Azərbaycan Prezidenti İlham Əliyevin “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumundakı çıxışı dünya mediasının diqqət mərkəzindədir.
AZƏRTAC xəbər verir ki, ABŞ-ın “The Associated Press” agentliyi və “New York Insider” xəbər portalı Şuşa Qlobal Media Forumunun keçirilməsinin əsas məqsədi, Prezident İlham Əliyevin tədbirdəki çıxışının əsas məqamları ilə bağlı yazılar dərc edib. Məqalələrdə bildirilib ki, Forum 4-cü Sənaye İnqilabının media sənayesinə transformativ təsirini araşdırmaq üçün dünyanın hər yerindən media mütəxəssislərini, hökumət rəsmilərini, vətəndaş cəmiyyəti nümayəndələrini və ekspertləri bir araya gətirib.
Xəbərlərdə diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Forumdakı çıxışında əsas mövzuları, o cümlədən yeni media sahəsində irəliləyişləri və Azərbaycanın regionda strateji əhəmiyyətini vurğulayaraq deyib: “Qabaqcıl texnologiyaların və rəqəmsallaşmanın geniş şəkildə tətbiqi ilə media mənzərəsi sürətlə inkişaf edir. Bu, həm yerli, həm də beynəlxalq media orqanları tərəfindən biznes modellərinin yenidən təsəvvür edilməsinə təkan verir. Azərbaycanda davam edən media islahatları medianın müasir standartlara uyğunlaşdırılmasına və qlobal tələblərə cavab verən kreativ ideyaların təşviqinə yol açıb”.
Birləşmiş Krallığın “Daily Trends” qəzetinin dərc etdiyi “Şuşa Qlobal Media Forumu: Dünyanın media liderləri arasında ilhamverici birlik” sərlövhəli xəbərdə bildirilib ki, tədbirin məqsədi qlobal media meyillərini təhlil etmək, milli imkanları gücləndirmək, beynəlxalq əməkdaşlığı inkişaf etdirmək və media sektorunda dördüncü sənaye inqilabi dövründə təqdim olunan çağırışları və imkanları araşdırmaqdır. Xəbərdə Prezident İlham Əliyevin əsas mövzularla, o cümlədən yeni media sahəsində irəliləyişlər və Azərbaycanın regionda strateji əhəmiyyəti ilə bağlı fikirləri yer alıb.
Rumıniyanın nüfuzlu KİV-ləri, “AGERPRES” milli xəbər agentliyi, “Ziare Live”, “Agerpres”, “news24hours” xəbər portallarında, “Ultima ora” qəzetində Azərbaycan Prezidenti İlham Əliyevin Forumda çıxışından əsas məqamlar dərc olunub. Məqalələrdə diqqətə çatdırılıb ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən Forum çərçivəsində Prezident İlham Əliyev 49 ölkədən 120 media qurumunu təmsil edən qonaqlarla görüşüb. Azərbaycan Prezidenti Cənubi Qafqazda vəziyyətin sabitləşdirilməsinin, davamlı sülhə nail olunmasının və təhlükəsizliyin təmin edilməsinin vacibliyini vurğulayıb.
Xəbərdə nəzərə çatdırılıb ki, tədbir iştirakçıları ilə görüşdə çıxış edən Azərbaycan Prezidenti ölkədə kütləvi informasiya vasitələrinin müstəqilliyinin cəmiyyətin inkişafı üçün ən vacib şərtlərdən biri olduğunu söyləyib. Media orqanları dövlətimizin başçısının söylədiyi “Ölkə daxilində heç bir təhlükə yoxdur, ölkədə sabitlik hökm sürür, cəmiyyətdə həmrəylik səviyyəsi həmişəkindən yüksəkdir, ölkənin iqtisadi inkişafı heyranedici şəkildə gedir. Azərbaycan iqtisadiyyatı özünü təmin edir. Biz öz resurslarımız hesabına özümüzü təmin edirik və yaxşı idarəetmə həyata keçiririk” fikirlərini ön plana çıxarıblar.
