İran geri çəkilir - Zəngəzur dəhlizi ilə bağlı razılaşma

 

“Sentyabrda Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti bərpa edilə bilər”.

Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun fikrincə, İranla Azərbaycan arasındakı diplomatik gərginlik anlaşma mərhələsinə keçir:

“Hesab edirəm ki, İran xarici işlər naziri Abdullahiyanın son Bakı səfərində əlaqələrin normallaşdırılması istiqamətində müəyyən məsafə qət edilib. Tehrandakı rejim Azərbaycana qarşı təzyiqin nəticə vermədiyini, daha doğrusu, əks-effekt verdiyinin fərqinə varıb. Tehran yaratdığı gərginliyin İran üçün arzuolunmaz nəticələrə gətirib çıxardığını gördü.

Azərbaycanın əlaqələrin normallaşması üçün İrandan tələbləri var. Birinci, səfirliyə hücum terror aktı kimi Tehran tərəfindən kimi qəbul etməli və obyektiv istintaq aparılmalıdır. İkincisi, molla rejimi Azərbaycana qarşı hibrid və informasiya müharibəsinə son qoymalıdır. Üçüncüsü, SEPAH ölkəmizə qarşı hərbi təhdidlərini və Tehran Zəngəzur dəhlizi ilə bağlı spekulyasiyanı dayandırmalıdır. Görünən budur ki, Tehrandakı rejim müəyyən şərtlərlə razılaşıb. Xüsusilə, Zəngəzur dəhlizi ilə bağlı Tehranla müəyyən ortaq məxrəcə gəlindiyi qənaətindəyəm”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, normallaşma prosesinin davamı olaraq, sentyabrda Azərbaycanın İrandakı səfirliyi yenidən açıla bilər:

“Əlbəttə, bu, Bakının tələb və şərtlərinin nə qədər yerinə yetirilib-yetirilməməsindən asılı olacaq. Tehrandakı rejim hesab edirdi ki, Azərbaycan təhdidləri qarşısında geri çəkiləcək. Bu olmadı, əksinə, bu təhdidlər Azərbaycanı İrandan gələn və gələ biləcək təhdidlərə qarşı daha gücləndirdi. Hesab edirəm ki, Azərbaycan İranla diplomatik savaşdan qalib çıxdı. Azərbaycan son üç ildə Ermənistanı hərbi, İranı da diplomatik məğlubiyyətə uğratdı. Çünki haqlı tərəf bizik. Son gərginlikdən ən çox zərər görən İran Azərbaycanla normal münasibətləri saxlamağa məcbur olacaq”.
Mənsur Rəğbətoğlu


0.13588380813599