Son illərdə dünyada məşhur brendlərin və tanınmış şəxslərin homoseksuallığı ön plana çəkməsi birmənalı qarşılanmır. Bir sıra Avropa ölkələrində, ABŞ-də və s. bu cür addım daha çox dəstəklənsə də, mühafizəkar cəmiyyətlərdə qəbul olunmur.
Mühafizəkar cəmiyyətlər Qərbin LGBT fərdlərinin azadlıq kimi təqdim etdiyi şeyi təbliğat adlandırır.
Mövzu ilə bağlı Demokratikmusavat.com -a danışan klinik psixoloq Fuad Əsədov hesab edir ki, homoseksuallıq təbliğatla yayılmır:
“Ümumiyyətlə, homoseksuallıq kimi məsələlər təbiətin gedişatında təbii seçmə zamanı ortaya çıxan cinsi variasiyalardır. Bunlar xəstəlik hesab edilmir. Bu, sadəcə, bir seçim və fərqlilik məsələsidir. Əlbəttə, biz son dövrlərdə homoseksualları daha çox görməyə başlamışıq. Onların fəaliyyətləri daha çox göz önündə olmağa başlayıb. Bu da onunla əlaqədardır ki, keçmiş illərlə müqayisədə indiki dövrdə homoseksuallara qarşı daha az təzyiq və müəyyən QHT, fondlar tərəfindən daha çox dəstək var. Dolayısı ilə belə bir mühitdə homoseksualların özlərini gizlətmə ehtimalları azalmağa başlayır. Onlar daha rahat hərəkət etməyə və seçimlərini daha rahat büruzə verməyə başlayırlar. Bu cür əməliyyatlardan istifadə edən insanların sayının çox olması və ya küçədə bizim bu cür insanlarla qarşılaşmamızın səbəbi homoseksuallığın artması demək deyil. Sadəcə, homoseksuallar daha çox göz önünə gəlməyə başlayıblar. Bir insanın homoseksual və ya heteroseksual olması, təbliğatla alınan bir məsələ deyil. Necə ki, sizin, mənim və digərlərinin oriyentasiyasını digərləri haqqında danışaraq dəyişmək mümkün deyilsə, eləcə də homoseksualların yanında heteroseksuallardan danışaraq onları heteroseksuallığa çəkmək mümkün deyil. Yaxud da homoseksual olmayan birini homoseksual olmağa təşviq etmək mümkün deyil. İnsan dünyaya necə gəlirsə, o cür də davam edir. Sadəcə, hansısa cəmiyyətdə onlar özünü gizlədir, hansısa cəmiyyətdə isə daha açıq elan edir”.
Psixoloq dünyada homoseksuallığın təbliğinin hansısa böyük planın bir parçası olması və bunun dünyadakı insan sayının azalmasına xidmət etməsi ilə bağlı səsləndirilən fikirlərlə bağlı isə bunları deyib:
“Dünyanı masonlar idarə edir, insan sayını azaltmağa çalışırlar, bunun üçün müəyyən böyük planlar qurulur” tipli iddialar qeyri-ciddidir. Bunlar, sadəcə, içi boş konspirologiyalardır. Məsələ bundan ibarətdir ki, homoseksualların olması, kapitalist şirkətlərin işinə yarayır. Çünki homosksuallara rahat həyat tərzi yaradılsa, onlar daha çox özlərini ifadə edə bilərlər və məsələn, makiyaj vasitələrini və ya geyimləri sadəcə, qadınlar yox, homoseksual kişilər də alar. Bu da müştəri sayının çoxalması mənasına gəlir. Ona görə də böyük brendlər istəyirlər ki, homoseksuallar özlərini rahat hiss edərək rahat alış-veriş edə bilsinlər. Bu səbəbdən də onları müxtəlif vasitələrlə cəsarətləndirməyə və cəmiyyətin də fikrini o istiqamətə yönəltməyə çalışırlar”.
Billurə