Bəzi beynəlxalq güclər Cənubi Qafqazda Ermənistan üzərindən geopolitik vəziyyəti qarışdırmağa can atsalar da, Türkiyə Azərbaycana qarşı məkrli hərbi ssenariləri bloklamaq üçün regional proseslərə birbaşa təsir etməkdə qərarlıdır...
Yəni, Cənubi Qafqazda real hərbi-siyasi iradə mərkəzi rolunda hazırda məhz Azərbaycan-Türkiyə İttifaqı çıxış edir, bu ortaqlığa qarşı atılacaq istənilən radikal addımlar yekun nəticədə Ankara-Bakı xəttinin genişmiqyaslı hərbi reaksiyasına yol aça bilər...
Cənubi Qafqazda ziddiyyətlər dərinləşməkdə davam edir. Bu regiona hərbi-siyasi nəzarət uğrunda mübarizə artıq amansız xarakter daşıyır. Hazırda regionda mövcud olan geopolitik situasiya Cənubi Qafqazda maraqları toqquşan beynəlxalq güclərə qətiyyən sərfəli deyil. Ona görə də, bütün vasitələrlə indiki vəziyyətin dəyişdirilməsi istiqamətində müxtəlif variantları sınaqdan çıxartmağa çalışırlar.
Təbii ki, regional sülh prosesi Cənubi Qafqazda mövcud olan situsiyanı dəyişə biləcək önəmli faktordur. Ancaq Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının uğur qazanması da bütün geopolitik rəqiblərin maraqlarına cavab vermir. Əksinə, onlara regiona daxil olub, möhkəmlənmək üçün daha radikal hadisələrin baş verməsi lazımdır. Və bu, indiki halda yalnız yeni müharibə ola bilər.
Məsələ ondadır ki, məhz yeni müharibə bəzi beynəlxalq güclərə Cənubi Qafqaza “giriş qapısı”nın açılmasına təminat verir. Bu baxımdan, xüsusilə də, Fransanın səhnəarxası müdaxiləsi ilə sülh prosesinin bloklanmasına göztərilən cəhdlər qətiyyən təəccüblü deyil. Yəni, hazırda Ermənistan üzərindən Azərbaycanı daha dağıdıcı regional savaşa çəkməyə çalışır.
Şübhəsiz ki, rəsmi Bakı Cənubi Qafqaz regionu ətrafında qurulan məkrli oyunların əsas hədəfini anlamamış deyil. Ona görə də, Azərbaycan regiondan kənar beynəlxalq güclərə lazım olan yeni savaş ehtimalından mümkün qədər yayınmağa çalışır. Rəsmi Bakı hər ehtimala qarşı savaşa hazırlaşsa da, maksimum səviyyədə təmkinli davranmağa üstünlük verir.
Halbuki, beynəlxalq himayədarlarından təlimatlar alan Ermənistanın hərbi-siyasi təxribatlarının intensivləşdiyi bir şəraitdə rəsmi Bakının təmkinli mövqeyini uzun müddət qoruması da asan məsələ deyil. Çünki beynəlxalq himayədarları öz maraqlarına uyğun şəkildə “geopolitik alət” kimi istifadə edirlər. Yəni, müəyyən mənada, məhz Ermənistan beynəlxalq güclərin maraqlarına “qurban” seçilib.
Maraqlıdır ki, Paşinyan hakimiyyəti son vaxtlar Ermənistanı real hərbi təhlükəyə sürüklədiyini anlamağa başlayıb. Böyük ehtimalla rəsmi İrəvan Azərbaycana qarşı hərbi təxribatların dağıdıcı savaşa yol açmayacağına ümid bəsləyirdi. Ancaq son vaxtlar rəsmi Bakının sərhəd bölgəsində hərbi gücünü artıraraq, açıq şəkildə nümayiş etdirməsi artıq Ermənistanda qorxu yaratmağa da başlayıb. Hər halda, Ermənistanın siyasi dairələrində hərbi-siyasi vəziyyətin ciddi olduğuna, hər an nəzarətdən çıxa biləcəyinə qətiyyən şübhə etmirlər.
