Əliyevin bu səfəri yeni səhifə açacaq

 

Azərbaycanla Macarıstan arasındakı strateji münasibətlərin son illər daha da dərinləşməsi müşahidə olunur. Macarıstan Şərqi və Mərkəzi Avropada Azərbaycanın tərəfdaş ölkələrindən hesab edilir. 2022-ci ildə ölkələr arasındakı ticarət dövriyyəsi 26.0 faiz artaraq 35,161 milyon dollardan 47,399 milyon dollaradək yüksəlib. Bu ilin ilk yarısında isə tərəflər arasında 23,990 milyon dollarlıq ticarət qeydə alınıb.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri ilə bağlı bildirib.

Q qeyd edib ki, Azərbaycan ilə Macarıstan arasında iqtisadi əlaqələrin qeyri-neft sektoru üzrə daha da inkişaf etməsi potensialı kifayət qədər böyükdür:

“Hər iki ölkənin birgə sərmayə qoyuluşları, idxal və ixrac əməliyyatlarını genişləndirmək imkanları yüksək qiymətləndirilir. Bu baxımdan, Azərbaycan Prezidentinin səfəri iki ölkə arasındakı iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək.

Macarıstan Azərbaycan ilə enerji əməkdaşlığını genişləndirmək istəyən Avropa ölkələrindədir. Macarıstanın MVM CEEEnergy və Azərbaycanın SOCAR şirkətləri arasında bu ilin iyunun 2-də imzalanmış müqaviləyə əsasən Azərbayacan 2023-cü ilin sonunadək Macarıstana 100 milyon kubmetr qaz tədarük edəcək. Bütövlükdə, Macarıstan Azərbaycandan ildə 2 milyard kub metr qaz idxal etmək niyyətindədir. Yunanıstan-Bolqarıstan İnternkonnektoru istifadəyə verildikdən sonra daha 5 Avropa ölkəsinin, o cümlədən Macarıstanın da Azərbaycan qazını idxal etmək imkanları genişlənib.

Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində reallaşması mümkün olan Cənub Qaz Dəhlizinin yeni elementinə çevrilən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorundan (IGB) ötürmə qabiliyyətinin 3,5 milyard kubmetrdən 5,0 milyard kubmetrdək artırılması Macarıstan, Serbiya, Slovakiya, Ruminiya, Şimalı Makedoniya kimi ölkələrin də Azərbaycandan daha çox qaz almasına və ya yeni enerji əməkdaşlığına başlamasına imkan yarada bilər.

Azərbaycan Prezidentinin Macarıstana səfəri ölkələr arasındakı münasibətlərdə yeni səhifə açacaq. Bütövlükdə, ölkəmizin Mərkəzi və Şərqi Avropanin enerji təhlükəsizliyinin formalaşmasındakı rolu daha da artmaqdadır. Bu, Azərbaycanın strateji mövqeyini daha da möhkəmləndirir”.

0.31283116340637