Saxtakar "Human Rights Watch" təşkilatının ardınca, ABŞ-nin Azərbaycandakı səfirliyinin Cinayət Məcəlləsinin 204.3.1-ci maddəsilə ittiham irəli sürülərək barəsində həbs qətimkan tədbiri seçilən Qubad İbadoğlunun həbsinə reaksiya verməsi, Azərbaycan hökumətini təqsirləndirilən şəxsin ədalətli məhkəmə prosesi daxil olmaqla, insan hüquqlarına hörmətlə yanaşmasını təmin etməyə çağırması, yolverilməz spekuliyasiya və manipulyasiya cəhdidir.
Bunu “Demokratikmusavat.com ”a açıqlamasında deputat Bəhruz Məhərrəmli deyib.
Onun sözlərinə görə, ilk növbədə, səfirliyin özünü insan haqları komissarı kimi aparması anlaşılmazdır.
“Ola bilsin ki, 30 ilə yaxındır terrorçu Fətullah Güləni himayə edən Vaşinqton İbadoğluya da özünün layihəsi kimi baxır. Lakin bu, Amerikanın Bakıdakı səfirliyinə Azərbaycanda cinayət mühakimə icraatı üzərində nəzarət mexanizmi kimi davranmaq hüququ vermir. Azərbaycanda cinayət təqibi qanunsuz təsiri istisna edən şəraitdə həyata keçirilir. Səfirliyin bəyanatından asılı olmayaraq istər qanunvericilik səviyyəsində, istər praktik müstəvidə bütün tədbirlər görülüb ki, nə İbadoğlu, nə digər bir şəxs qanunsuz və ya zərurət olmadan prosessual məcburiyyət tədbirlərinə, insan və vətəndaş hüquq və azadlıqlarının digər məhdudiyyətlərinə məruz qalmasın”, - o qeyd edib.
O əlavə edib ki, əgər ABŞ-ni insan haqları maraqlandırırsa, hər il polis zorakılığının qurbanı olan 1000-1200 ABŞ vətəndaşının taleyinə daha çox diqqət ayırsın, yaxud xarabazara qoyduğu bölgələrdə xalqların hüquqlarından başlasın: “Əgər ABŞ-ni məhz Cənubi Qafqazda insan haqları maraqlandırırsa, Ermənistanda həbsdə olan müxalifət liderləri və jurnalistlərlə bağlı bir kəlmə etiraz səsi ucaltsın, yaxud 30 il ərzində təməl hüquqlarından məhrum olan 1 milyondan artıq Qarabağ və Şərqi Zəngəzur sakininin səsini dinləsin, yaxud Qərbi Azərbaycandan didərgin salınan 300 mindən artıq soydaşımızın haqlarından başlasın. Lakin səfirlik bu məsələlərdə görməyən, eşitməyən lal müqəvvaya çevrilir. Çünki onları insan haqları yox, ayrı-ayrı regionlarda öz geosiyasi maraqlarını təmin etmək maraqlandırır və qrant hesabına istənilən tapşırığı yerinə yetirməyə hazır insanlar bu baxımdan ən yaxşı alətlərdən birinə çevrilir. Bu çərçivədə qrant verənlərin də, qrant pullarının birgə bölüşdürülməsində iştirak edən qurumların da Qubad İbadoğlunun həbsi səbəbindən narahatçılığı təbii və aydındır. Bu dairələri əsas narahat edən məqam ciddi siyasətçi və siyasi təşkilat rəhbəri kimi cəmiyyətə sırımaq istədikləri obrazın fiaskosudur. İbadoğlunun əməlləri məhkəmə qaydasında sübut olunarsa, bu əslində elə qrant sahiblərinin özlərinin iflası olacaq və qrant naminə hər şeyə hazır yeni bir obrazın yetişdirilməsi üçün təkrar sıfırdan başlamaq zərurəti meydana çıxacaq. Zaman isə Azərbaycanın xeyirinə işləyir.
Ümumiyyətlə, hər kəsə aydındır ki, Qubad İbadoğlu konkret ittihamlar üzrə təqsirləndirilir və onun ətrafında bəzi dairələrin iddia etdiyi kimi "süni siyasi ittihamlar" çənbəri formalaşdırmaq hökumət üçün lüzumsuz və maraqsızıdır. Birincisi, Azərbaycan hüquqi dövlətdir və bu ölkədə cinayət təqibi siyasiləşə bilməz, yalnız maddi və prosessual normalarla həllini tapır. İkincisi, AMİP-dən Müsavata, Müsavat Divanından ADR adlanan qeyri-legitim dərnəyə uğursuz transformasiyalarından başqa cəmiyyətdə heç bir siyasi fəaliyyəti ilə yadda qalmayan İbadoğlunun qanuni əsaslarla həbsə alınması, yaxud azadlıqda qalması hakimiyyət üçün nəyi isə dəyişmir. Hətta öz tərəfdaşları arasında konsensusa nail ola, öz məqsəd və hədəflərini müəyyən edə bilməyən, təşkilatı yalnız kütləvi istefalar dalğası ilə gündəmdə qalan birinin siyasi proseslərə hansı təsiri ola bilər? Bu mənada bir daha qeyd edilməlidir ki, İbadoğlunun həbsi siyasi məsələ deyil, konkret faktlar üzrə cinayət təqibi başlanıb, istintaqın gedişində də dövlətin aidiyyəti strukturlarının əsas hədəfi ondan ibarətdir ki, cinayət prosesinin hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi əsasında həyata keçirilməsi təmin olunsun”.
Mürtəza
Demokratikmusavat.com