“Yenə maskaların yırtıldığı dövrə gəldik. Bakı danışıqların gedişatını Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması səviyyəsinə çatdırıb. Kağız üzərində və bəyanatlarda vasitəçilər də Azərbaycanın gündəmini qəbul edirlər, bəziləri Ermənistanın davranışına baş əyirlər, amma məsələ bu deyil”.
“AzPolitika.info” xəbər verir ki, politoloq Fərhad Məmmədov Ermənistanın havadarlarının dəstəyi ilə yeni təxribat cəhdlərini şərh edərkən belə deyib.
Politoloq vurğulayır ki, razılaşmaların yerdə icrasına gələndə, bu qüvvələr yaxasını kənara çəkir, məlum olur ki, onlar bunu belə təsəvvür etmirdilər: “Bu silsilədən Borrelin açıqlamasını qeyd etməyə dəyər. O, Şarl Mişelin bəyanatında göstərildiyi kimi Laçın yolundan yox, “dəhlizinə” vurğu salır. Əgər Borrell humanitar vəziyyətdən narahatdırsa, o zaman Azərbaycan hakimiyyətinin məqsədəuyğun hesab etdiyi istənilən marşrutlar üzrə humanitar yüklərin daşınmasına icazə verməyə çağırması məntiqli olardı. Bu, Avropa İttifaqı tərəfindən ardıcıl mövqe və hamıya ərazi bütövlüyünün qəbul edildiyi və mübahisələndirilmədiyi barədə aydın mesaj olardı”.
F. Məmmədov əlavə edir ki, Avropa İttifaqının, ABŞ-ın və başqalarının bu bəyanatları “dünyada Qarabağı Azərbaycanın bir parçası olduğunu qəbul etməyən ölkə yoxdur” bəyanatını verən Paşinyana zərbədir.
“İndi ona deyirlər ki, ABŞ səfiri Şuşaya getmir, Avropa Birliyinin rəsmi nümayəndəsi dəhliz tələb edir, sən isə Azərbaycana təslim olursan. Beləliklə, maraqlıdır, bəyanat verən, tələb edənlər üçün vacib olan nədir: “dəhliz”, yoxsa, Qarabağda humanitar vəziyyət”, - təhlilçi sual edir.
Rasim Əliyev