20 Yanvar faciəsi
milli mücadiləni
alovlandıran məşəldir

 

Bu faciə müstəqillik uğrunda
başlanan mübarizəyə təkan verdi

 Əziz Bakı, artıq 28 ildir ki, tarixində yaşadığın ən ağır facilərindən birinin ildönümünü qeyd etməyə hazırlaşırsan. Azərbaycan var olduqca, sən hər ilin bu günkü günü Şəhidlər Xiyabanında öz zəvvarlarına ev sahibliyi edəcəksən. Artıq 28 ildir ki, zərif çiyinlərində, daşa dönmüş yaddaşınla, o məşum gecənin agrısını daşıyırsan.

20 yanvar gününü nəmli göz yaşlarınla qarşılayırsan. Ey qübarlı qəlbinə qurban olduğum şəhər, bu gün yenə qan rəngli qərənfillər qəlbinin yarasını deşəcək. Bu gün yenə agarmış saçına qışın sazağı sığal çəkəcək. Sonra ağır-ağır qara kəlağayını qürürlü başına örtəcəksən. Hüzn dolu addımlarla şəhidlər xiyabanına üz tutan minlərcə ziyarətçini qarşılayacaqsan.

"Mən qorxmuram, uzaq yola çıxmaqdan, Bu yolun soyuğundan, qışından. Ölüm adlı yuxusundan mən qorxmuram"- deyən sair balan Ülvi Bünyadzadəyə sərin meh olub layla çalacaqsan, öpəcəksən, sığallayacaqsan. Amma bundan çox utanacaqsan burda uyuyan digər balaların küsər deyə. Qollarını geniş açıb hər birini sinənə sıxacaqsan. Sonra asta-asta İlham və Fərizəyə yaxınlaşacaqsan. Şərəflə baxacaqsan eşq pərvanəsi Fərizənin İlham adlı alovuna. Dünyaya eşqi anladan, sədaqəti anladan balalarının qarşısında baş əyəcəksən. "Leyli və Məcnun", "Əsli və Kərəm" sevdasını kölgədə qoyan bu iki aşıqin İlahi ucalığı önündə susacaqsan. Sıra ilə düzülüb xiyabanın qarşısından keçən zəvvarlarına tamaşa edəcəksən. Xiyaban qərənfillərin xoş rahiyəsinə bürünəcək və Cənnətə dönəcək.

Ey şərəfli şəhidlərini sinəsində uyudan cənnətməkan, Bakı! Bu gün sən yenə də hönkür-hönkür ağlayacaqsan, göz yaşların yağış olub ürəyinin qanını yuyacaq. Təzələnmiş yaddaşınla, o məşum gecəni heç unutmadığın ağrılarınla gözlərinin önündə yenə canlandıracaqsan. O gecə Vətənin azadlığı yolunda, müstəqilliyi uğrunda sinən üstündə yürüyən övladların xəyanətkar düşmənə qarşı canlarından sipər çəkdilər. Axı, haradan bilsinlər ki, körpələrə belə, rəhm etməyən bu vicdansız imperiya qoşunu tanklarla sənin sinən üstündən keçərək küçələrini al qana boyayacaq? O gecənin atəşfəşanlığı xatırladan, vəhşət saçan işıqları səndemə, şeytanın alov püskürən nəfəsiymiş. Avtomatlardan açılan atəş səsləri iniltilərə qarışaraq şən gecəni cəhənnəmə çevirdi. Tanklar uşaq-böyük demədən hər kəsin üzərindən keçdi. Bu gecə sənin yaddaşında qalan ən ağır və ən uzun gecə oldu. Əslində, həm də şərəfli gecən oldu. Azadlığını qanın bahasına qazandığın qürür dolu gecən.

Əziz Bakı, o gün, o məşum gecənin açılan səhərinin gətirdiyi hüzn çiyinlərinə çökmüş ağır bir qaya parçasına bənzəyirdi. Şəhər sakinlərinin ayaqları sanki yerdən üzülmüşdü. Sən də çiskin yağışınla ana fəryadının bir parçasına çevrildin. Hər kəs əzizinin nəşini gücsüz çiyinlərinə alaraq xiyabana doğru yürüdü və həmin gün bu xiyaban şəhidlərin əbədi məskəni oldu.

Ey şəhidlərini sinəsində uyudan, dərdli Bakı, başını dik tut! Şəhidlər xiyabanından Xəzərə boylan. Gördüklərin səni mütləq ovunduracaq, qürurlandıracaq. Çünki, qarşına açılan mənzərəylə öz qanı bahasına azadlığını qazanan Vətən övladlarının azad torpağının bir parşasını görəçəksən. Tarixə əbədi həkk olunmuş bu gün, 20 yanvar təqvimdə Azərbaycan xalqı var olduqca öz müqəddəsliyini qoruyub saxlayacaq.

Bu faciə həm də ona görə əzizdir ki, xalqımızın müstəqillik uğrunda apardığı çoxillik mübarizənin qələbə ilə başa çatmasına, milli mənlik şürunun oyanmasına təkan verdi. Şübhəsiz ki, 20 yanvar faciəsinin milli qəhrəmanlıq tariximizin ən şanlı səhifələrindən biri olması haqqında hələ bundan sonra da çox yazılacaq.

Sonda Vətənimizin azadlığı uğrunda canından keçərək, Şəhidlik zirvəsinə yüksələn bütün insanlarımıza Allahdan rəhmət diləyirəm! Amin, Vətən sağ olsun! 

 

Al qanda üzən qərənfil

Tarix unudarmı bu faciəni,

20 yanvarın qətl gecəsini?!

Çox insan itirdik məşum gecədə,

İnsanlar məhv oldu yolda, küçədə,

Sevənlər əlində gəzən qərənfil,

İndi qan gölündə üzən qərənfil.

 

Fəhlə dövlətiyəm, deyən bir dövlət,

Yetmiş il millətdən qopardı sərvət.

Sonunda iç üzün göstərdi özü,

Faşıst ordusu tək doymadı gözü.

Şənliklər bəzəyən qızıl qərənfil,

İndi qan gölündə üzür qərənfil.

 

Ötüb sürət ilə keçdi bu illər,

Dünya nərə çəkdi, eşitdi ellər.

Ruslar şəhid etdi millətimizi,

Təzə çiçək açan əməlimizi.

Şənlikdə əllərdə gəzər qərənfil,

Şəhid xiyabanı bəzər qərənfil.

 

Əfsus ki, rusu qardaş sandıq,

Ona arxalandıq, ona inandıq.

Axırda beləcə atəşdə yandıq,

Düşmənin felini indi anladıq.

Kədərli qəlbimi üzən qərənfil,

Al qan gölündə üzən qərənfil.

 

Fərizə Əslini, İlham Kərəmi,

Ötüb fəth etdilər qəm zirvəsini.

İlahi, bu kədər yandırır məni,

Şəhid məzarını bəzər qərənfil,

Al qan gölündə üzür qərənfil.

0.16584610939026