Tehranın Bakıya qarşı “U” dönüşü: məcburiyyət və yeni mərhələ 

 

Son 3 ildə yaşanan gərgin anlardan sonra Tehran Bakıya qarşı yürütdüyü siyasətin yanlış olduğunu və bunun ona xeyir gətirmədiyini anladıqdan sonra Azərbaycana olan münasibətini dəyişmək məcburiyyətində qaldı. Tehranın Bakıya qarşı əsassız iddialardan geri çəkilməsi ilə iki ölkə arasındakı “buzlar” tədricən əriməyə başlayıb və münasibətlərdə bir ilıqlaşma müşahidə edilməkdədir.

Noyabrın 9-da Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə İran prezidenti İbrahim Rəisi arasındakı görüş və orada verilən mesajlar iki ölkə arasındakı münasibətlərin yeni bir mərhələyə qədəm qoyduğunun bariz göstəricisidir.

Birinci mesaj ondan ibarətdir ki, Tehran artıq Bakının Cənubi Qafqazda yaratdığı yeni reallığı, Ermənistan üzərindəki qəbələsini, bunun geridönməzliyini qəbul edərək açıq mətnlə bəyan edir.

İran prezidentinin görüşdə “biz, çox sevinirik ki, Qarabağ uzun illərdən sonra öz əzəli ərazisinə qovuşdu. Qarabağ Azərbaycandır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edə bildi. Ümid edirik ki, Qarabağ yenidən qurulacaq və bərpa olunacaq” bəyanatını anlamı qısaca belə demək olar “Qarabağ Azərbaycandır!”. Yəni Tehran da “Qarabağ Azərbaycandır!” deməklə bu torpaqlarının əzəli sahibi Azərbaycanın olduğunu dünyaya açıq mesajla çatdıraraq qəbul etdiyini bildirdi.

İkinci mesaj isə Tehranın Bakının yaratdığı reallığı qəbul edərək Qarabağın yenidən bərpasında iştirakını söyləməsi idi.  

Üçüncü mesaj isə regional nəqliyyat və tranzit layihələrinin icrası ilə bağlı olan məsələdir.

Rəisinin görüşdə verdiyi bu bəyanatlar Azərbaycanın xarici siyasətinin və diplomatiyasının növbəti uğuru kimi qiymətləndirilməlidir. 

Bunu eyni zamanda Ermənistan və onun havadarlarına qarşı növbəti ağır zərbə kimi dəyərləndirmək lazımdır. Çünki İrəvan və onun havadarları, xüsusən də Fransa hər vasitə ilə Tehran-Bakı münasibətlərinin pozulmasına və bunun geridönməz bir proses alması istiqamətində ciddi səylər göstərirdilər. İrəvan və Paris Tehranla Bakı arasındakı münasibətləri pozub qarşı-qarşıya qoymaqla həm Azərbaycanın İkinci Qarabağ savaşından sonra bölgədə yaratdığı reallığı dəyişməyə, həm də Azərbaycana qarşı çirkin planlarını reallaşdırmağa çalışırdırlar. Bu çirkin planlar ermənilərin yenidən revanşist hərəkətlərinə hərtərəfli dəstək verib vəziyyətin onların xeyrinə dəyişməsinə nail olmaq, Bakını müttəfiqləri və dostları ilə münasibətlərini pozub təcrid vəziyyətinə salmaq, Azərbaycanı davamlı təzyiq altında saxlamaqla onu güzəştə vadar etmək, Azərbaycanı təxribata sövq edib bölgədə onun xeyrinə olmayan situasiya yaratmaq idi. Ən mühüm məqamlardan biri də sülh danışıqları prosesini, ən əsası da kommunikasiyalarla bağlı gündəliyi İrəvanın xeyrinə dəyişmək idi. Lakin Bakı yürütdüyü çevik və uğurlu diplomatiya nəticəsində Azəbaycana qarşı növbəti çirkin planları alt-üst edib qarşı tərəfi pat vəziyyətinə salan durum yaratdı. Bununla da İrəvanın siyasəti növbəti dəfə iflasa uğrayıb əks-proses başladı. Belə ki, İrəvanın və onun havadarları tərəfindən Azərbaycana qarşı qurulan oyunları onların özlərinə qarşı çevirməli oldu. 

Azərbaycan Prezidenti İlham Əliyev Rəisi ilə görüşdə açıq bəyan etdi: “Əvvəlki illərdə də biz regiondankənar qüvvələrin İranla Azərbaycan arasında dostluq münasibətlərinə müdaxilə etmək cəhdləri oldu və bunlar nəticəsiz qaldı. Əminəm ki, indi də düşmənlərimiz öz məqsədlərinə çatmayacaqlar. İran və Azərbaycan bundan sonra da uğurla əməkdaşlıq edəcək və münasibətləri gücləndirəcəklər”.

Məhz bunun nəticəsidir ki, son aylarda Tehran-İrəvan münasibətlərinin soyuqlaşması prosesini müşahidə etməkdəyik. Düzdür, bu soyuqlaşma hələ kəskin xarakter almasa da, Tehran İrəvanın yürütdüyü xarici siyasətdən ciddi narahatlığını dilə gətirməkdədir. 

Bununla da Azərbaycan bir hərəkətlə - necə deyərlər, “bir güllə ilə iki dovşanı vuraraq” bir neçə məsələni həll etdi:

- Azərbaycanın Cənubi Qafqazın gündəliyini müəyyən edən əsas oyunçu olduğu göstərdi;
- Tehranla münasibətlərdə kompromisli variantı əldə etməklə İrəvanı və onun havadarlarını tərksilah edib onları çıxılmaz vəziyyətə saldı;
- İrəvanın Bakıya qarşı təzyiq mexanizmini sıfıra endirmək və bunun əks-prosesini başlatdı;
- Ermənistanın mühüm regional logistik layihələrdən kənarda qalması, təcrid siyasətinin davam etməsi, bu ölkənin cəlbedici olmayan əhəmiyyətsiz bir dövlətə çevrilməsi və nəticədə çıxılmaz situasiyaya düşməsi baxımdan gediş etdi;
- Ermənistanın bölgədə təklənmiş bir vəziyyətə düşməsinə səbəb oldu.  

Bunu eyni zamanda Tehran üzərindəki uğur kimi qiymətləndirmək lazımdır. Tehran anladı ki, bu qarşıdurmadan daha çox faydalanmaq istəyən Ermənistan və onun havadarlarıdır. İrəvan bu qarşıdurmadan istifadə etməklə Qərbin simasında Fransanın bölgədə oturuşmasına nail olmağa çalışırdı ki, bu da nəticə etibarilə onların xeyrinə deyil. Ona görə də Tehran başa düşdü ki, nəticədə bu qarşıdurmadan udan yox, itirən tərəf olacaq və ona görə də Bakı ilə əlaqələrin yenidən əvvəlki vəziyyətə qaytarılması istiqamətində “U” dönüşü etməli oldu.
Mürtəza
Ölkə.Az

0.14497208595276