"Muğan Bank" ASC 2023-cü ilin I yarım ilini 2,34 milyon manat xalis zərərlə bitirib. Bank 2022-ci ilin ilk yarısında 506 min manat xalis mənfəət açıqlamışdı.
"APA-Economics" bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
Hesabata görə, bankın faiz gəlirlərinin həcmi illik müqayisədə 11,8% artaraq 20,8 mln. manat təşkil edib. Bankın faiz xərcləri 19,3% artaraq 19,7 mln. manat olub. Nəticədə bankın xalis faiz gəlirləri 1,04 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 2,1 dəfə azdır.
Bankın qeyri-faiz gəliri 35,2% azalaraq 14,01 mln. manat, qeyri-faiz xərcləri isə 3,8% artaraq 16,3 mln. manat təşkil edib. Bankın xalis faiz gəlirlərinin və qeyri-faiz gəlirlərinin kəskin azalması onun əməliyyat mənfəətinə təsir edib. Belə ki, "Muğan Bank" 2023-cü ilin ilk yarımilini 1,3 mln. manat əməliyyat zərəri ilə bitirib. Halbuki bank ötən birinci yarısında 8,1 milyon manat əməliyyat mənfəəti açıqlamışdı.
Bank ilin əvvəlindən kiçilməyə başlayıb. Belə ki, 1 iyul 2023-ci il tarixinə bankın cəmi aktivləri 9,8% azalaraq 721,9 milyon manata enib. Kredit portfeli isə cüzi- cəmi 0,1% artaraq 447,8 milyon manata bərabər olub. "Muğan Bank"ın öhdəlikləri isə 18,4% azalaraq 576 milyon manata bərabər olub. Öhdəliklərdəki azalma bankın depozit portfelindəki kəskin azalma ilə bağlıdır. Belə ki, bankın depozit portfeli 97,9 milyon manat azalaraq ilin əvvəlindəki 491,7 milyon manatdan 393,8 milyon manata enib. İlin əvvəlindən əhalinin bankdakı depozitləri 52,7 milyon manat azalaraq 341,9 milyon manata enib, şirkətlərin (hüquqi şəxslər) bankdakı depozitləri isə 45,2 milyon manat azalatraq 97,1 milyon manata enib.
Hesabat dövrü üzrə bankın cəmi kapitalı 0,1% artaraq 93,3 milyon manat təşkil edib. İlin ilk yarısı üzrə 2,3 milyon manatlıq zərər ümumilikdə bankın bölüşdürülməmiş zərərini 23,6 milyon manatdan 25,9 milyon manata kimi artırıb.