Pakistanın “DND” xəbər portalı da Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin səsləndirdiyi mühüm məqamlara diqqət çəkib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev Şuşada xarici KİV nümayəndələri ilə üç saatdan çox davam edən səmimi söhbətində onun rəhbərliyi altında Azərbaycana müstəsna iqtisadi yüksəliş, diqqətəlayiq ictimai-siyasi sabitlik, nümunəvi müdafiə və strateji uğurlar gətirən siyasi, inzibati və xarici siyasət fəlsəfəsini bölüşüb.
Albaniyanın “Agjencia Telegrafike Shqiptare” nəşrinin yaydığı xəbərdə Prezident İlham Əliyevin Forumda İkinci Qarabağ müharibəsindən sonrakı vəziyyətlə bağlı səsləndirdiyi fikirlər yer alıb. Xəbərdə diqqətə çatdırılıb ki, Prezident İkinci Qarabağ müharibəsində Qələbədən sonra Azərbaycanın və Türkiyənin münasibətlərinin rəsmiləşməsi, məşhur Şuşa Bəyannaməsindən bəhs edib. Azərbaycan dövlətinin başçısının Prezident Rəcəb Tayyib Ərdoğanla şəxsi dostluğu ilə bağlı fikirləri də diqqətə çatdırılıb: “Prezident Ərdoğanla şəxsi dostluğumuz, məncə, artıq təkcə regionda deyil, dünyada tanınır. Bu, həqiqətən də regional inkişafın və sabitliyin mühüm amilidir”.
Şuşa Qlobal Media Forumu ilə xəbərlər Rusiya mediasının da diqqət mərkəzindədir. Bu ölkənin rəsmi TASS agentliyi, habelə “Vestnik Kavkaza” xəbər portalı Prezident İlham Əliyevin Rusiya-Azərbaycan münasibətləri, Azərbaycanın Moskva ilə Vaşinqton arasında münasibətlərin bərpası üzrə danışıqlar məkanı ola biləcəyi barədə fikirləri yer alıb. Qeyd olunub ki, dövlət başçısı Moskva ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu, həmçinin konkret nəticələrə əsaslandığını bildirib.
Gürcüstanın “1tv.ge” saytı da Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunda Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstan arasında Qara dənizdə strateji əhəmiyyətə malik sualtı elektrik kabelinin çəkilməsi haqqında imzalanmış sazişin uğurla həyata keçirilməsi, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, cənubi Qafqazın regional inkişafı ilə bağlı fikirlərinə xüsusi yer verilib.
Hindistanın “BusinessLand” xəbər portalının yayımladığı materialda Prezident İlham Əliyev üç saatlıq iclasda sualları cavablandırarkən Qarabağ Zəfəri və postmüharibə dövrü ilə bağlı fikirlərinə xüsusi yer verilib. Sayt işğaldan azad olunmuş ərazilər və müharibə məsələlərinə toxunan Prezident İlham Əliyevin aşağıdakı fikirlərini oxucularının diqqətinə çatdırıb: “İkinci Qarabağ müharibəsi başa çatandan bu günədək təxminən üç il keçib, biz getdikcə daha çox sayda birbaşa bəyanatlar eşidirik ki, Qarabağ Azərbaycanın ərazisidir. İşğal dövründə belə bəyanatlar olsaydı, çox güman ki, İkinci Qarabağ müharibəsi başlamazdı. Təəssüf ki, uzun illər - 28 il ərzində Minsk qrupu çərçivəsində gedən danışıqlar heç bir nəticə vermədi. Ümumiyyətlə, həll üçün hər hansı düstur ortaya qoyulmadı”.
Şuşa Qlobal Media Forumu Moldova mətbuatının da gündəmində yer alıb. Belə ki, “Noi.md” və “Yam News” saytlarında yer alan yazılarda Prezident İlham Əliyevin regional inkişafın Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşmasından asılı olması barədə fikrinə yer verilib: “Biz Cənubi Qafqazda vəziyyəti sabitləşdirməliyik, dayanıqlı sülhə nail olmalıyıq, gələcək üçün təhlükəsizlik təmin edilməlidir. Həm qlobal məsələlərdə və xüsusilə bizim regionda Türkiyənin rolu çox önəmli və vacibdir, o, sabitləşdirici rol oynayır. Türkiyənin siyasəti regional təhlükəsizliyi və regional inkişafı təmin etməkdir və o rol həm Azərbaycanda, həm onun hüdudlarından kənarda çox yüksək qiymətləndirilir”.
