“44 günlük İkinci Qarabağ müharibəsində dünya hərb tarixinə yeni səhifə yazan yenilməz Azəbaycan Ordusu növbəti qələbəyə imza atdı. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sentyabrın 20-də xalqa müraciətində Ordumuzun peşəkarlığı, döyüş ruhu, mükəmməl plan əsasında fəaliyyəti və bunların fonunda üzərinə düşən missiyanı şərəflə yerinə yetirməsi ilə bağlı səsləndirdiyi fikirlər hər birimizdə böyük qürur hissi yaratdı. Sentyabrın 19-da lokal antiterror tədbirlərinə başlanılması və qısa zamanda uğurla başa çatması ordumuzun peşəkarlığının növbəti təqdimatı oldu. Tarixi Zəfərimizdən sonra ölkəmizin əsas hədəfləri sırasında dayanan mühüm məsələlərdən biri müdafiə gücümüzün artırılmasıdır. Bu mühüm məqamı da qeyd edək ki, cari ilin dövlət büdcəsinə edilən əlavələrin bir qismi işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə, digər qismi isə müdafiə qabiliyyətimizin artırılmasına yönəldilib. Azərbaycan dövləti hər zaman ordu quruculuğu prosesini diqqətdə saxlayır. Rəşadətli Ordumuzun postmünaqişə dövründə Ermənistan silahlı qüvvələrinin hər bir təxribatının qarşısını qətiyyətlə alması bir daha Ordumuzun artan gücünün nümayişidir. Prezident İlham Əliyev xalqa müraciətində bildirdi ki, bütün Silahlı Qüvvələrimizin peşəkarlığı, texniki imkanları bu vəzifəni şərəflə yerinə yetirməyə şərait yaratdı. Azərbaycan əsgəri, zabiti həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər göstərdi. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Silahlı Qüvvələrimiz heç bir mülki şəxsə ziyan vurmadı, dinc sakinləri hədəf almadı, mülki obyektlərə atəş açmadı. Tapşırığı yüksək səviyyədə yerinə yetirərək yalnız hərbi infrastruktur sıradan çıxarıldı. Tarixi Zəfərimizdən sonra Azərbaycan dövləti dəfələrlə erməni silahlı birləmələrinin ərazilərimizdən çıxarılmasını tələb etdi. Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın öhdəliklərinə laqeyd yanaşması, onların icrasına maraq göstərməməsi, sülh müqaviləsinin imzalanması prosesinin uzanması üçün mütəmadi təxribatlar törətməsi vəziyyətin daha da gərginləşməsinə səbəb oldu. Azərbaycanı antiterror tədbirləri görməyə qarşı tərəf məcbur etdi”.
Bu fikirləri “Ölkə.Az”a açıqlamasında Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.
Onun sözlərinə görə, Azərbaycan hər zaman istədiyinə nail olur, hədəfləri reallığa çevirir. “Təbii ki, bu uğurlara əsas verən ölkəmizin ədalətə və beynlxalq hüquqa söykənən siyasətidir. 30 illik işğal dövründə xalqımız hər zaman bu əminliyi ifadə etdi ki, dövlətimizin uğurlu siyasəti nəticəsində torpaqlarımız işğaldan azad ediləcək, bu ərazilərdə yeni həyat başlayacaq. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin keçmiş məcburi köçkünlərlə görüşlərində onlar üçün yaradılan şəraitin müvəqqəti olması, tezliklə münaqişənin həll edilərək öz dogma yurd-yuvalarına qayıdacaqları ilə bağlı böyük inamla söylədiyi fikirlər, bu istiqamətdə atılan addımlar xalqın gələcəyə əminliklə baxmasını şərtləndirdi. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz bunun təsdiqi oldu. Rəşadətli Ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı tarix yazdı. Hazırda azad Qarabağ və Şərqi Zəngəzur dirçəlir. Dövlət başçısı İlham Əliyevin sözügedən müraciətində söylədiyi “Biz bütün Qarabağı və Şərqi Zəngəzuru yenidən qururuq, görün, nə qədər böyük işlər görürük, cəmi iki il ərzində. O bölgədə bəlkə də 30 il ərzində heç 1 faiz də iş görülməyib - elektrik stansiyaları, körpülər, tunellər, su anbarları, yaşayış binaları, kəndlər, şəhərlər qurulur. Cəmi iki il ərzində. Heç bir yardım almadan, özümüz. İkinci Qarabağ müharibəsi başa çatanda mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik və çeviririk, hər gələn insan onu görür. Eyni şəraiti biz Xankəndidə, Ağdərədə, Xocavənddə, kəndlərdə yaradacağıq, Əsgəranda yaradacağıq. Bu, bizim əlimizdədir. Ona görə bizim təklifimiz budur və bu gün dönüş nöqtəsi idi. Xunta, qansoran zəlilər artıq tamamilə ifşa olundu və təslim oldu. Onlar ağ bayraq qaldırdılar!” fikirləri özündə bu günümüz və gələcəyimizlə bağlı hədəfləri açıqlayır”, - o qeyd edib.
Deputat qeyd edib ki, antiterror tədbirlərinin uğurla başa çatması Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin, müdrik və uzaqgörən siyasətinin, xalqımızın dövlət başçısının ətrafında “dəmir yumruq” kimi birləşməsinin məntiqi nəticəsidir: “Qeyd edək ki, bu gün Azərbaycanın Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda görüş keçiriləcək. Görüşdə Azərbaycanın gələcək birgə yaşayış baxışları onlara çatdırılacaq. O da məlumdur ki, Qarabağda yaşayan erməni icmasının nümayəndələri bir neçə ay ərzində Azərbaycan nümayəndələri ilə görüşdən imtina etdilər. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin antiterror tədbirlərinin dayandırılması ilə bağlı şərtlərinə uyğun olaraq qarşı tərəfin ifadə etdiyi razılıqda bu məsələ də öz əksini tapıb. Qarabağda yaşayan erməni icmasının nümayəndələri təklif etdiyimiz yerdə - Yevlax şəhərində görüşməyə hazırdırlar. Cənab İlham Əliyev müraciətində bu məqama diqqəti yönəldərək bildirdi ki, Azərbaycan hər zaman olduğu kimi, öz sözünə sadiqdir. Bunu dostlarımız da, düşmənlərimiz də bilir. Bizim sözümüz imzamız qədər dəyərlidir”.
Millət vəkili növbəti Qələbəmizin yaratdığı reallıqlar fonunda sülh müqaviləsinin tezliklə imzalanacağına inamını da ifadə edib: “Dövlət başçısı İlham Əliyevin hər bir çıxışı, xalqa müraciəti, müsahibələri Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesajları ilə zəngindir. Müzəffər Ali Baş Komandan bir daha bəyan etdi: “Biz, sadəcə olaraq, tələb edirdik həm onlardan, həm onların arxasında duran və onlar üçün dar məqamda onların yanında olmayan, uzaqda, Avropada yerləşən dırnaqarası erməni cəfakeşləri bilsinlər - nə qədər uzaq dursalar bizim bölgəmizdən, o qədər də bölgə rahat nəfəs alacaq və biz bunu təklif edirik. Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin.
Azərbaycan eyni zamanda bu antiterror tədbirini həyata keçirməklə Ermənistana da mesaj verdi. Onlar da bu 24 saatlıq antiterror tədbirindən tez bir zamanda nəticə çıxarıb Bakının şərtləri əsasında sülh sazişi imzalasalar yaxşı olar. Bu onların faydasına olar”.
Mürtəza
Ölkə.Az