Məsələ ondadır ki, baş nazir Nikol Paşinyan indi artıq yenidən Ermənistanın öz qonşuları – Azərbaycan və Türkiyə ilə normal münasibətlər yaratmasının vacibliyini qabartmağa başlayıb. Erməni baş nazir Ermənistan dövlətçiliyinin mövcudluğunu qoruma şansını da məhz buna bağlayır. Yəni, belə anlaşılır ki, Paşinyan hakimiyyəti onu yeni müharibə törətməsi üçün hərbi təxribatlara təşviq edən Fransanın Ermənistanı genişmiqyası savaşın dağıdıcı nəticələrindən xilas edə bilməyəcəyindən duyuq düşüb.
Ona görə də, hazırda rəsmi İrəvan yeni müharibə təhlükəsinin real görüntülər almasından qorxuya düşərək, mövcud situsiyadan çıxış yolu axtarır. Baş nazir Nikol Paşinyan bəyan edib ki, sərhəd bölgəsinə cəmləşdirilmiş hərbi qüvvələrin daimi dislokasiya yerlərinə qaytarılması genişmiqyaslı savaş təhlükəsindən yayınmaq üçün böyük əhəmiyyət daşıyır. Və onun fikrincə, bu addımı təxirə salmadan, mümkün qədər tez bir zamanda atmaq lazımdır.
Digər tərəfdən, baş nazir Nikol Paşinyanın savaş qorxusu qarşısında bəzi dünya liderlərinə telefonla zəng etməsi də vəziyyətin təhlükəli həddə çatdığını göstərir. Erməni baş nazirin Azərbaycan Prezidenti İlham Əliyev ilə birbaşa təmas üçün kanallar axtarması isə uğursuz olub. Və eyni zamanda, Rusiya prezidenti Vladimir Putinin də baş nazir Nikol Paşinyanın telefon zənglərinə cavab vermədiyi bildirilir.
Onu da qeyd etmək lazımdır ki, oxşar proses erməni baş nazirin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla təmas cəhdlərində də yaşanıb. Belə ki, baş nazir Nikol Paşinyan Türkiyə lideri ilə telefonla danışmağa dəfələrlə cəhd göstərsə də, buna nail ola bilməyib. Sadəcə, erməni baş nazirin israrının davam etməsini nəzərə alan rəsmi Ankara bu barədə Azərbaycan rəhbərliyini məlumatlandırıb.
Belə anlaşılır ki, baş nazir Nikol Paşinyan məhz Türkiyə siyasi dairələri tərəfindən rəsmi Bakının razılığı alındıqdan sonra xəttin digər tərəfindən prezident R.T.Ərdoğanın səsini eşitməyə nail olub. Böyük ehtimalla elə həmin telefon danışığı da rəsmi İrəvanın Ermənistan dövlətçiliyinə real təhlükənin ən son mərhələdə olduğunu anlamasına yol açıb. Hər halda, verilən məlumatlara görə, Türkiyə lideri yeni savaşın Ermənistana vəd etdiyi yekun nəticələri açıq mətnlə izah edib.
Məsələ ondadır ki, prezident R.T.Ərdoğanın baş nazir Nikol Paşinyana sərt xəbərdarlıq etdiyi bildirilir. Türkiyə liderinin erməni baş nazirə savaşın başlayacağı təqdirdə, rəsmi Ankaranın həm hərbi, həm də siyasi faktorlar üzrə Azərbaycanı tam dəstəkləyəcəyi barədə açıq mesajlar verdiyi vurğulanır. Türkiyə Müdafiə Nazirliyinin Azərbaycanı xarici düşmənlərdən qorumaq üçün tam hazır olması anlamı daşıyan bəyanatı da Ermənistan və onun himayədarlarını çıxılmaz vəziyyətə salıb.
Bütün bunlar onu göstərir ki, bəzi beynəlxalq güclər Cənubi Qafqazda Ermənistan üzərindən geopolitik vəziyyəti qarışdırmağa can atsalar da, Türkiyə Azərbaycana qarşı məkrli hərbi ssenariləri bloklamaq üçün regional proseslərə müdaxilə etməkdə qərarlıdır. Yəni, Cənubi Qafqazda hazırda real hərbi-siyasi iradə mərkəzi rolunda məhz Azərbaycan-Türkiyə İttifaqı çıxış edir. Və bu ittifaqa qarşı atılacaq istənilən radikal hərbi addımlar yekun nəticədə Ankara-Bakı xəttinin genişmiqyaslı cavab reaksiyasına yol aça bilər.(musavat.com)
Elçin Xalidbəyli