Qanunsuz şəkildə Qarabağa gələn və Azərbaycan torpaqlarında separatçılıq fəaliyyəti göstərən rusiyalı milyarder Ruben Vardanyan yenidən aktivləşib. Bildirib ki, Azərbaycanın Qarabağdakı erməni əhalisinin təminatının həyata keçirmək təklifindən imtina edirlər. Və bunu erməni əhalisinin adından elan edib.
Sual yaranır: Vardanyan kimdir, ona Qarabağdakı erməni əhalinin adından danışmaq hüququnu kim verib?
Rusiya tərəfindən Qarabağa göndərilən Vardanyanın əsas məqsədinin Azərbaycana qarşı təxribat fəaliyyəti olduğu sirr deyil. O, bölgədə Moskvanın xüsusi tapşırığı ilə hərəkət edir və bunu separatçı rejimin qondarma “dövlət naziri” kimi həyata keçirirdi. Azərbaycanın həyata keçirdiyi siyasət nəticəsində Vardanyan “əyləşdiyi taxt”dan endirildi, lakin o, bölgəni tərk etmədi və başına topladığı dəstəsi ilə təxribatlarına davam edir. Vardanyanın bölgəni tərk etməməsi missiyasının başa çatmamasından qaynaqlanır.
Bu missiya ona Rusiya tərəfindən həvalə edilib. Əsas məqsəd erməni əhalisinin Azərbaycana reinteqrasiyasının qarşısını almaq üçün bölgədə təxribat toxumu səpmək, sülh prosesinin qarşısını almaqdır. Onun Qarabağdakı erməni əhalinin adından danışmağa isə heç bir əsası yoxdur. Göründüyü kimi, ona bu “hüququ” Rusiya verib, hərçənd, Rusiyaya da erməni əhalisinin gələcəyi ilə bağlı qərar vermək, onların adından danışmaq hüququ verilməyib.
Buna baxmayaraq, Ruben Vardanyan üzərindən Azərbaycanın erməni əhalisi ilə təmaslarının qarşısını almaq istiqamətində təxribatçı addımlar atılır. Vardanyanın Qarabağa ərzaq və digər təminatın çatdırılması üçün “xüsusi hava dəhlizi”nin yaradılması iddiasını ortaya atması da əslində Rusiyanın sifarişi olduğu sirr deyil. Moskva bununla Bakının təklifini baltalamaq və separatizm üzərindən həyata keçirdiyi siyasəti davam etdirmək istəyir.
Halbuki, “xüsusi hava dəhlizi” iddiası nəinki hüquqi, praktiki olaraq da qəbuledilməzdir.
Birincisi, Qarabağ Azərbaycan ərazisidir və Bakının icazəsi olmadan nə quru, nə hava dəhlizi yaradıla bilər;
İkincisi, hava dəhlizi yalnız heç bir yerdən köməyin edilməsi mümkün olmayan ərazilərdə yaradıla bilər, Qarabağda isə belə vəziyyət yoxdur: rəsmi Bakı erməni əhalisinin bütün ehtiyaclarının Azərbaycan ərazisindən həyata keçirilməsi təklifini irəli sürüb;
Əgər məqsəd doğrudan da erməni əhalisinin təminatıdırsa, Azərbaycanın təminat təklifi qəbul edilməlidir. Azərbaycanın təklifini bloklamaq və “humanitar fəlakət” iddialarını irəli sürmək beynəlxalq ictimai rəyi aldatmaqdan başqa bir şey deyil.
Və bir daha məlum olur ki, Vardanyan kimilər və onların arxasındakı qüvvələrin məqsədi erəni əhalisinin təminatı yox, öz siyasi və şəxsi maraqlarını təmin etməkdir. Erməni əhalisinin humanitar ehtiyacları üzərindən maraqlarını təmin etməyə çalışırlar. Lakin belə cəhdlər baş tutmayacaq. Azərbaycan öz suveren ərazisində nə belə təxribat fəaliyyətlərə, nə də mülki əhalinin hüquq və təhlükəsiziyinin pozulmasına imkan verməyəcək.(axar.az)