Xorvatiyanın “Dinamo” klubu Azərbaycan millisinin futbolçusu Mahir Emrelini yenidən icarəyə verə bilər.
“Report”un “vecernji.hr” saytına istinadən məlumatına görə, bu, 26 yaşlı hücumçunun yay təlim-məşq toplanışındakı performansından asılı olacaq.
Baş məşqçi İqor Bişçan iyunun 19-da başlayacaq hazırlığa bir neçə gəncin, eyni zamanda, ötən mövsümü başqa klublarda icarədə keçirən futbolçuların cəlb edilməsini istəyib. Emreli də daxil olmaqla, bir neçə oyunçu hazırlıq dönəmində yoxlama görüşlərində baş məşqçinin etimadını doğrultmalıdır. Əks təqdirdə, azərbaycanlı forvardın yenidən icarəyə verilməsi gündəmə gələcək.
Baş məşqçi sınaq dönəminin sentyabra qədər davam edəcəyini bildirib. O, yeni transferlərin məhz heyətdə yer alanlardan asılı olacağını söyləyib.
Qeyd edək ki, Mahir Emrelinin Zaqreb təmsilçisi ilə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir. O, ötən mövsümün ikinci dövrəsini icarə əsasında Türkiyə klubu “Konyaspor”da keçirib.