Özbəkistanın “Daryo” xəbər portalında Azərbaycan Prezidentinin Cənubi Qafqazın inkişafı üçün mühüm əhəmiyyət kəsb edən amillərlə bağlı fikirləri dərc edilib. Bu baxımdan dövlət başçısının Azərbaycanın Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olması barədə fikri xüsusi vurğulanıb.
Misirin MENA xəbər agentliyinin saytında və nüfuzlu “Əl Əhram” qəzetində “Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərin inkişafının prioritet məsələ olduğunu bildirib” sərlövhəli məqalə dərc edilib. Yazıda diqqətə çatdırılıb ki, Şuşa Qlobal Media Forumunda iştirak edən dünyanın müxtəlif ölkələrindən gəlmiş jurnalistlərin suallarını cavablandıran Azərbaycanın dövlət başçısı uzun illər işğaldan əziyyət çəkən ölkəsinin sülhə və inkişafa nail olmaq istədiyini bildirib.
Məqalədə qeyd olunub ki, Misirin MENA agentliyinin müxbiri Məcid Şalkinin mina təhlükəsizliyi ilə bağlı sualını cavablandıran Prezident İlham Əliyev müharibə bitəndən sonra minaların azad olunmuş ərazilərdə üç yüzdən artıq insanın həyatına son qoyduğunu və ya onları ağır şəkildə yaraladığını deyib. O vurğulayıb ki, bu, müharibə cinayətidir və həmin minaların xəritəsini təqdim etməyən Ermənistan Azərbaycana qarşı terroru davam etdirir.
“Belbaladi” və “Əl Hərir” informasiya portallarında dərc olunan materiallarda qeyd edilib ki, Forumda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev medianın insanların maarifləndirilməsi və onların problemlərinin həllində mühüm rol oynadığını söyləyib. Azərbaycanın dövlət başçısı, həmçinin ənənəvi media ilə yanaşı, sosial medianın da mühüm rolunu qeyd edib.
Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Şuşa Qlobal Media Forumunda mühüm qlobal və regional məsələlərə toxunub. Prezident Türkiyənin İkinci Qarabağ müharibəsində Azərbaycanın yanında olması, rəsmi Bakının Moskva ilə münasibətləri, Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi, müharibədə qazanılmış Qələbədən sonra regionda yaranmış yeni reallıqlar, Ermənistanın mina terroru və sülh prosesi kimi məsələlərdən bəhs edib. Prezident İlham Əliyev vurğulayıb ki, Ermənistan Azərbaycana qarşı hər hansı ərazi iddialarından imtina etsə, sülh sazişinin bu ilin sonuna qədər imzalanması mümkündür. Lakin bu, olmasa, o halda sülh olmayacaq. Bu isə bölgə üçün yaxşı ssenari deyil, sabitlik, təhlükəsizlik bəxş etməyəcək. Eyni zamanda, çox həssas geosiyasi vəziyyəti nəzərə alaraq gələcəkdə də çətinliklər yaradacaq.
Kanadanın “Digital Journal”, Fransanın “France11”, İspaniyanın “Informe Espana”, Belarusiyanın “SB-BY” eləcə də digər xarici KİV-lərdə də yayımlanan materiallarda qeyd edilib ki, Şuşa Qlobal Media Forumunda mühüm qlobal və regional məsələlərə toxunub. Xəbərlərdə 49 ölkədən 200-dək xarici qonağın qatıldığı Şuşa Qlobal Media Forumunun əhəmiyyəti qeyd olunub, bu mötəbər tədbirin açılış mərasimində Azərbaycan Prezidentinin iştirakı və dövlətimizin başçısının fikirləri diqqət mərkəzində saxlanılıb.