Xalq hakimiyyəti yaradır, ya hakimiyyət xalqı?! Düşünürəm ki, maraqlı və möhtəşəm sualdır. Fəlsəfə üçün " Materiya ruhu yaradıb, ya ruh mayeriyanı?!", təbiət üçün "Toyuq əvvəl yaranıb, ya yumurta" məsələləri nə qədər əhəmiyyətlidirsə cəmiyyət üçün də bu məsələ o qədər qiymətlidir. Hətta o qədər qiymətlidir ki, cəmiyyətdə ziyalı deyəndə, xalq – hakimiyyət qarşıdurmasında xalqın tərəfində olan intelektuallar, yəni işıqlı adamlar başa düşülür.
Qədim dövrün məşhur filosofları və sosioloqları hələ orta əsrlərdə deyirdilər ki, hər hakimiyyət öz xalqına layiqdir, xalq necədirsə, hakimiyyət də elədir, yəni, hakimiyyət xalqın yetirməsidir. Deməli, xalq nə qədər inkişaf edibsə, irəli gedibsə, ya geri qalıbsa, yerində sayıbsa, onun hakimiyyəti də elədir, həmin səviyyəlidir. Amma kiçik bir məntiqi təhlil aparsaq, görərik ki, bu tezis adi tənqidə belə davam gətirmir.
Götürək, yaxın keçmişin Qərbi və Şərqi Almaniyasını. Faktiki olaraq, xalq eyni xalq idi, amma hskimiyyətlər müxtəlif idi. Qərbdə demokratik, Şərqdə isə partokratik rejimlər hakimiyyətdə idi. Nəticəsi necə oldu, eyni xalq eyni hakimiyyəti yaratdımı?! Əksinə hər hakimiyyət öz xalqını, hətta öz ölkəsini yaratdı. Sovetlər İttifaqı yıxılmasaydı, Qərbi və Şərqi Almaniya yəqin hələ də qalırdı. Şimali və Cənubi Koreya nümunəsi də göz qabağındadır. Xalq eyni xalqdır, amma hakimiyyətlər başqadır, hər hakimiyyət də öz xalqını yaratmışdır, Cənub azadlıq, Şimal isə qullar dünyasıdır.
Qeyd etmək lazımdır ki, məşhur filosoflar – fransız Şarl Monteskyu (XVIII əsr) və ingilis Herbert Spenser (XIX əsr) xalq - hakimiyyət məsələsinə hələ yüz illər əvvəl aydınlıq gətirmişdilər. Monteskyu “Qanunların ruhu haqqında“ əsərində hakimiyyətin bir əldə və uzun müddətdə cəmlənməsinin çox təhlükəli olduğunu əsaslandırmış və bunun qarşısını almaq üçün hüquqi dövlət (hamının qanun qarşısında bərabər olması) və hakimiyyətin 3 (icra, qanunvericilik və məhkəmə) yerə bölünməsi nəzəriyyəsini hazırlamışdı. Monteskyu bu halda monarxiyanın da (Fransa da monarxiya idi) qanuna xidmət edəcəyini, dövləti şəxsiyyətə pərəstişdən xilas edəcəyini vurğulamışdı. Tarix filosofun haqlı olduğunu göstərdi, Avropanın konstitusiyalı monarxiyaları göz önündədir. Monarxiyanı isə, məlum olduğu kimi, xalq yaratmır, monarxiya öz xalqını yaradır və idarə edir.
Spenser " Xalq hakimiyyətə qarşı" əsərində İngiltərənin tarixi təcrübəsində sübut etdi ki, rejimindən asılı olmayaraq - monarxiyalı, ya monarxiyasız hər hansı dövlətin inkişafı hakimiyyətin imtiyazlarının daralması və cəmiyyətin hüquqlarının genişlənməsi istiqamətində getməlidir. Bu, faktiki olaraq, sonsuz bir prosesdir. Son nəticədə, hakimiyyətin imtiyazları nə qədər az, cəmiyyətin hüquqları nə qədər çoxdursa, həmin dövlət (məsələn, İngiltərə, Fransa) də, bir o qədər inkişaf etmiş dövlətdir. Doğrudur, bu prosesin hərəkətverici qüvvəsi xalqdır, cəmiyyətdir, amma xalqı hakimiyyət, onun lideri idarə edir. Hakimiyyət bu prosesi istədiyi kimi ləngidə və sürətləndirə, hətta idtiqamətini dəyişə və geri çəkə bilər.
Deməli, hakimiyyət, onun başında duran şəxsiyyət xalqı istədiyi istiqamətdə apara, istədiyi kimi formalaşdıra bilər. Atilla kimi, İskəndər kimi, Çingizxan kimi... Bu şəxsiyyətlər olmasaydı, onların xalqları da olmazdı, ən azı, adları tarixə yazılmazdı. Deməli, Fridrix Nitşe haqlıdır, tarixi xalqlar yox, şəxsiyyətlər yaradır, liderlər yazır. Çünki liderlər xalqları arxasınca aparır, faktiki olaraq, öz xalqını yaradır. Məsələn, Vladimir Putin hakimiyyətdə olduğu 20 ildə elə bir xalq yaradıb ki, çörəyini kəssən də, övladlarını qırğına versən də, səsi gəlmir, hətta Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləyir.
Bəli, xalqın tarixə qalib, ya məğlub kimi düşməsi, hətta birdəfəlik tarixin səhnəsindən silinməsi şəxsiyyətin, liderin siyasətindən, hakimiyyətindən asılıdır. Məsələn, Atatürk olmasaydı, Türkiyə Cumhuriyyəti, Heydər Əliyev olmasaydı, Azərbaycan Respublikası olardımı, tarixdə qalardımı?! Düşünürəm ki, şərhə ehtiyac yoxdur, yenə həmin nəticəyə gəlirik: Xalq hakimiyyəti yaratmır, hakimiyyət xalqı yaradır...
Qalib ARİF
"Demokratikmusavat.com"