıqda yox idi. Zənn edirdilər ki, hər şey öz-özünə, təbii şəkildə həll olunacaq, köhnə abu hava beyinlərdən getməmişdi. 25-30 ildir ki, “nəyi necə etməli” sualını vermədən, zəruri araşdırmalar aparmadan təhsil islahatı aparırıq. Təbii ki, elmi əsası olmayan islahatlar nəticə verə bilməzdi, çünki, sistemsiz idi, səthi idi. İndi təhsilimiz sanki, okeanda yolunu azmış gəminin vəziyyətindədir.
“Nəyi necə etməli” kimi suallara araşdırmalar aparmadan, 1-2 iclasla həll etmək mümkün deyil (özüdə alimlərin iştirakı olmadan). Qəribə budur ki, gənc menecerlərin elmə, o cümlədən təhsil elmlərinə biganəliyidir. Onların elmi fəaliyyət təcrübəsi təbii ki, yoxdur, elmin gücünü, potensialını düzgün qiymətləndirə bilmirlər, bu səbəbdən elmə müraciət etmirlər.
Elmi nihilizim göz önündədir. Biz 2 il əvvəl bu mövzuda geniş bir video müsahibə vermişdik (müsahibə youtubda var: "Azərbaycan təhsilinin problemləri - HƏLƏ DƏRSLİK YAZA BİLMİRİK" adlı). Müsahibədə qeyd etmişdik ki, ölkədəki təhsil islahatları səmərəsizdir, çünki, islahat heç bir elmi bazaya, konkret tədqiqatların nəticələrinə əsaslanmır. O vaxt bu qurum TN idi, indi ETN olub. Heç olmasa yeni adına uyğun olaraq öz fəaliyyətində elmə əsaslansınlar.
Nazir tez-tez deyirdi ki, mənə problemlərdən danışın, ideya verin. Ayrı-ayrı təkliflərdən konsepsiyalar, strategiyalar, yol xəritələri formalaşdırmaq mümkün deyil. Bu məsələlər uzunmüddətli tədqiqatlara əsaslanan tövsiyyələr və fəaliyyətlər əsasında həll edilə bilər. Yalnız bu yolla ölkənin təhsil siyasəti formalaşa və reallaşa bilər. Digər tərəfdən verilən təkliflər də nəzərə alınmır. Şəxsən mən, bu il təhsilə dair 100-dən artıq məqalə yazmışam, hər məqalədə də bir problemi qaldırıb, həlli üçün təklif vermişəm. Amma havada asılı qalıb təkliflər.

“Alimlər tədbirlərə çağırılmayanda inciməməlidir. Əksinə, hər tədbirə çağırılmamalıdır ki, tədqiqatı ilə məşğul olsun.” (E.Əmrullayev).
Alimə olan bu “hörmət və qayğı” haradan qaynaqlanır? Bu qədər problemlərin içində boğulan təhsil sisteminin rəhbərliyi elmə dəyər vermədiyi, alim sözünü eşitmədiyi, yazılanları oxumadığı, nəticələr çıxarmadığı bir yana, heç onlarla ünsiyyətə girmək də istəmir, yəqin müzakirələrə hazır deyillər, belə görüşlərə risk etmirlər. Əgər alimə həqiqətən dəyər verilirsə, onun inkişafına maraq varsa, onların xarici ölkələrdə təhsil problemlərinə dair konfranslarda iştirakına şərait yaradın, yazdığı kitablara qonarar verin, kitablarının çapına kömək edin v.s. “Hər uca rütbədən biliniz fəqət. Alimin rütbəsi ucadır, əlbət”.
Bu gün ölkənin nə təhsil, nə də elm siyasəti ortalıqda yoxdur. Epizodik və sistemsiz taktiki addımlarla, 30 ildə yığılan sistem xarakterli kompleks problemləri həll etmək mümkün deyil. Dəfələrlə qeyd etdiyimiz kimi, ölkədə təhsil problemlərini araşdıran elmi tədqiqat institutları yaradılmalıdır (ən azı 5-6 ETİ olmalıdır).
ARTİ son 10 ildə çox gerilədi. Ona rəhbərlik edənlər bu institutun təyinatını düz qiymətləndirə bilmədilər. ETİ-na elmi təcrübəsi olmayan, bu institutun fəaliyyətinə uyğun bir məqalə yazmayan rəhbərlər instituta nə verə bilərdi ki? Orda tanınmış alim, elm təşkilatçısı, sahənin problemlərini və həll yollarını bilən kadr rəhbər ola bilərdi (sovet dönəmində olan kimi). Ona görə də institut öz təyinatından, ənənəvi fəaliyyətindən yayındı. ARTİ bu müddət ərzində elmi tədqiqat mərkəzindən adi bir təlim kursuna çevrilib.
Ölkədəki təhsil problemlərinin həlli üçün “nəyi necə etməli” sualının cavabı isə təhsil problemlərinin araşdırılması, sistemləşdirilməsi, elmi əsaslarla həll yollarının tapılmasını tələb edir. “Qüvvət elmdədir” həqiqəti hələ də nəzərə alınmır. Hər dəfə təhsilə dair beynəlxalq reytinqlərin nəticələri dərc ediləndə, sanki, zəlzələ sonrası olduğu kimi, 1-2 gün narahatlıq keçirdib, təcili yığışıb müzakirələr aparıb, dağılışmaqla 30 il ərzində qalaqlanmış, kompleks xarakterli təhsil problemlərini həll etmək mümkün olmayacaq.

0.13954591751099