CAR-da vəbadan ölənlərin sayı 30-u keçib

 

Cənubi Afrika Respublikasında (CAR) fevral ayından bəri vəba xəstəliyinin alovlanmasında ölənlərin sayı 31 nəfərə çatıb.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə “Eyewitness” radiostansiyası yerli orqanlara istinadən məlumat yayıb.

Qautenq əyalətində vəbadan 29 ölüm, Fri Steyt və Mpumalanqa əyalətlərində 1 ölüm qeydə alınıb. CAR-da ümumilikdə 166 laboratoriya tərəfindən təsdiqlənmiş yoluxma halı aşkar edilib, daha 202-si isə həkimlər tərəfindən yoxlanılır.

Qeyd edək ki, rəsmilər daha öncə 22 nəfərin öldüyünü açıqlamışdı.

Ölkənin Prezidenti Siril Ramaposa cümə axşamı günü epidemiyanın episentrinə çevrilmiş Hammanskraaleyə baş çəkib.

“İçməli su ilə bağlı problemlər uzun müddətdir Hammanskraale sakinlərinin şikayətlərinə səbəb olub. Hökumət adından sizi məyus etdiyimizə görə üzr istəmək istəyirəm”, - dövlət başçısı qeyd edib.

Prezident bildirib ki, yerli orqanlar vəba epidemiyası ilə mümkün qədər tez mübarizə aparmaq üçün bütün lazımi tədbirləri görür.

Xatırladaq ki, CAR Afrikada vəba hallarının qeydə alındığı yeganə ölkə deyil. 2022-ci ilin yazında Afrikanın cənubunda başlayan hazırkı epidemiyanın episentri Malavidədir. Bu il xəstəliyin epidemiyası qitənin cənub və qərbində yerləşən 14 ölkədə qeydə alınıb. Ən çox xəstələr Malavi (58,8 min) və Mozambikdədir (26 min).

0.1590211391449