Qızılcaya yoluxmanın sürətlə yayılma səbəbi və necə qarşısı alınmalıdır - AÇIQLAMA

 

“Hazırda qızılcaya yoluxanların sayının sürətlə artmasının şahidi oluruq. Sual yaranır ki, icbari dispanserizasiya aparılanda peyvəndləmənin nə qədər az olması ilə bağlı statistika aparılıbmı? Təbii ki, aparılsaydı, bu gün vaksinasiya olmayan uşaqların da sayı bəlli olardı. Bu gün qızılcaya yoluxmanın artmasının əsas səbəbi əhali arasında vaksinasiyanın aparılmamasıdır. Bütün bunlara baxmayaraq, hər il dispanserizasiya üçün büdcədən kifayət qədər vəsait ayrılır”.

Bunu Ölkə.Az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü deputat Müşfiq Məmmədli son günlərdə qızılcanın sürətlə yayılmasının səbəblərini izah edərkən deyib. 

Onun sözlərinə görə, qızılcaya qarşı mübarizənin iki istiqaməti var. “Biri profilaktik mübarizə, ikincisi isə yoluxma ocaqları meydana gəldikdən sonra bu ocaqların ləğv olması istiqamətində olan mübarizədir”.

Əlavə edib ki, profilaktik mübarizə 1 yaşa qədər uşaqlar üçün ilkin peyvəndləmə, daha sonra 5-6 yaşda revaksinasiya olunur: “Bu zaman qızılcaya qarşı dayanıqlı immunitet formalaşır. Bunun üçün İlkin Səhiyyə Xidməti buna uyğun şəraitdə peyvəndləndirmə aparılmalıdır. Əgər peyvəndlənmədə axsamaya yol verilirsə, bu, sonrakı 4,5 il ərzində, yaxud sonrakı 2-3-cü ilindən başlayaraq yoluxma halları daha da artıracaq.

Bunlar onu göstərir ki, sonrakı mərhələlərdə bu cür proseslərlə qarşı-qarşıya qalmamaq üçün indidən vaksinasiya işi düzgün qurulmalıdır. Yoluxmalar olduqdan sonra isə qızılca daha çox 18 yaşa qədər olan şəxslərdə özünü büruzə verir. Amma orta yaş və yuxarı yaşda da qızılcaya yoluxma halları müvafiq olaraq müşahidə oluna bilər. Əgər bu cür hallar yaranıbsa öncədən tədbir görmək lazımdır.

Qızılcada səpkilər meydana çıxdıqdan sonra onun yoluxma intensivliyi azalır. Əsas yoluxma müddəti qızılca səpkiləri yaranmadan öncədir. Asqırma, öskürmə, temperatur 37 dərəcə olduqda əlamətlər büruzə verir. Həmin şəxslər evdə yatmalıdır, həmin yerdə isə dezinfeksiya və havalandırma tədbirləri görülməlidir. Yoluxma çox olan yerlərdə isə sürətli vaksinasiya aparmalıyıq”.

Mürtəza
Ölkə.Az

0.18679594993591