Ermənistanın baş nazirinin açıqlamaları ilə gah nala, gah da mıxa vurması adət halını alıb. Son vaxtlar “Laçın” sərhəd-buraxılış məntəqəsi ətrafında baş verənlərdə də bu hal müşahidə olunur. Bu dəfə Paşinyanın hədəfi həm Qərb, həm də Rusiyadır.
Mövzuyla bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.
Ermənistanın baş naziri Nikol Paşinyan bir-birini təkzib edən bəyanatları ilə gündəmdə qalmaqda davam edir. Bir neçə gün əvvəl verdiyi açıqlamanı unudaraq onun əksinə bəyanat səsləndirmək onun üçün artıq adət halına çevrilib. Bu dəfə isə erməni baş nazirin hədəfi həm Rusiya, həm də Qərb olub.
Paşinyan anlayır ki, başqa yolu qalmayıb
Bir müddətdir 19 yük maşınını Həkəri körpüsü önündə gözlədən Paşinyan tənqid hədəfi kimi Rusiya sülhməramlılarını seçib. Paşinyandan əlavə, erməni rəsmiləri də Rusiya sülhməramlılarının yarıtmaz olduğu, onlara kömək etmədiyi barədə fikirlər səsləndiriblər. Bu açıqlamaların əsas məqsədi isə məlumdur. Sifariş Fransadan gəlir. Afrikada dayaqlarını itirən Fransaya yeni ərazilər lazımdır və dünya imperializminə xidmət edən, Fransanın “bacılığı” olan Ermənistan nə etməlidir? Rusiya sülhməramlılarının ərazidən çıxarılaraq onların fransız sülhməramlıları ilə əvəz olunmasına cəhd etməlidir.
Azərbaycanla razılaşmadan yük maşınlarını sərhədə göndərən Paşinyan əvvəlcədən rəsmi Bakının qəti etirazı ilə rastlaşacağını bilirdi. Amma məqsəd nə humanitar yükdür, nə də Laçın yolu. Paşinyanın əsl məqsədi həm Rusiyanı, həm də Qərbi tənqid edərək onlardan nəsə “qoparmaqdır”. Ermənistanın ictimai-siyasi həyatında baş verən təlatümlər, etirazlar, müxalifətin kəskin reaksiyası, Azərbaycanın qətiyyəti, dünya dövlətlərinin mövqeyini nəzərə alan Paşinyan artıq anlayır ki, sülh müqaviləsini imzalamaq və Zəngəzur dəhlizinin açılmasına qol qoymaqdan başqa yolu qalmayıb. Bu səbəbdən son hərəkətləri ilə Qərb və Rusiyaya mesaj göndərir, onlardan nəsə almağa çalışır. Necə deyərlər, “bir tük də qənimətdir” misalı Paşinyanın kredosuna çevrilib.
Bəy-gəlin fotosessiyasını kölgədə qoyan görüntülər
Neçə gündür sərhəddə guya Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan və “acından ölən” ermənilərə “humanitar yardım” aparmaq məqsədilə gələn yük maşınları ömürlərində görmədikləri qədər fotosessiyaya məruz qalıblar. Əvvəl sayı 19 olan yük maşınları son günlər “balalayaraq” 21 olub. Ermənistan hökumətinin təmsilçiləri bol-bol fotosessiya etdirir, dünyaya 21-ci əsrin erməni nağılının son versiyasını danışmaqda davam edirlər. Amma bu fotosessiyalar və eyni məzmunlu bəyanatlar da Paşinyanın planına xidmət edə bilmədi. İstər BQXK, istərsə də digər qurumlar məsələ ilə bağlı səlahiyyətlərinin olmadığını açıqladılar. Məsələ Avropa Parlamentinin erməni diasporundan maliyyələşən bəzi nümayəndələrinin təsəlliverici açıqlamalarından o yana keçmədi.
Yük maşınlarının sərhəddə fotosessiya məqsədi ilə aparılması isə gün kimi aydındır. Əgər erməni baş nazirin məqsədi həqiqətən humanitar yük göndərmək olsaydı, beynəlxalq hüquq və normalara riayət edərək əvvəlcə Azərbaycana müraciət edər, məlumatlandırar, icazə almağın mümkünlüyünü dəqiqləşdirərdi.
Rusiya Zəngəzur dəhlizinin açılmasında maraqlıdır
Paşinyanın son açıqlamalarından sonra Rusiyadan cavab gəldi. Rusiya XİN-in rəsmisi Denis Qonçar kortəbii hazırlanan sülh müqaviləsinin yeni münaqişəyə səbəb olacağı barədə açıqlama yaydı. Bu, Rusiyanın Cənubi Qafqazdakı mövqeyini əldən verməyə niyyətinin olmaması deməkdir. Rus diplomat eyhamla Paşinyana başa salır ki, sülhməramlıları əvəz etsəniz, regionda yeni toqquşmalar labüddür. Amma eyni gündə Rusiyadan başqa bir xəbər də gəldi. RF Qafanda konsulluq açmaq niyyətindədir. Bəziləri bununla Rusiyanın Zəngəzur dəhlizinin əleyhinə olduğunu nümayiş etdirdiyi qənaətinə gəlsələr də, əslində reallıq fərqlidir. Rusiya dəfələrlə bəyan edib ki, Zəngəzur dəhlizində maraqlıdır və bu yol onun üçün əlavə bazarlara çıxış, əlavə tranzit vasitəsidir. Qafanda konsulluq açmaq isə birbaşa Qərbə mesajdır: “Zəngəzur dəhlizində mən də maraqlıyam”. İrandan fərqli olaraq Rusiya Zəngəzur dəhlizinin açılmasını istəyir. Nəzərə almaq lazımdır ki, Ermənistanın bütün dəmiryolu xətləri hüquqi baxımdan Rusiyaya məxsusdur. Deməli, istənilən halda Rusiya üçün dəhlizin və digər yolların açılması məqbuldur.
ABŞ rəsmisinin Rusiyaya və Paşinyana mesajı
Paşinyan bu günlərdə Qərbi də tənqid etməkdən çəkinməyib. Brüssel formatının effektiv olmadığı barədə açıqlama verən Paşinyana və sülh müqaviləsi ilə bağlı tələsik bəyanat səsləndirən Qonçara ABŞ Dövlət Departamentinin rəsmisi Müllerdən cavab gəlib: “Söhbət Ermənistan və Azərbaycandan gedəndə Rusiyadan danışmaq istəmirəm. Mən bu münaqişənin birbaşa tərəfi olan iki ölkə haqqında danışmaq istəyirəm. İnanırıq ki, məsələdə tərəf olmayanların şərhlərindən asılı olmayaraq, razılaşma yaxın olaraq qalır və biz buna nail olmaq üçün onlarla işləməyə davam edəcəyik”.
M.Müller demək istəyir ki, Ermənistan-Azərbaycan arasında sülh danışıqlarında sadəcə iki tərəf var. Rusiyanın şərhləri isə nəzərə alınmamalıdır, sülh müqaviləsi iki tərəf arasında imzalanmalı və müsbət irəliləyişlərlə davam etməlidir. ABŞ rəsmisi açıqlaması ilə nala-mıxa vuran Paşinyana mesaj ötürür ki, istənilən halda, sülh müqaviləsi imzalanacaq və Paşinyanın son çırpınışları nəzərə alınmayacaq. Eyni anda Rusiyaya da bulanıq suda balıq tutmamaq məsləhət görülür. Diplomatın qeyd etdiyi kimi, məsələ iki dövlət - Azərbaycan və Ermənistan arasında həll olunacaq...