Mürəkkəb beynəlxalq siyasi və iqtisadi münasibətlər fonunda Azərbaycan ön plana çıxır – ŞƏRH

 

Soyuq müharibə illərindən sonra beynəlxalq münasibətlər heç vaxt bu qədər gərgin və mürəkkəb olmayıb. Qütbləşmə dərinləşir, bloklaşma, rəsmi və qeyri-rəsmi ittifaqların yaranması prosesi geniş vüsət alıb. Buna baxmayaraq, Azərbaycan, Türkiyə və Pakistan arasında strateji əməkdaşlıq ən yüksək həddə çatıb. İsraili də bu sıraya əlavə edə bilərik. Bundan əlavə, Türkiyə və Azərbaycanın öncüllüyündə Türk Dövlətləri Birliyinin rolu və əhəmiyyəti xeyli artıb.

Bunu Demokratikmusavat.com -a açıqlamasında "İslahatçı Gənclər" İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib.

O qeyd edib ki, Azərbaycan təkcə regionda deyil, Yaxın Şərqdə və Avropada söz sahibi olan ölkələrdən birinə çevrilib. Dünyanın ən mötəbər tribunalarında Azərbaycanla yaxın iqtisadi münasibətlər qurmağı vacib hesab edən çağırışlar daha tez-tez eşidilir. Bir-birinin ardınca Azərbaycan paytaxtına edilən yüksək səviyyəli səfərlər də bunu təsdiqləyir.

“Son olaraq dünyanın iki sayılıb-seçilən dövlətinin – Türkiyə və Pakistan liderlərinin Bakıdakı görüşləri də deyilənləri təsdiq edir. Bu səfərlərin yekunlarından belə bir qənaətə gəlmək olur ki, yaxın gələcəkdə bu çox ciddi siyasi və iqtisadi “üçbucaq” beynəlxalq proseslərə əhəmiyyətli dərəcədə təsir edə biləcək bir mexanizmə çevriləcək”, - deyə siyasi şərhçi vurğulayıb.

0.17917585372925