EPF koalisiyası Ermənistan Ətraf Mühit Nazirliyinin Arazdəyəndəki zavodla bağlı cavab bəyanatını qınayıb

 

Azərbaycan qeyri-hökumət təşkilatlarının (QHT) təsis etdiyi “Environmental Protection First” (EPF) koalisiyası Ermənistanın Ətraf Mühit Nazirliyinin Azərbaycanla sərhəddəki Arazdəyən və Vedibasar rayonlarında metallurgiya zavodunun tikintisi ilə bağlı cavab bəyanatını qınayıb.

Bu barədə koalisiyanın bəyanatında qeyd olunub.

Bildirilib ki, Azərbaycanla sərhəddə genişmiqyaslı metallurgiya zavodu tikmək beynəlxalq səviyyədə qəbul edilmiş, xüsusilə də BMT-nin Espoo Konvensiyasında qeyd olunmuş standartlara və prinsiplərə məhəl qoymamaq deməkdir.

Vurğulanıb ki, Espoo Konvensiyası milli sərhədlərdən kənara çıxan ekologiya məsələlərini tanıyır və bu kimi hallarda beynəlxalq dialoqun vacibliyini vurğulayır:
“Azərbaycan tərəfinin qarşılıqlı razılığı olmadan sərhəd boyunca belə bir obyektin tikintisi sərhədləri aşan vəziyyətlərdə ətraf mühitə təsirlərin qiymətləndirilməsinə fokuslanan 1991-ci il Espoo Konvensiyasının açıq şəkildə pozulmasıdır”.

Bəyanatda əlavə olunub ki, həm Azərbaycan, həm də Ermənistan konvensiyanı ratifikasiya ediblər və konvensiyanın qaydalarına əsasən, zavodun tikintisi ilə əlaqədar ətraf mühitin dəyərləndirilməsi hesabatı Azərbaycanın müvafiq qurumları tərəfindən yoxlanılmalıdır.

O da vurğulanıb ki, Ermənistan tərəfinin cavabı əməkdaşlıqdan imtina edilməsidir və Espoo Konvensiyasının pozulmasıdır.

 

0.19892406463623