Albaniya Prezidenti və xanımı Heydər Əliyev Mərkəzi ilə tanış olublar

 

20:07:33Azərbaycan Respublikasında rəsmi səfərdə olan Albaniya Respublikasının Prezidenti Bayram Beqay və birinci xanım Armanda Beqay iyulun 7-də Heydər Əliyev Mərkəzində olublar.

Demokratikmusavat.com xəbər verir ki, Mərkəzin direktoru Anar Ələkbərov Albaniya Prezidenti Bayram Beqaya dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verib.

Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib. Mərkəzin həyata keçirdiyi layihələr, həmçinin Azərbaycan tarixinin, mədəniyyətinin və digər milli sərvətlərinin beynəlxalq aləmdə təbliğinə xidmət edir.

Albaniya Prezidenti Bayram Beqay Mərkəzdə 1969-cu ildən 2003-cü ilədək Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərlə tanış olub.

Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi Albaniya Respublikasının Prezidenti Bayram Beqayda böyük maraq doğurub.

Qonaqlar “Azərbaycan inciləri” sərgisi ilə tanış olublar. Bildirilib ki, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu sərgidə ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı eksponatlar nümayiş etdirilir. Azərbaycan milli geyimlərinin, qədim sikkələrin nümayiş etdirildiyi sərgiyə gələnlər burada müxtəlif dillərdə müqəddəs kitabları da görə bilərlər.

Prezident Bayram Beqay və birinci xanım Armanda Beqay "Kukla incəsənətdə” sərgisinə baxıblar. Diqqətə çatdırılıb ki, ekspozisiyada nümayiş etdirilən sənət nümunələrinin əksəriyyəti tək nüsxədə hazırlanıb və yüksək bədii dəyərə malikdir. Həmin əsərlərin çoxu beynəlxalq kukla festivallarının qalib olub.

Qonaqlar “Azərbaycan xalçası - ilmələrin rəqsi” adlı kolleksiya ilə də tanış olublar. Bayram Beqay və Armanda Beqay Heydər Əliyev Mərkəzində “Klassik avtomobil sərgisi”ni ziyarət ediblər. Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov diqqətə çatdırıb ki, sərgidə avtomobilin yarandığı ilk dövrlərdən - XIX əsrin sonlarından başlayaraq Almaniya, ABŞ, İtaliya, Fransa, Böyük Britaniya və keçmiş SSRİ-də istehsal olunmuş avtomobillər nümayiş etdirilir.

Ali qonaq Mərkəzin xatirə kitabına ürək sözlərini yazıb.

Sonda qonağa xatirə hədiyyəsi təqdim edilib.

 

0.27861309051514