“Niyə Azərbaycandan paylaşmadı?”, Snup Doq müqayisəsi müəmmasına RƏSMİ AÇIQLAMA

 

Dünyaca məşhur “İmagine Dragons” qrupunun sentyabrın 2-də Bakıda baş tutan izdihamlı konserti barədə instaqram səhifəsində heç bir paylaşım etməməsi müzakirələrə səbəb olmuşdu.

Ölkə.Az xəbər verir ki, digər müzakirə olunan məsələ isə İrəvanda konsert verməyə hazırlaşan ABŞ-li reper Snup Doqun “artsax” paylaşımı idi.

Belə ki, sosial şəbəkə istifadəçilərinin bir qismi ermənilərin beynəxalq miqyasda tanınan sənətçidən bu formada istifadə etməsini xatırladaraq “İmagine dragons”un Bakı konserti ilə bağlı bənzər addımın atılması gərəkdiyini yazıblar.

Texnobloger Fərid Pərdəşünas hesab edir ki, Snup Doqun "artsax"la bağlı paylaşım etməsi təşkilatçılıqdan asılıdır.  

Doğrudan da təşkilatçılar bu mövzuda hər hansı bir addım ata bilərdimi?

Mövzu ilə bağlı “İticket Production”dan Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan bu cür mövzularda özünü təsdiqləməyə ehtiyac duymur:

“Ümumiyyətlə, dünyada heç bir müğənninin siyasətə qarışması düzgün deyil. Snup Doqun sözügedən paylaşımı hazırda onun səhifəsində yoxdur, paylaşım silinib. “Təşkilatçılardan asılıdır” mələsinə gəldikdə isə Azərbaycan tərəfi heç vaxt bu cür ucuz şoulara, PR-a ehtiyac duymayıb. Dünya siyasət meydanında da, döyüş meydanında da Azərbaycan özünü təsdiqləyib. Yəni hansısa bir müğənninin, sənətçinin əli ilə bu cür təsdiqə ehtiyac duyulması tərəfimizdən düzgün hesab olunmur. Çünki siyasət siyasətçilərin işidir, hansısa bir təşkilatçının və ya müğənninin işi deyil. Dünyada hər kəs öz işi ilə məşğul olsa? daha yaxşı olar. Necə ki, Snup Doq öz işi ilə məşğul olmadı və paylaşımı səhifəsindən silindi. 

Qlobal meydanda da onsuz, biz olmasaq belə, bizi fərqli oyunlara çəkmək istəyənlər çoxdur. 

Bu, sadəcə, ölkəmizə zərər vermək olardı. Kiminsə əli ilə hansısa bir həqiqəti çatdırmaq istəyi və ya hansısa bir şüarın paylaşılması düzgün deyil. Biz Azərbaycan mədəniyyətinə və dünyadakı imicinin yaxşı formalaşması üçün şirkət olaraq əlimizdən gələni edirik. Necə ki, “İmagine Dragons” konsertinə görə hər kəs Azərbaycanla bağlı yaxşı paylaşımlar edirdi. Siyasət bizim işimiz deyil”, - deyə şirkətin açıqlamasında bildirilib.

“İmagine Dragons”un  Bakı konsertindən heç bir paylaşım etməməsi ilə bağlı suala isə şirkətdən belə cavab verilib:

“Nəzərinizə çatdıraq ki, “İmagine Dragons” həm Gürcüstan, həm də Almaniya konsertlərindən paylaşım etməyib. Bu tip paylaşımlar sənətçinin öz qərarıdır və təşkilatçı olaraq belə bir təklif irəli sürməmişik. Sənətçi öz səhifəsində Azərbaycan konsertinin afişasını paylaşıb. Hansı ki, bu paylaşıma görə ABŞ-dəki erməni lobbisinin güclü təzyiqlərinə məruz qalıb. Buna baxmayaraq heç kimdən heç bir maliyyə dəstəyi almadan konsert baş tutub.

Bu konsert Azərbaycan tarixində heç bir idman yarışına və yaxud dövlət tədbirinə bağlı olmayan ilk kommersiya tədbiri olub. Tədbirin Azərbaycana necə fayda gətirdiyini görmək üçün isə xarici ölkələrdən gələn turistlərin (8 min nəfər) sosial şəbəkələrdəki paylaşımlarına baxmaq kifayətdir”. 

Billurə Yunus

 

 

0.11998915672302